Şriftin ölçüsü:
08.05.2010 00:17 | Oxunma sayı: 417
Faşizm üzərində tarixi qələbədən 65 il ötür. XX əsrin ən dəhşətli hadisəsi sayılan İkinci Dünya müharibəsində alman faşistləri ilə ölüm-dirim savaşında 700 minə yaxın soydaşımız iştirak etmiş, onların da yarısından çoxu qəhrəmancasına həlak olmuşdur. Bəşəriyyətin faşizm kabusundan xilas edilməsində misilsiz şücaət göstərən insanlar hər cür hörmətə və qayğıya layiqdirlər.
Alman faşistləri ilə amansız savaşda həlak olmuş soydaşlarımızın əziz xatirəsi hər il ehtiramla yad olunur, sağ qalmış keçmiş döyüşçülərə, eləcə də arxa cəbhədə böyük fədakarlıqla çalışmış şəxslərə qayğı və diqqət göstərilir. Elə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "1941-1945-ci illər müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik yardım edilməsi barədə" son illər imzaladığı sərəncamlar da faşizm üzərində tarixi qələbənin təmin olunmasında bu və ya digər şəkildə iştirak edən soydaşlarımıza göstərilən dövlət qayğısının parlaq təzahürüdür.
Qələbənin 65-ci ildönümü ölkəmizin hər yerində olduğu kimi, paytaxtın Nərimanov rayonunda da geniş qeyd edildi. Rayon ərazisində alman faşizminə qarşı müharibədə həlak olmuş döyüşçülərin xatirəsinə ehtiram əlaməti olaraq yaradılmış "Qardaşlıq məzarlığı"nda keçirilən bayram tədbirində müharibə və arxa cəbhə veteranları ilə yanaşı, MDB respublikalarının ölkəmizdəki diplomatik korpusların nümayəndələri, millət vəkilləri, Nərimanov Rayon İcra Hakimiyyəti Aparatının işçiləri, rayon fəalları və məktəblilər iştirak edirdilər.
"Qardaşlıq məzarlığı" ərazisində 1941-1945-ci illər müharibəsində həlak olmuş döyüşçülərin xatirəsinə ucaldılmış abidə kompleksinin önündə düzənlənən bayram tədbirində Nərimanov rayonunda yaşayan veteranlardan 101 yaşlı Qaraş Qasımov, Şahlar Əliyev və başqaları çıxış edərək faşizm üzərində tarixi qələbənin 65 illiyi münasibətilə veteranları, bütün Azərbaycan xalqını təbrik etdilər. Ümummilli lider Heydər Əliyev tərəfindən müharibə veteranlarına, veteran hərəkatına göstərilən qayğı və diqqətin hazırda ölkə Prezidenti İlham Əliyev tərəfindən davam etdirilməsindən dərin razılıqlarını ifadə etdilər. Cəbhənin od-alovundan keçmiş, sinələrini hər biri döyüş şücaətinin əvəzi olan orden və medallar bəzəyən veteranlar müharibənin qələbə ilə başa çatdırılmasında onlarla yanaşı, arxa cəbhədə yorulmaq bilməyən çalışan insanların da misilsiz xidmətlər göstərdiklərini vurğuladılar.
Millət vəkili, Azərbaycandakı rus icmasının sədri Mixail Zabelin və Rusiyanın ölkəmizdəki səfiri Vladimir Doroxin çıxış edərək veteranlara bayram təbriklərini çatdırdılar. Belə bir fikir vurğulandı ki, alman faşizmi üzərində tarixi qələbənin əldə olunmasına bütün müttəfiq respublikaları kimi Azərbaycan da misilsiz töhfələr vermiş, Bakı nefti isə qələbənin təmin edilməsində həlledici rol oynamışdır. Hər iki natiq Azərbaycanda müharibə veteranlarına göstərilən qayğı və diqqətin yüksək səviyyədə olduğunu vurğuladılar.
Veteranları Qələbə günü münasibətilə təbrik edən Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev bildirdi ki, İkinci Dünya müharibəsində verilmiş itkilərlə yanaşı, alman faşizm üzərində tarixi qələbənin sevincindən də hər bir evə, ailəyə pay düşür. Torpaqlarımızın 20 faizinin erməni işğalı altında olduğu bir şəraitdə belə tədbirlərin keçirilməsinin gənclərin hərbi vətənpərvərlik tərbiyəsində mühüm rol oynadığını vurğulayan natiq dedi ki, müharibə veteranlarımızın keçdiyi şərəfli ömür yolu, döyüş şücaətləri gənc nəsil üçün, sözün əsl mənasında, örnək olmalıdır. A. Fərzəliyev Azərbaycanda müharibə veteranlarına göstərilən dövlət qayğısının bundan sonra da davam etdiriləcəyini diqqətə çatdırdı.
Sonra alman faşizmi üzərində tarixi qələbənin qazanılmasında böyük xidmətləri olan bir qrup veterana yubiley medalı təqdim edildi. Tədbir iştirakçıları abidə kompleksinin önünə əklil və gül dəstələri qoydular.
Bayram tədbiri "Qardaşlıq məzarlığı" ərazisində İtaliyadan gətirilmiş leylandra ağaclarının əkilməsi ilə başa çatdı.
{nl}
Mirbağır YAQUBZADƏ, "Xalq qəzeti"
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.