Xəzər Dəniz Gəmiçiliyi işçilərinin peşə bayramı qeyd edilmişdir

Xəzər Dəniz Gəmiçiliyi işçilərinin peşə bayramı münasibətilə bu qurumun mədəniyyət evində təntənəli iclas keçirilmişdir. İclas iştirakçıları əvvəlcə Fəxri Xiyabana gələrək, müasir Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşlar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edilmiş, məzarı üzərinə gül dəstələri düzülmüşdür. Təntənəli mərasimdə Gəmiçiliyin rəisi Aydın Bəşirov demişdir:
-Bu gün bizim üçün dəyərli gündür. Ümummilli lider Heydər Əliyevin 2 iyul 1998-ci il tarixli sərəncamı ilə hər il iyul ayının ilk bazar günü Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi işçilərinin peşə bayramı kimi qeyd edilir. Bu, ulu öndərin Gəmiçiliyə göstərdiyi diqqət və qayğının bariz nümunəsi kimi qiymətləndirilir. Gəmiçilik işçiləri yaxşı bilirlər ki, əgər ümummilli lider Heydər Əliyevin dəstəyi olmasaydı, nəinki bu bayramdan, heç Gəmiçiliyin varlığından söhbət gedə bilməzdi. Xüsusilə qeyd etmək lazımdır ki, ölkə Prezidenti İlham Əliyev dəniz nəqliyyatına həmişə böyük diqqətlə yanaşır, dənizçilərin problemləri, qayğıları ilə daim maraqlanır. Əminliklə deyə bilərik ki, ulu öndər Heydər Əliyevin rəhbərliyi dövründə olduğu kimi, bu gün də dəniz nəqliyyatı respublika iqtisadiyyatının strateji sahəsi olaraq qalır. Ölkə rəhbərliyinin həyata keçirdiyi məqsədyönlü nəhəng layihələr dəniz nəqliyyatının inkişafına təkan verir, bu sahədə geniş perspektivlər açır.
Dənizçilər həmişə yüksək əzmkarlığı, zəhmətsevərliyi ilə seçilirlər. Azərbaycanın nəqliyyat kompleksində özünəməxsus yeri olan Gəmiçilik hər zaman qarşıya qoyulan tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirməyə çalışır, əksər hallarda da buna nail olur. Keçən il donanmamızla 11 milyon 714,3 min ton müxtəlif təyinatlı yüklər daşınıb. Bunlardan 7 milyon 620,3 min tonu tankerlərlə, 1 milyon 149,0 min tonu quru yük daşıyan gəmilərlə, 2 milyon 945 min tonu isə gəmi-bərələrlə həyata keçirilib.
2011-ci ilin 6 ayında nəqliyyat donanması ilə 6 milyon 160,3 min ton, o cümlədən tankerlərlə 3 milyon 581,6 min ton, quru yük gəmiləri ilə 622,5 min ton və gəmi-bərələrlə 1 milyon 956,2 min ton müxtəlif yük daşınmışdır. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,6 faiz çoxdur. Yükdaşımaların 56 milyon 65 min tonu Xəzər dənizində, 95,3 min tonu isə Xəzərdənkənar hövzələrdə yerinə yetirilmişdir.
Son bir ildə Gəmiçiliyin beynəlxalq miqyasda uğurları da nəzərəçarpan olmuşdur. Ötən ilin noyabrında Ukraynada Qara dəniz hövzəsi gəmi sahibkarları beynəlxalq Assosiasiyasının - BİNSA-nın 14-cü toplantısı keçirilmiş, Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin aparıcı rol oynadığı bu nüfuzlu beynəlxalq təşkilatın yaxın gələcək üçün fəaliyyət planı təsdiq olunmuşdur.
A. Bəşirov sonda bildirmişdir: -Peşə bayramı ilə əlaqədar Prezident İlham Əliyev 10 nəfər Gəmiçilik işçisinin "Tərəqqi" medalı ilə təltif olunması haqqında sərəncam imzalamışdır. Bu, dəniz nəqliyyatına dövlət qayğısının göstəricisidir. Biz möhtərəm Prezidentimizə dərin təşəkkürümüzü bildiririk. Azərbaycanın bugünkü sürətli inkişafına, iqtisadi artım tempinə görə lider ölkəyə çevrilməsi məhz cənab Prezidentin adı ilə bağlıdır. Biz dənizçilər möhtərəm dövlət başçımızı daim dəstəkləyirik, bütün göstəriş və tövsiyələrinin həyata keçirilməsi üçün əlimizdən gələni əsirgəməyəcəyimizə söz veririk.
Kollektivimiz doğma Azərbaycanın tərəqqisi naminə bundan sonra da qüvvəsini əsirgəməyəcək, ölkə rəhbərliyinin bizə göstərdiyi etimadı doğrultmağa çalışacaqdır.
İclasda mərasim iştirakçıları adından ölkə Prezidenti İlham Əliyevə müraciət qəbul edilmişdir.
Tədbir bayram konserti ilə başa çatmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında