Azərbaycan alimləri ilə birgə bu əraziyə dair əməkdaşlığı zəruri hesab edirəm
{nl}
Yaşadığım Cənubi Kaliforniya dünyada Buz dövrünə aid fauna və flora qalıqlarının ən çox yayıldığı ərazilərdən biridir. Los-Ancelesdə yerləşən Ranço La Brea (qətranlı heyvandarlıq ferması) adlı yer bunu sübut edən faktların sırasına daxildir. O, vaxtilə 18 kvadratkilometrlik sahəni əhatə edib və cənubdakı kənar xətti boyu mövcud olmuş qır sahəsinə görə bu cür adlandırılır.
Ranço La Breadan aşkarlanmış sümüklər barədə ilk elmi məqalə 1875-ci ildə dərc edilib. 1924-cü ildə həmin ərazinin sahibi olan Hankok ailəsi onun 10 hektarını Los-Anceles dairəsinə hədiyyə edib. Buradan aşkarlanmış sümüklər əvvəlcə Los-Anceles Dairəsi Muzeyində yerləşdirilib. Sonralar eksponatlar 1977-ci ildə Los-Ancelesin mərkəzindən 11 kilometr qərbdə Ranço La Brea qətran çalalarının sahəsində tikilmiş Corc C. Peyc Muzeyinə köçürülüb. Muzeyin kolleksiyaları 3 milyon 5 yüz min nümunədən ibarətdir və onlar 600 heyvan və bitki növünün qalıqlarıdır. Bütün bu fauna və flora növləri 11-50 min il bundan qabaq qır gölünə düşüb qalmışlar. Onların bəzilərinin skeletləri və digər təsvirləri bərpa edilib. Tapıntılar Buz dövründə indiki Los-Ancelesdə təbiətin necə olduğu barədə məlumatlar verir. Hazırda ilkin qazıntıların aparıldığı yerlər Corc C. Peyc Muzeyinin həyətində park şəraitində açıq hava altında nümayiş etdirilir.
Üst Pleystosen dövründə Cənubi Kaliforniyanın iqlimi indikinə nisbətən daha sərin və rütubətli olub. Mamont, bizon, at və dəvə sürüləri yovşanlı kol-koslarda gəzib-dolaşıblar. Mastodont (xortumlu iri heyvan - S.H.), ərincək meymun, tapir (təkdırnaqlı məməlilər fəsiləsindən - S.H.) və pekarilər (vəhşi Amerika donuzu - S.H.) gölün sahili boyunca yerləşmiş meşəliklərdə məskən salıblar. Onlar vəhşi canavar, qılınc dişli pişik, nəhəng yaquar (Cənubi Amerika pələngi - S.H.) və gödəksifət yekəpər ayıların ov hədəfi olublar.
Ranço La Brea kolleksiyası qeyri-adi xarakterə malikdir. Qır yataqlarından aşkar olunmuş məməlilərin 80 faizindən çoxu quşların, 70 faizindən çoxu isə yırtıcıların qurbanlarıdır. Buradan aydın olur ki, qır gölü amansız tələ rolunu oynayıb. Belə ki, qır çox yapışqandır və göldə bir neçə santimetr dərinlik kifayət edir ki, hətta dəvə və at kimi iri heyvanları hərəkətsiz vəziyyətə salsın. Ot yeyən heyvanlar isə su içmək üçün gölə gələrək, qırın üzərində asan yem kimi görünən qurbanların sayını artırıblar. Yırtıcı və leş yeyən heyvanlar onlara hücum etdikdə özləri də yapışaraq məhv olublar.
Bilirəm ki, eyni ilə belə bir ərazi Azərbaycanın paytaxtı Bakıda da vardır. O, Binəqədi fauna və flora qəbiristanlığı adlanır və dünyanın ən qədim bu qəbil ərazilərindən biridir. Onun tapıntıları Son Pleistosendən qabaqkı dövrə - təxminən 190 min il bundan əvvələ aiddir. Ranço La Breada Avrasiya və Cənubi Amerikadan gəlmiş heyvanların qalıqları tapıldığı kimi, Binəqədi kolleksiyasında da Avrasiya və Afrikadan olan nümunələr mövcuddur.
Zəngin təbiət xəzinəsi olan Ranço La Breadan tapılmış sümüklərin tədqiqi 3 mərhələdə aparılıb. Birinci mərhələ 1913-cü ildə başlayıb. O vaxt yenicə tikilmiş Los-Anceles Dairəsi Muzeyi qır gölündə böyük həvəslə ikiillik qazıntılara qurşanıb. Həmin müddətdə muzeyin əməkdaşları 100-dən çox fərdi qazıntılar aparıb və təxminən 1 milyon sümük aşkarlayıb. Ümumi tapılanlar 11 min il bundan əvvəl başlayan və 50 min il bundan əvvələ qədər davam edən dövrdə yaşamış 300 heyvan və bitki növünü əks etdirir. Qeyd edim ki, bu muzeydə nümayiş etdirilən ümumi skeletlərin əksəriyyəti qazıntıların birinci mərhələsində aşkarlanmışlardır.
İkinci mərhələ 1969-2007-ci illəri əhatə edir. Bu zaman 91 nömrəli çalada qazıntılar aparan Los-Anceles Dairəsi Muzeyinin məqsədi yalnız iri yox, bütün qalıqları aşkarlayıb bərpa etmək idi. Bu işlər nəticəsində növbəti 350 növ heyvan və bitki qalıqları kolleksiyaya əlavə edilmişdir. Bu gün Corc C. Peyc Muzeyindəki bitki, həşərat və molyusk növlərinin əksəriyyəti məhz bu qazıntıların məhsuludur və 27 min il bundan əvvəl indiki Los-Angelesdə yaşamış fauna və floranı ətraflı təsəvvür etməyə imkan verir. Lakin 91 nömrəli çalanı tam qazıb qurtarmadıq və işlərin müəyyən hissəsi üçüncü mərhələ üçün saxlanılmışdır.
Nəhayət, "İyirmi üç" layihəsi adlanan üçüncü mərhələ iki il bundan əvvəl başlamışdır. Belə ki, Los-Anceles Dairəsi İncəsənət Muzeyi Ranço La Brea qətran çalalarına yaxın ərazidə avtomobillər üçün yeraltı dayanacaq tikməyə başlayanda 16 yeni qalıqlar yatağı aşkarlanmışdır. Bu yataqlar tədqiq olunmaq üçün 23 nəhəng taxta qutuda toxunulmamış vəziyyətdə Corc C. Peyc Muzeyinin həyətinə köçürülmüşdür. Bu səbəbdən əməliyyatlar "İyirmi üç" layihəsi adlandırılmışdır. Yataqlar 20 min il bundan qabaq - Son Buz dövrünün ən soyuq və sonradan başlayaraq bu günə qədər davam edən istiləşmənin Los-Anceles regionuna təsirini öyrənməyə imkan verir. İndiyəcən 5 taxta qutuda qazıntılar tamamlanıb, əlavə ikisində isə davam edir. Nəticədə hələlik 16 min tapıntı əldə olunmuşdur. Onlar 80-dən çox heyvan və bitki növünə aiddir. Bütün qutulardakı materiallar laboratoriyada işlənildikdən sonra tapıntıların və növlərin sayının artacağı gözlənilir.
Yerli amerikalılar bu qırdan yapışqan və su keçirməyən inşaat materialı kimi istifadə ediblər. Erkən avropalı gəlmələr isə onu evlərində odun əvəzi yandırıb və evlərin damlarına yaxıblar. Sakinlər qırı qazdıqları zaman qarşılarına çıxan qədim sümükləri, elmi əhəmiyyətini anlamadan tullayıblar. Nəticədə saysız-hesabsız sümük məhv olub.
Budəfəki bəzi tapıntılara əvvəlki qazıntılarda rast gəlməmişdik. Onlar yarpaq qalaqları, yosun topaları, həşərat, toxum və balıqqulağı dəstələridir. Bu tapıntıların növləri hələ müəyyən edilməmişdir.
"İyirmi üç" layihəsi zamanı mamont, nəhəng yaquar, dəvə, uzunquyruq gəlincik (dələ fəsiləsindən olan kiçik yırtıcı heyvan - S.H.), bala mastodont və bir neçə qılınc dişli pişik balasının bütöv halda olan skeletləri aşkar edildi. Bu, bizim üçün çox önəmli oldu. Çünki əvvəlki qazıntılarda tapdığımız heyvanların sümükləri qırın içində çox qarışdığına görə skeletlərin əksəriyyəti eyni növlü müxtəlif heyvanların sümüklərindən quraşdırılmışdır. Baxmayaraq ki, Ranço La Breadan indiyəcən tapılmış sümüklərin sayı 1 milyondan çoxdur, Corc C. Peyc Muzeyində yığma olmayan, yəni orijinal skeletlərin sayı yenə də lap azdır. Hətta "İyirmi üç" layihəsindən əvvəl onlar barmaqla sayılırdı.
"İyirmi üç" layihəsi ilə əlaqəli 16 qırlı yatağın necə əmələ gəldiyini öyrənmək bu gün bizə çox maraqlıdır. Əvvəlki qazıntılardan məlumdur ki, yapışqan qır yerin səthinə torpağın altındakı neft yığınlarından sızmışdır. Ona üst-üstə yapışıb qalmış heyvanlar müəyyən müddət ərzində iri və konusvari sümük qalaqları əmələ gətirmişlər. Lakin "İyirmi üç" layihəsi nəticəsində aşkarlanmış qırlı yataqların tipi fərqlidir. Onların bəziləri nazik və yastı formadadır. Digərlərində isə sümüklər sanki boru şəkilli bir yerə və ensiz, həm də nisbətən kiçik yarığa dürtülmüşlər. Bu yataqların necə əmələ gəldiyini öyrənmək gələn və ya o biri ildə aparılacaq tədqiqatların hədəfidir.
Binəqədidəki kimi, Ranço La Brea fauna və flora qəbiristanlığının da əksər hissəsi hazırda Los-Ancelesin mağaza, ofis və yaşayış binaları, o cümlədən Hollivud və Beverli Hillzin tikililərinin böyük bir hissəsinin altındadır. Bu gün Ranço La Breanın yalnız 10, Binəqədi fauna və flora qəbiristanlığının isə 1,5 hektarlıq hissəsi elm üçün zəngin xəzinə olaraq qorunur. Ranço La Brea Binəqədidəki oxşarından fərqli olaraq unikal park kimi istifadə edilir. Bu gün Corc C. Peyc Muzeyinın həyətində yerləşən Ranço La Brea parkına yerli və xarici ziyarətçilərin axınının arası kəsilmir. Muzey hər il 4 yüz mindən çox ziyarətçini heyran edir.
Los-Anceles və Azərbaycan alimlərinin hər iki fauna və flora qəbiristanlıqları üzrə əməkdaşlığı çox önəmlidir. Azərbaycanda Binəqədidən tapılmış sümüklərin qırdan təmizlənməsi üsulu indiyəcən bizə məlum deyildi. Lakin 2010-cu ilin dekabrında ABŞ-ın populyar "Natural History" (Təbiət tarixi) jurnalında Binəqədi fauna və flora qəbiristanlığı barədə məqalə dərc olunduqdan sonra bu təcrübənin bizim üçün də faydası oldu. Əminəm ki, bir-birimizdən öyrənməli olduğumuz daha çox məsələlər vardır. Hər iki ərazinin və onlara məxsus nümunələrin saxlanma qaydalarının oxşar və fərqli cəhətlərini öyrənmək də çox maraqlı olardı. Elm üçün maraqlı suallardan biri odur ki, görəsən, dünyanın bir-birindən tam fərqlənən bu iki ərazisi Buz dövründə nə kimi özəlliklərə malik olublar?
Yeri gəlmişkən, Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutunun mətbuat katibi Səid Hüseynovla birgə müəllifi olduğum "Natural History" jurnalındakı məqalə Binəqədi fauna və flora qəbiristanlığını çox geniş oxucu auditoriyasına təqdim etdi. ABŞ oxucularının əksəriyyəti Ranço La Brea qətran çalalarına bələddir. Amma onlar bilmirdilər ki, belə bir yer dünyanın digər ərazisində də vardır. Məqalə bir alim kimi, şəxsən mənim də gözümü açdı və o qədər də çox tanınmayan Binəqədi fauna və flora qəbiristanlığının elmi potensialı barədə düşündürdü.
İnanıram ki, Binəqədidəki ərazi də dünya marağına layiqdir və onun park-muzey halında təkmilləşdirilməsi çox faydalı ola bilər. Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutunun direktoru, AMEA-nın vitse-prezidenti, paleontoloq akademik Akif Əlizadə sözügedən məqalədə ABŞ alimlərini Binəqədidə Azərbaycan alimləri ilə birgə tədqiqatlar aparmağa dəvət edir. Mən bu müraciətdən çox məmnunam və ümid edirəm ki, yaxın gələcəkdə ABŞ alimləri və H.Zərdabi adına Təbiət Tarixi Muzeyinin tədqiqatçıları Binəqədidə birgə tədqiqatlara və təcrübə mübadiləsinə başlaya biləcək. Ona da ümid edirəm ki, Binəqədi fauna və flora qəbiristanlığı Ranço La Brea parkı kimi, həm turizm, həm də elmi tədqiqatlar baxımından mühüm obyektə çevriləcəkdir.
{nl}
Con M. HARRİS, Los-Ancelesin Corc C. Peyc Muzeyinin baş elmi mühafizi, paleontoloq, fəlsəfə elmləri doktoru
{nl}
(ABŞ-a aid fotolar Corc C. Peyc Muzeyinə məxsusdur. Azərbaycana aid fotoların müəllifi və məqaləni ingilis dilindən tərcümə edən Səid Hüseynovdur.)
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.