Heyvandarlığın ən gəlirli və mühüm sahələrindən olan qoyunçuluq əhalinin ərzaq məhsullarına olan tələbatında və sənayenin xammalla təmin edilməsində mühüm rol oynayır. Qoyunlar başqa heyvanlara nisbətən yerli iqlim şəraitinə daha yaxşı uyğunlaşır. Bu sahə respublikamızın bütün bölgələrində inkişaf etdirilir. Qoyunçuluqdan az məsrəflə yüksək məhsul (ət, yun, süd və s.) əldə edilir. Respublikamızda hər il qoyunların həm baş sayı artır, həm də cins tərkibi yaxşılaşdırılır.
Ölkəmizdə aparılan islahatlarla əlaqədar ictimai sektorda olan qoyunların 98 faizi əhaliyə paylanmış, ixtisaslaşdırma və s. imkanlardan istifadə edilərək iri fermer təsərrüfatları yaradılmışdır. Hazırda bu sahənin məhsullarının istehsalında mütərəqqi texnologiyadan istifadə edilir.
Bununla bərabər son illərdə baytarlıq sahəsindəki elmi araşdırmaların və baytarlıq xidmətində yerinə yetirilən mühüm profilaktik tədbirlərin həyata keçirilməsi nəticəsində qoyunçuluqda epizootik vəziyyət xeyli yaxşılaşdırılmışdır. Qoyunların xüsusi ilə çox qorxulu olan infeksion xəstəlikləri minimuma endirilmişdir. Tələfat xeyli azalmış və məhsul istehsalı artmışdır. Lakin buna baxmayaraq bəzi hallarda qoyunçuluq təsərrüfatlarında infeksion xəstəliklər baş verir ki, bu da onlarda məhsuldarlığın kəskin surətdə aşağı düşməsilə bərabər, külli miqdarda tələfatla nəticələnir.
Qoyunlar arasında infeksion xəstəliklərin baş verməsində mühüm səbəblərdən biri də çox məhdud sahədə normadan xeyli çox heyvanların otarılmasıdır. Qoyunların belə sıxlıqda otarılması bir çox xəstəliklərin baş verməsi üçün real şərait yaradır. Son illərdə yaylaq sahələrinin kəskin azalması nəticəsində bir çox qorxulu xəstəliklərin qarşısını almaq üçün baytar işçilərindən daha səmərəli işləmək, az vəsait və az vaxt sərf etməklə, elmin nailiyyətlərindən daha düzgün istifadə etmək tələb olunur.
Saxlanma şəraitinin dəyişilməsi ilə əlaqədar olaraq heyvanlarda immunoegenlik və mübadilə prosesləri pozulur, xəstəlik törədicilərinin növ tərkibi və bir çox xüsusiyyətləri dəyişir. Buna görə də belə şəraitdə epizootik vəziyyət həddindən artıq mürəkkəbləşir. Eyni zamanda, heyvanlarda həddindən artıq müalicə üçün dərmanların (antibiotiklərin, sulfanilamid preparatların və s.) işlədilməsi orqanizmi onlara uyğunlaşdırır, infeksion xəstəliklərə qarşı immunitietin əmələ gəlməsinə maneçilik törədir.
Qoyunçuluq təsərrüfatlarında infeksion xəstəliklər əleyhinə aparılan profilaktiki tədbirlər mühüm rol oynayır və bu tədbirlər sistemində xüsusi profilaktika daha böyük əhəmiyyətə malikdir.
Son illərdə aparılan kütləvi peyvəndləmə nəticəsində təsərrüfatlarda xüsusilə təhlükəli olan infeksion xəstəliklərinə çox az hallarda təsadüf edilir. Lakin qoyunların dırnaq çürüməsi, kokk infeksiyaları hal-hazırda ciddi qorxu törədir. Qoyunların bir çox infeksion xəstəlikləri insanların sağlamlıqları üçün ciddi qorxu törədir, çünki xəstə qoyunlarla təmasda olan insanlar xəstələnə bilərlər.
Hazırda kolibakterioz, salmonellyoz, anaerob və kokk infeksiyaları, virus etiologiyalı xəstəliklər quzular arasında xeyli yayılmışdır. Belə şəraitdə qoyunların infeksion xəstəliklərinə qarşı aparılan tədbirlər birinci dərəcəli əhəmiyyətə malikdir. Bu qorxulu xəstəliklərin ləğv edilməsi qoyunçuluğun inkişafı üçün mühüm əhəmiyyət kəsb edir. Qoyunçuluq üzrə ixtisaslaşdırılmış, təsərrüfatlarda bir çox hallarda etioloji amil kimi mikroblar assosiasiyasının iştirak etməsi (bir neçə növ mikrobların) vəziyyəti daha da çətinləşdirir. Bu halda xəstəlik daha ağır keçir və xeyli heyvanın tələf olmasına gətirib çıxarır.
Əldə edilən məlumatlara əsaslanaraq, qeyd etmək olar ki, hazırkı şərait qoyunçuluğa infeksion xəstəliklərə görə epizootoloji vəziyyəti kəskin surətdə dəyişmişdir. Belə vəziyyətdə əvvəlki qayda ilə xəstəliklərə qarşı aparılan mübarizə az səmərə verir. Yalnız bu törədicinin aşkar edilməsi və ona qarşı aparılan kompleks tədbirlər lazımi nəticə vermir. Xarici mühitin, stress-amillərin qoyunların rezistenliyinə (müqavimətinə) və gərgin immunitetin əmələ gəlməsinə təsirinin öyrənilməsi az əhəmiyyət kəsb etmir. Ətraf mühitin temperaturasının yüksək olması zamanı işlədilən biopreparatlar (vaksinlər) klostridiozlara, salmonellyoza qarşı peyvənd olunmuş qoyunlarda yüksək gərginlikdə immunitetin əmələ gəlməsi üçün mənfi təsir göstərir.
Bütün bu göstəricilər onu sübut edir ki, qoyunçuluqda tətbiq edilən müasir texnologiya bir sıra təxirəsalınmaz problemlər yaratmışdır. Orqanizmdə və ətraf mühitdə virusların, bakteriyaların, göbələklərin və s. qarşılıqlı təsirinin öyrənilməsi belə problemlərdəndir. Müasir qoyunçuluq təsərrüfatlarında infeksion xəstəliklərin profilaktikasında itkini azaltmaq, işçi qüvvəsinə qənaət etmək məqsədi ilə düz gün diaqnostika işi aparılması, ümumi və spesifik tədbirlər planı sistemlərinin işlənib hazırlanması zəruridir.
Qoyunçuluğun inkişaf etdirilməsi, infeksion xəstəliklərə qarşı immuniteti əmələ gətirən profilaktik tədbirlərin vaxtında həyata keçirilməsini tələb edir. Bir çox ölkələrdə klostridiozlara, xlamidiyalı balasalmaya, qarayara, brüselyoza, lertospiroza, kataral isitməyə və s. infeksion xəstəliklərə qarşı vaksinasiya kompleks şəkildə həyata keçirilir.
Göstərilənlərə baxmayaraq mütərəqqi immunitet yaratmaq üsullarının öyrənilməsinə, təkmilləşdirilməsinə, işlənib hazırlanmasına hələ də lazımi fikir verilmir. Bir çox hallarda kompleks peyvəndləmə mümkün olduğu halda, monoantigenlərin tətbiqinə yol verilir ki, bu da həmin dövrdə, xüsusilə köçəri heyvandarlıqda bütün tədbirlərin tam başa çatdırılmasına imkan vermir, həmçinin çox işçi qüvvəsi və zəhmət tələb olunur, həm də yüksək dərəcədə səmərə əldə edilmir. Bunun üçün assosiasiyalı kompleks, enterial və peroral vaksinasiya üsullarına keçməyə xüsusi əhəmiyyət verilir. Belə vaksinasiyaların işlənib tətbiq edilməsi üçün istər xarici mühitdə, istərsə də müəyyən şəraitdə çiçəyə və brüselyoza, dabağa və pasterellyoza qarşı müxtəlif vaksin kompleksləri öyrənilmişdir.
Bu vaksinasiya üsullarının səmərəliliyini öyrənmək üçün elmi-istehsalat şəraitində xüsusi təcrübələr keçirilmişdir. Təcrübələr göstərmişdir ki, qoyunlarda qarayara, bradzot enterotoksemiya xəstəliklərinə qarşı, yəni bradzot əleyhinə peyvəndləmə ilə qarayaraya qarşı STİ vaksininin birgə işlədilməsi immunitet gərginliyinin qüvvətlənməsinə səbəb olur.
Bununla bərabər bizim tərəfimizdən bradzota, enterotoksemiyaya, qarayaraya və çiçəyə qarşı kompleks vaksinasiya aparılmışdır. Bu vaksinlər heyvanın orqanizminə eyni zamanda müxtəlif nahiyyələrə vurulmuşdur.
Kompleks vaksinasiya işinin səmərəliliyi, həmçinin çiçəyə, bradzota, enterotoksemiyaya, brüselyoza, pasterellyoza, salmanelyoza və qoyunların başqa infeksion xəstəliklərinə qarşı peyvəndləmə ətraflı öyrənilmiş, sübut edilmişdir ki, ayrı-ayrı infeksiyalara qarşı yaranan immunitet əksər hallarda monovalent vaksinlərlə müqayisədə daha davamlı immunitet yaranır. Təcrübədə sübut edilmişdir ki, gərgin immunitet assosiasiyalı və kompleks peyvəndlər assosiasiyanın tərkibinə daxil olan antigenlərin nisbət bərabərliyi şəraitində baş verir. Buna görə də ayrı-ayrı antigentlər nisbətinin düzgün seçilməsi mühüm əhəmiyyət kəsb edir. Belə ki, polivalent bradzot vaksininin antigeninin dozasının 2 dəfə artırılması salmonellyoz əleyhinə peyvəndləmə immunitetin yaradılmasına mənfi təsir göstərir. Kompleks vaksinasiyada belə hallar nəzərə alınmalıdır.
Aparılan tədqiqatlara baxmayaraq kompleks və assosiasiyalı immunizasiya problemini tam həll edilmiş saymaq olmaz, hələ də bu sahədə araşdırılmamış, dərindən öyrənilməsi lazım gələn məsələlər bir problem kimi qarşıda durur. Lakin buna baxmayaraq immunoloq alimlərin araşdırmalarına əsasən elə indidən baytarlıq təcrübəsində assosiasiyalı kompleks peyvəndlərdən istifadə edilməsi üçün tam şərait yaradılmışdır.
İnfeksion xəstəliklərin profilaktikasında mütərəqqi profilaktika üsullarına keçmək, respublikamızda aparılan islahatlarla əlaqədar az əmək sərf etməklə əhalinin ərzaq probleminə olan ehtiyacının ödənilməsində mühüm rol oynaya bilər. Odur ki, heyvandarlığın inkişaf etdirilməsinə, xüsusilə infeksion xəstəliklərə qarşı profilaktiki tədbirlərin vaxtında və keyfiyyətli aparılmasını təşkil etmək baytar mütəxəssislərinin borcudur.
{nl}
Əhməd ƏSƏDLİ
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.