Azərbaycanda pensiya təminatında vahid prinsipin tətbiqinə başlanıldı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən təsdiq edilən "2009-2015-ci illərdə Azərbaycan Respublikasının sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı"na uyğun olaraq həyata keçirilən islahatlar nəticəsində 2011-ci il iyul ayının 1-i tarixindən etibarən pensiya təminatında vahid prinsipin tətbiqinə başlanılıb.
Bu islahat nəticəsində hazırkı anlamda minimum pensiya alma halı aradan qaldırılacaq və Azərbaycanda əhalinin pensiya təminatı vahid sistemə gətiriləcəkdir.
Hazırkı mərhələ Azərbaycanda həyata keçirilən sosial islahatların çox mühüm elementini ifadə edir və vətəndaşların 2006-cı il yanvarın 1-dən əvvəlki dövrdə qazanılmış pensiya hüquqlarının yeni əmək pensiyaları sisteminə inteqrasiyasının tamamlanmasına yönəldilib. Pensiya təyinatında tətbiq olunan yeni qaydalar əsasında 2006-cı ilə qədər qazanılmış bütün pensiya hüquqları yenidən hesablanaraq, təxminən 845 min nəfər əmək pensiyaçısının pensiyası əsaslı şəkildə (təxminən 40 faiz) artacaqdır.
Artımların tətbiqi üçün bütün hüquqi prosedurlar həyata keçirilib. Belə ki, "Əmək pensiyaları haqqında" Qanuna və "Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2011-ci il büdcəsi haqqında" Qanuna edilən dəyişikliklər, ölkə Prezidenti tərəfindən mayın 27-də təsdiqləyib. Dəyişikliklərə əsasən, 2006-cı il yanvarın 1-dək pensiyaya çıxmış şəxslərin (bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş şəxslər istisna olmaqla) əmək pensiyaları, pensiya təyin edilən tarixə nəzərə alınmış iş stajının hər ili üçün 1,94 manat (il tamam olmadıqda isə bu məbləğ natamam ilədək iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) sığorta hissəsi müəyyən edilməklə 2011-ci il iyulun 1-dən yenidən hesablanır.
Bu dəyişiklik 2006-cı il yanvarın 1-dən 2010-cu il yanvarın 1-dək pensiyaya çıxmış şəxslərə də şamil olunacaqdır. Bununla da həmin illərdə pensiyaya çıxanlarla 2011-ci il yanvarın 1-dək pensiyaya çıxanların pensiyaları arasındakı fərq bağlanacaqdır. 2010-cu il yanvarın 1-dək pensiyaya çıxmış şəxslərin pensiyalarının yenidən hesablanması tədbirinin illik maliyyə yükü 390 milyon manat, 2011-ci ilin 6 ayında isə 195 milyon manat təşkil edəcək.
Pensiya artımlarının əhaliyə çatdırılmasında texniki işlərin yerinə yetirilməsi üçün bütün zəruri tədbirlər həyata keçirilməkdədir. DSMF hələ "Əmək pensiyaları haqqında" Qanuna əlavə və dəyişikliklərin qüvvəyə minməsindən öncə bu işlərə start vermiş, fondun mərkəzləşmiş qaydada arxivləşdirilən pensiya sənədləri ilə avtomatlaşdırılmış məlumat bazasındakı göstəricilərin hər bir iş üzrə bir daha dəqiqləşdirilməsi prosesini təşkil etmişdir.
Qeyd edək ki, bu, Azərbaycanın pensiya tarixində hazıradək analoqu olmayan bir tədbirdir və görüləcək iş çox böyük texniki həcmə malik olmaqla 1 yanvar 2010-cu ilədək təyin edilmiş 1 milyon 50 min pensiya işinin hər birinə yenidən baxılmasını tələb edir. Bütün bunlara baxmayaraq, DSMF prosesin maksimum tez yekunlaşmasını hədəf seçib və fondda mövcud olan avtomatlaşmış idarəetmə sistemi bu işin icrasına böyük təkan verməkdədir.
Artıq Bakının rayonları, Abşeron rayonu və Sumqayıt şəhəri pensiyaçılarının məlumatlarının dəqiqləşdirilməsi prosesi başa çatmışdır. Hazırda ölkənin digər rayonlarında yaşayan pensiyaçılar üzrə staj məlumatlarının dəqiqləşdirilməsi prosesi sürətlə həyata keçirilməkdədir. Prosesin hər bir pensiyaçı üzrə hansı tarixdə yekunlaşmasından asılı olmayaraq həmin şəxsin pensiyası iyul ayının 1-dən yenidən hesablanaraq ödəniləcəkdir.

{nl}

Z. BƏŞİRQIZI, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında