Tarixi həqiqətləri açıqlayan "Qarğınsız" kitabının təqdimatı keçirildi

Atatürk Mərkəzində uzun müddət "Tovuz" qəzetinin redaktoru işləmiş, Tovuz Rayon İcra Hakimiyyətinin ictimai-siyasi şöbəsinin müdiri Bəhruzər Rüstəmovun "Qarğınsız" kitabının təqdimat mərasimi keçirildi.
Tədbiri giriş sözü ilə açan professor Qəzənfər Paşayev kitabı tariximizdə özünəməxsus yer tutan Şəmşəddil bölgəsinin adət-ənənələrini, etnoqrafiyasını, eləcə də bir sıra tarixi faktları əhatə etməsi baxımından dəyərli nəşr olaraq qiymətləndirdi. O, kitabın adına toxunaraq "qarğınsız" ifadəsinin "qərq olmayan", "itib-batmayan" anlamını verdiyini dilə gətirdi. Professor Q. Paşayev "Xalqın mənəvi dəyərləri, adət-ənənələri, etnoqrafiyası itib-batmır. Aleksandr Düma yazıb ki, Şəmşəddil mahalı Tiflisə qədər uzanır"- deyə xatırlatdı.
Millət vəkili Qənirə Paşayeva kitabdakı tarixi faktları yüksək qiymətləndirdi. O qeyd etdi ki, kəndlərimizin adının araşdırılması onların tarixinin qədim dövrə gedib çıxmasını göstərir: "Biz bir tarixi abidənin, daşın 7, 8 əsr yaşı olduğunu bir xariciyə deyəndə, bu onun yadında o qədər də qalmır. Ancaq o tarixi abidənin, daşın hekayəsini danışanda, o, bir insan kimi buna xüsusi maraq göstərir, yadında qalır. Öz ölkəsinə gedəndə də bu barədə danışır. Bəhruzər müəllimin kitabında da belə hekayələr var. Müəllif o bölgənin, insanların tarixindən yazıb. Bizim bir çox qədim tarixi ocaqlarımız var. Bu kitabda bir yovşan qoxusunun necə böyük hisslər oyatmasından da söz açılır. Düşmənlərimiz bizim tarixi saxtalaşdırmağa çalışıblar. Tovuzun sərhədindəki torpaqlar həmişə Azərbaycanın olub. Ermənilərin o torpaqlara nə vaxt köçürülməsi kimi məsələlər də burada əksini tapıb. Bu kitab tariximizi saxtalaşdıranlara da bir cavabdır".
Tədbirdə professor Alxan Məmmədov, şairlər İsa İsayev, İlyas Tapdıq, Bağman Baba, Zirəddin Qafarlı, Musa Ələkbərli, Əkbər Qoşalı, fəlsəfə elmləri doktoru Rəna Mirzəzadə, "Xalq qəzeti"nin əməkdaşı Zərifə Bəşirqızı kitabın məzmununu yüksək dəyərləndirərək müəllifi təbrik etdilər və ona yeni yaradıcılıq uğurları arzuladılar. Sonda çıxış edən Bəhruz Rüstəmov kitabın maraqla qarşılanmasına sevindiyini bildirdi: " Burada səslənən fikirlərdən belə nəticəyə gəldim ki, kitabı sosial sifariş əsasında yazmışam. Bu mənim deyil, doğulduğum torpağın kitabıdır. İnsanlar bəzən öz ilkinliyinə, keçmişinə qayıtmaq istəyir. "Hardan gəlmişik, hara gedirik?" kimi suallar insanı düşündürür. Kitab bu suallara cavabdır."
Kitabda Tovuz, Gədəbəy, ermənilərdə qalan Şəmşəddil rayonları, Göyçə mahalı, Qaraqoyunlu dərəsi, Ağstafada Həsənsu boyunca cənuba doğru torpaqları əhatə etmiş Şəmşəddil sultanlığından bəhs edilir. Müəllif bölgənin keçmişini ağbirçək və ağsaqqalların yaddaşlarından süzülüb gələn faktlara istinad edərək bu bilgiləri coğrafi, etnoqrafik-tarixi lövhələrdə və unudulmaqda olan abidələrin şəkilləri ilə oxuculara təqdim edib.

{nl}

Əfsanə BAYRAMQIZI, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında