Avropa İttifaqının kənd təsərrüfatı siyasəti və problemlər

Xəbər verildiyi kimi, Prezident İlham Əliyev 2011-ci il mayın 3-də "Azərbaycanda aqrar sahədə idarəçiliyin təkmilləşdirilməsi və aqrar elmin inkişaf etdirilməsi ilə bağlı xüsusi komissiyanın yaradılması barədə" sərəncam imzalamışdır. Sərəncamda ölkədə aqrar sahədə həyata keçirilən islahatların nəticəsi olaraq həmin sektorda əsaslı dəyişikliklərin baş verməsi göstərilməklə yanaşı, aparılmış islahatların davamı kimi bu sahədə idarəçiliyin təkmilləşdirilməsi və aqrar elmin yenidən təşkili istiqamətində müvafiq tədqiqat institutlarının, eləcə də digər aidiyyəti qurumların fəaliyyətinin səmərəliliyinin artırılması zərurəti vurğulanmışdır.
Sözsüz ki, dövlət başçısının bu sərəncamı ilə yaradılan xüsusi komissiyanın, habelə müvafiq qurumların qarşısına qoyulan vəzifələrin həyata keçirilməsində qabaqcıl beynəlxalq təcrübənin xüsusi əhəmiyyəti var.
İlk növbədə qeyd etmək istərdim ki, kənd təsərrüfatı özunun sosial və iqtisadi həyatda oynadığı roluna görə, xüsusən də, iqtisadi inkişafın təkanverici amili və qida təhlükəsizliyinin təminatçısı kimi xüsusi önəm daşıyır. Belə ki, dünya ticarətində kənd təsərrüfatının payının 9,2 faiz olmasına baxmayaraq, bu sahə 2,5 milyard insanın əsas gəlir mənbəyi hesab olunur. Onu da qeyd edək ki, həmin insanların əksəriyyəti geridə qalmış və inkişaf etməkdə olan ölkələrdə yaşayırlar. Bü ölkələrdə kənd təsərrüfatı ümumi daxili məhsulun yuksək faizini tutduğu və əhalinin əksər hissəsinin iş yeri olduğu halda həmin göstəricilər inkişaf etmiş Qərb ölkələrində başqa sahələrə nisbətən çox cüzi yer tutur.
Bundan əlavə, inkişaf etmiş ölkələr, onların yüksək kvota və tariflərdən təşkil olunan aqrar siyasəti dünya bazarında kənd təsərrüfatı məhsullarının satışına böyük maneələr yaradır. Bu mənada Avropa Birliyinin Ümumi Kənd Təsərrüfatı Siyasəti (ÜKTS) məzmun etibarilə birlik ölkələri arasında kəskin fikir ayrılıqları yaratmaqla yanaşı ,dünya kənd təsərrüfatı ticarətində yaratdığı maneələrə görə təkcə inkişaf etməkdə olan ölkələrin deyil, ABŞ da daxil olmaqla inkişaf etmiş ölkələrdən bir çoxunun da tənqid obyektinə çevrilməkdədir. Xüsusilə, AB-nin 2013-2020-ci illər üzrə yeni büdcəsinin müzakirəsi zamanı kənd təsərrüfatına ayrılacaq vəsait və onun yeni predmetlərinin təyini 2008-ci ilin maliyyə böhranından sonra bir çox ciddi problemlərlə üzləşən avropalıları kənd təsərrüfatı böhranına da sürükləyə biləcək qədər diqqəti cəlb edir.
Bütün bunlara baxmayaraq, Avropa Birliyinin ÜKTS ilk və həmçinin ziddiyyətli siyasət qanadlarından biri olmaqla, AB-nin xarici ticarət kursunun formalaşmasında, xüsusilə də kənd təsərrüfatı məhsulları üzrə həlledici rol oynayır. Avropa Birliyinin ÜKTS hələ yarandığı gündən qızğın debatların mərkəzində olmuşdur. İndinin özündə də bir çox iqtisadçılar ÜKTS-də dəyişikliklərin qaçılmazlığını vurğulayırlar.
ÜKTS-nin yaranması fikri hələ 1957-ci ildə bağlanan Roma Sazişində öz əksini tapıb. AB-yə daxil olan 6 üzv ölkə kənd təsərrüfatı üzrə dövlət nəzarətini həyata keçirən professional bir təşkilat arzu edirdilər. Bu məqsədlə 1962-ci ildə Avropa Cəmiyyəti ÜKTS-nin yaradılması üçün lazım olan 3 əsas prinsip üzrə razılığa gəldilər. Bunlar bazarların birləşdirilməsi , bölgə əhalisinin imtiyazlılığı və maliyyə birliyi idi. ÜKTS-nin ilkin məqsədi Roma Sazişinin 39-cu bəndində göstərildiyi kimi istehsalın artımı, fermerlər üçün normal şəraitin təmini, bazarların sabitləşdirilməsi, qida məhsullarının və onların ədalətli qiymətlərinin təmini idi. Lakin ÜKTS ötən onilliklər ərzində beynəlxalq və daxili təzyiqlərin və tənqidlərin nəticəsində bir çox dəyişikliklərdən və islahatlardan keçdi. Bunlardan ən əhəmiyyətlisi 1992-ci ildə təklif olunan və 1994-cü ildə həyata keçirilən "McSharry"dur ki, bu zaman ilk dəfə fermerlərə verilən bəzi məhsullar üzrə birbaşa ödənilən qiymət dəstəyi paketi yardımlarının azaldılması qərara alındı.
Başqa yadda qalan islahat isə 2000-ci ildə "Agenda 2000" adı ilə tanınan təkilfər idi ki, bu da əsasən ÜKTS-ni Şərqi Avropa ölkələrinin AB-yə üzv olması ilə əlaqədar yaranacaq yeni şəraitə hazırlamaq məqsədi güdürdü. Eyni zamanda, bu islahatların nəticəsində ÜKTS-nin obyektinə yeni bir element - kənd yerlərinin inkişafı siyasəti daxil edildi. Sonuncu dəfə AB-də 2008 "Healch Check"- sağlamlığa nəzarət kimi tanınan yeni köklü dəyişiklikləri nəzərdə tutan daha bir islahat paketi təklif olundu və hələ bu sahədə müzakirələr gedir.
Hazırda Avropa Birliyi dövlətləri ABŞ və Braziliya ilə yanaşı, dünyada ən böyük kənd təsərrüfatı məhsulları ixrac edən ölkələrdir. Birliyin iş qabiliyətli əhalisinin 5 faizinin kənd təsərrüfatında çalışmasına və bu sahənin ÜDM -in 1,6 faizini təşkil etməsinə baxmayaraq, ÜKTS yarandığı gündən Avropa Birliyinin büdcəsindən ən böyük pay almaqda davam edir. Məsələn, 2006-cı ildə Avropa Birliyinin büdcəsinin 45,5 faizi ÜKTS-yə xərclənmişdir. Bunun da böyük qismi (88 faizi) fermerlərə birbaşa yardıma, qalanı isə bazar qiymətinə dəstək olmaq üçün verilən kompensasiyalara, yəni fermerlərin istehsal etdiyi məhsulların qiymətlərinin düşməsindən əmələ gələn fərqləri aradan götürməyə yönəlmiş dəstək təşkil edir. Büdcədən 7,7 milyard dollar isə kənd yerlərinin iqtisadi inkişafına xərclənir.
Bu xərclərin ölkələr üzrə paylanmasına baxıldıqda isə o da məlum olur ki, büdcədən xərclənən pullardan Fransaya 20 faiz, İspaniya və Almaniyanın hər birinə 13 faiz, İtaliyaya isə 11 faiz çatır. Kiçik dövlətlərdən İrlandiya və Yunanıstan isə iqtisadiyyatlarının həcminə görə ən çox yardım alırlar. Büdcənin vəsaitlərinin bu istiqamətdə bölünməsində də yeni və köhnə üzv ölkələr arasında kəskin fərqlər müşahidə olunur. Belə ki, yeni üzvlər köhnə üzvlərə ödənilən subsidiyaların, sadəcə, 25 faizini ala bilir. Üzvlər arasındakı bu bölgünün 2013-cü ildən sonra dəyişdirilməsi nəzərdə tutulur. Yuxarıda qeyd edildiyi kimi Avropa Birliyinin ÜKTS qlobal arenada və eyni zamanda, bir çox üzv ölkələrdə də birmənalı qarşılanmır. Bəzi üzv ölkələr elə düşünürlər ki, AB büdcəsindən bu qədər böyük bir hissənin mövcüd şərtlərlə fermerlərə ayrılması qəbulolunmazdır. Çünki fermerlərə göstərilən bu maliyyə dəstəyi Avropa vətəndaşlarının ödədiyi vergilərin hesabınadır. Eyni zamanda, bu subsidiya sistemi dünya bazarındakı qiymət endirimləri ilə rəqabət apara bilməyən bəzi avropalı fermerlərə mallarını dünya bazarından daha baha qiymətlərlə öz bazarlarında satmağa biləvasitə şərait yaradır.
OECD-nin apardığı tədqiqatlar da göstərir ki, fermerlərə dəstək nəzərdə tutan yüksək qiymətlər və vergi ödəmələri nəticəsində bu təşkilata daxil olan ölkələrdə yaşayan hər 4 nəfərdən ibarət ailənin büdcəsindən hər il orta hesabla 1000 USD əlavə xərclənir. Bundan başqa, AB-nin ixrac olunan kənd təsərrüfatı məhsullarına tətbiq etdiyi yüksək kvota və tariflər də idxal olunan məhsulların Avropa bazarlarına dünya bazarından daha yüksək qiymətə başa gəlməsinə səbəb olur. Başqa bir güclü arqument isə bu qədər məbləğin birlik daxilində başqa sahələrə yönəldilməsi ilə əlaqədardır. Məsələn hər il 23 milyondan çox avropalı işsiz olduğu halda 4 milyona yaxın iş yeri yüksək ixtisaslı işçilərin olmaması səbəbindən boş qalmaqdadır. Kənd təsərrüfatına ayrılan məbləğin bir qismi aşağı və orta ixtisaslı mütəxəssislərin ixtisaslarının artırılmasına yönəldilə bilərdi.
Bununla bağlı bəzi üzv ölkələr ÜKTS ilə razılaşmadıqlarını dəfələrlə ifadə etmişlər. İlk dəfə Avropa Birliyində İsveç ətraf mühütin qorunması ilə bağlı olan subsidiyaları çıxmaq şərtilə bütün subsidiyaların ləğv olunmasını təklif etmişdir. Bundan başqa, İngiltərə də tarix boyu ÜKTS-ni tənqid etmiş ölkələrdən biri olmuşdur. Təsadüfi deyil ki, yeni seçilmiş ingilis hökuməti də xüsusi olaraq vurğuladı ki, onlar ÜKTS-də islahatları əngəlləyənlərə qarşı Avropada tərəfdaşlar axtarmaqdadırlar. Çox güman ki, Danimarka və Nederland kimi Avropa büdcəsinə yüksək vergilər ödəyən və qarşılığında çox az yardım alan ölkələrin də bu islahatları dəstəkləməsi gözləniləndir.
Əks cəbhədə isə Fransa və onu dəstəkləyən Avropa ölkələri dayanır. Belə ki, Fransanın kənd təsərrüfatı naziri Mercosour birlik ölkələri ilə ticarət danışıqları zamanı qəti şəkildə ÜKTS-nin liberallaşdırılmasına qarşı çıxdıqlarını qeyd etmişdi. Fransanın bu mövqeyi İtaliya, İrlandiya və İspaniya tərəfindən də dəstəklənmişdi. Bu isə Avropa Birliyinin ÜKTS ilə əlaqədar gələcəkdə çox qızğın debatlarının olacağından xəbər verir.
Qlobal arenada Avropa Birliyi Ümumdünya Ticarət Təşkilatı (ÜTT) səviyyəsində ən böyük təzyiqlərlə üz-üzədir. Belə ki, AB iki qrup tərəfindən əsas təzyiqlərə məruz qalmaqdadır . Bunlardan birincisi Avropa bazarlarına daha geniş çıxmağı tələb edən inkişaf etmiş və rəqabətədavamlı kənd təsərrüfatı məhsulları istehsal edən "G 20" ölkələridir. Bu qrupa Braziliya, Tailand və başqa ölkələri misal göstərmək olar. Həmin ölkələr bunun müqabilində öz sənaye və ya xidmət sahələrində Avropa firmalarına imkanlar yaratmağı təklif edirlər. Məhz "G 20" ölkələri ABŞ ilə birlikdə AB-yə ən çox təzyiq göstərən dövlətlərdir. Lakin AB öz maraqları hesabına bu təkliflərlə razılaşmaq fikrində olmadığını ÜTT-nın Doha mərhələsində nazirlərin Cancun görüşü zamanı açıq göstərdi. Beləliklə də "G20" ölkələri və ABŞ Cancun danışıqlarının iflası ilə əlaqədar Avropa Birliyini günahlandırdı.
İkinci qrup isə bəzi inkişafda olan və geridə qalmış ölkələri özündə birləşdirən "G33" ölkələridir. Onlar da özlərinin qida təhlükəsizliyi, həyat şəraitlərinin yaxşılaşdırılması və kənd yerlərində inkişafa nail olmaqdan ötrü Avropa Birliyindən onların kənd təsərrüfatı məhsullarının satışı üçün imtiyazlı status tələb edirlər. Bundan başqa, dünya ölkələri AB-nin bazarlarına öz məhsullarını çıxaran zaman bir çox qanunla müəyyən edilmiş standartlara cavab verməli olurlar. Bunlar əsasən qidanın keyfiyyəti, onun istehsalı zamanı ətraf mühitə təsiri, hormonlardan istifadə və s. texniki-etik normalarla əlaqədardır. Bəzi inkişaf etməkdə olan və geridə qalmış ölkələr də bu standartlara ya qismən cavab verir, ya da tamamilə uyğun gələ bilmir. Bu da həmin ölkələrin Avropa Birliyinə məhsul ixracatının qarşısında duran əsas maneələrdən biridir. Elə Ümumdünya Ticarət Təşkilatında da bu mövzu AB-nin qarşısında ən böyük maneələrdən biri kimi qaldırılır. Onu da qeyd edək ki, son zamanlar AB yeni çətinliklərlə üzləşməkdədir. Bunlardan ən əsası yeni üzv ölkələrin AB-yə gətirdiyi fermerlərin sayındakı artımdır. Belə ki, hələ Rumıniya və Polşada birlikdə 5 milyona yaxın fermer var. Əgər mövcüd şərait davam edərsə, bu, AB büdcəsində daha çox artıma gətirib çıxaracaqdır. Bundan başqa, son illərdə kənd təsərrüfatının özündə prinsipal dəyişikliklər müşahidə olunmaqdadır. Bu da kənd təsərrüfatının qidalanma mənbəyi olmaqdan çıxıb, həm də bio-enerji mənbəyi kimi çıxış etməsidir. Belə ki, bəzi taxıl növlərindən bio-yanacaq hazırlanır ki, bu da həmin məhsulun qiymətində bahalaşmaya gətirib çıxarır.
Həmçinin, AB-də son illərdə kəndlilərə edilən yardımların tətbiqi qismən və ya tamamilə ekoloji məhsulların istehsalı, keyfiyyətin tənzimlənməsi və istehsal zamanı etik normalar və ətraf mühitin mühafizəsi kimi dəyər və normalarla əlaqələndirilir. Bu standartların müəyyən edilməsi və onlara riayət edilməsinin təşkili isə xüsusi bir inzibati orqanın yaradılması və ya mövcud orqanlarda yeni iş yerləri deməkdir ki, bu da büdcədən ayrılan xərclərin artımına gətirib çıxarır. Həm yuxarıda qeyd edilən problemlər üzündən, həm də birliyin tarixində indiyə qədər ən böyük böhran olan 2008-ci ildəki maliyyə böhranı ilə bağlı AB-də bu dəfə yeni büdcənin qəbulu zamanı kənd təsərrüfatı ilə əlaqədar müzakirələrin daha gərgin keçəcəyi proqnozlaşdırılır. Məlumdur ki, böhran bəzi üzv ölkələrin büdcə kəsiri nəticəsində bütün Avropanı bürüməkdədir. Belə bir şəraitdə Avropa Birliyi ölkələri böhranla mübarizədə öz büdcələrindəki xərcləri minimuma endirməyə çalışdıqları halda, qurumun iqtisadiyyatında çox cüzi yeri olan və bəzi sahələrdə beynəlxalq rəqabətə davam gətirə bilməyən ölkələrə görə ÜKTS-yə büdcədən külli miqdarda vəsaitin ayrılması üzrə razılığa gəlmək heç də asan olmayacaq.

{nl}

Turan SÜLEYMANOĞLU, iqtisadçı-menecer


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında