Məhsul-2011 . Masallı: torpağın sevgisi verdiyi bardır

İndilər Masallıda hər kəs torpaqla ünsiyyətdədir. Ruzu qazanmaq, varlanmaq həvəsi ilə torpağa tapınan əkin-biçin adamları alın tərləri ilə becərdikləri zəmiləri, tarlaları "sətir-sətir, vərəq-vərəq oxuyub başa çıxır" və yığılan məhsulu könül rahatlığı ilə gün-güzəran "xırman"ında sovurmağa daşıyırlar.
Əkin ənənəsinə görə, əsasən tərəvəzçilik rayonu kimi tanınan bu cənub bölgəsində hazırda kəhrəba zəmilərin, qızılı sünbüllərin bol olması təsadüfi deyil. Ötən ilin payızında rayon rəhbərliyinin təşəbbüsü ilə keçirilən bir müşavirədə istifadəsi "unudulmuş" torpaqlarda taxılçılığı genişləndirmək və beləliklə də ərzaq bolluğuna nail olmaq qərara alınmışdı. İcra başçısı Qəzənfər Ağayev demişdi ki, işgüzar təhlillər Masallı əhalisinin illik 20 min ton una, başqa sözlə, 26 min ton taxıla olan ehtiyacını tam ödəməkdən ötrü əkin fondunu artırmağın vacibliyini göstərir. Təşəbbüs dərhal dəstəklənmiş, kənd-kənd yayılmış və camaatın çörək sarıdan nigaranlığının olmaması üçün taxıl sahələrinin genişləndirilməsi əzmi ifadə edilmişdi.
Elə o vaxtdan rayonda coşğulu bir taxıl bumu yaşanmağa başladı. On min hektardan çox sahədə buğda, arpa, vələmir əkildi. İndi, budur, yay gələli Masallı kəhrəba dənizinə dönüb. Zəmilərdə üzən "gəmi"lərin paradı ruzudan, bərəkətdən soraq verir. Artıq biçilmiş sahələr az deyil və uğurlu toxum seçimi sayəsində orta məhsuldarlıq hektardan 35-40 sentner civarındadır. Şair demişkən, torpaq məhsulu ilə, el taxılı ilə ürəkli görünür.
İyunun əvvəlində Masallı Rayon İcra Hakimiyyəti başçısının yanında şura iclasında taxıl tədarükü üçün texnikanın hazırlanması, məhsulun vaxtında və itkisiz yığılmasına köməklik göstərilməsi ilə bağlı məsələ müzakirə edilib. Qeyd olunub ki, "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı"ndan irəli gələn vəzifələr Masallıda da əməli tədbirlər nəticəsində uğurla həyata keçirilir. Prezident İlham Əliyevin sərəncamları ilə kənd təsərrüfatı istehsalçılarına və o cümlədən buğda əkib-becərənlərə subsidiyaların, güzəştli qaydada mineral gübrələrin verilməsi ilə bu sahəyə diqqət xeyli artmışdır. Ötən ilin payızında əkilən 8568,34 hektar buğda sahəsinə görə 5947 nəfər istehsalçıya 342733,6 manat kompensasiya ödənilmişdir. Nazirlər Kabinetinin və kənd təsərrüfatı nazirliyinin müvafiq məktublarına əsasən, ötən illərdə dünyanı bürüyən iqtisadi böhran, qlobal istiləşmə səbəbindən bir çox ölkələrdə taxıl qıtlığının yaranması və birjalarda qiymətlərin yüksəlməsi ilə bağlı olaraq rayonun əkin fondundan səmərəli istifadə etmək, məqsədsiz dincə qoyulan və köhnə çayaltı torpaqları da əkin dövriyyəsinə qatmaq üçün tədbirlər görülmüşdür. Aparılan təbliğat işləri və toxumun alınmasına maddi köməkliyin göstərilməsi nəticəsində rayonun bələdiyyələri tərəfindən "Azərtoxum" MMC-dən 700 ton toxumluq buğda alınaraq torpaq payçılarına verilmiş, əkin kampaniyası uğurla başa çatdırılmışdır. 11761 hektar payızlıq əkin aparılmışdır ki, bu da əvvəlki ildəkindən xeyli çoxdur. Taxıl əkini ilə məşğul olmayan on ərazi də əkin kampaniyasına qoşulmuşdur. Təkcə buğda sahələri 774 hektar artaraq 9179 hektar olmuşdur. Məhsulun vaxtında yığılması üçün yetərli sayda texnika da təmir edilərək biçinə hazırlanmışdır. İndi mövcud imkanlardan səmərəli istifadə edilir ki, ötən ilin istehsal səviyyəsindən iki dəfə artıq - 25 min tondan çox taxıl əldə olunsun.
Qəzənfər Ağayevin qənaətinə görə, bu il taxıl üçün böyük zəhmət çəkilib: torpaq şumlanıb, keyfiyyətli toxum səpilib, zəmilərə qayğı göstərilib, dövlət bu sahədə çalışanlara kompensasiya ödəyib. Sahələrdə bol məhsul yetişib. Texnikanın vaxtında biçinə çıxarılması, onun imkanlarından maksimum istifadə olunması təmin edilib. Hər hektardan götürülən məhsulun 2-3 ailənin illik tələbatını ödəyəcəyi gözlənilir.
Şura iclasından bir qədər sonra Masallıda "Taxıl sahələrinin və meşələrin yanğın təhlükəsizliyi" mövzusunda müşavirə də təşkil olunub. Torpaq payçıları, fermerlər, meşəçilər, ərazi nümayəndələri və bələdiyyə sədrlərinin iştirak etdiyi toplantıda yanğın təhlükəsizliyi tədbirlərindən danışılıb, cavabdeh şəxslərin biçin zamanı daha diqqətli və hazırlıqlı olmasının vacibliyi vurğulanıb.
Rayona səfərimiz biçinin qızğın dövrünə təsadüf etdiyindən, biz də bəzi sahələrə baş çəkdik. Günəşin zərrin şəfəqləri altında Qızılavar kəndinin zəmiləri qızıla varırdı. Əli İsmayıl oğlunun sahəsində kombayn işləyirdi.
-Bu il təşəbbüsə qoşularaq taxıl əkini sahələrimi üç dəfə artırmışam, - deyə o bildirdi. -Əvvəllər hektarın məhsuldarlığı 20 sentner olardı, bu il isə 38 sentnerə qədərdir. Gördüyünüz bu zəmilər keçmiş çay sahələri idi, atılıb qalmışdı. Qəzənfər müəllimin köməkliyi ilə məhsuldar toxum əldə edib səpdik. Kəndimizə aid sahələrin hamısı əkilib,-desəm, yanılmaram. Allaha şükür, çörək boldur. Dövlətin qayğısından çox razıyam.
Taxılçı Qafar Qənbərov da söhbətə qoşuldu.
-Mən bu il altı hektarda taxıl əkmişəm. Məhsuldarlıq, maşallah, heç vaxt olmayan qədərdir - 40 hektara yaxın! Bütün qızılavarlılar adından rəhbəliyə minnətdarlıq edirəm ki, bundan ötrü bizə hər cür şərait yaratdı. Qış tədarükümüz düzəldi, üstəlik satışa xeyli taxıl çıxara bildik.
Boradigah qəəsəbəsinin sakinləri də taxılçılığa üstünlük veriblər. Orada görüşdüyümüz fermer Fərhad Qəniyev bu ilin məhsulundan razılıqla danışdı:
-Hacı Akiflə birlikdə 130 hektar buğda, 40 hektar arpa əkmişik. Arpanı çoxdan yığıb anbara daşımışıq. İndi buğda biçinini yekunlaşdırırıq. Səpin vaxtı toxuma baxıb demişdim ki, bundan bol məhsul götürəcəyik. Elə də oldu. Həm öz ehtiyacımızı ödəyir, həm də satışa çıxarırıq. Rayon rəhbərliyi bizi hər cür texnika ilə vaxtlı-vaxtında təchiz eləyir. Hər birimiz 20 nəfərlə rəsmi müqavilə əsasında əl-ələ verib çalışırıq. Növbəli əkin tətbiqi özünü doğruldur. Sahələrimizdə taxıldan əlavə, kələm, soğan, pomidor da əkmişik. Bu məhsullar da boldur. Heyvandarlıq məhsullarının istehsalı sahəsində də uğurlarımız var. Gündəlik olaraq "Palmalı" şirkətinə, digər emal müəssisələrinə tonlarla süd satırıq. Güzəranımız ilbəil daha da yaxşılaşır.
Taxılçıllara "Bərəkətli olsun!" deyib rayon icra hakimiyyətinə gəldik. Aqrar məsələlər üzrə müavin İsa Nuriyev biçin mövsümünün gedişatı barədə bizə həvəslə məlumat verdi:
-Rayonumuz üzrə ümumi əkin fondu 25 min hektardır. Ölkədə əkinə yararlı yerlərdən tam istifadə məsələsi gündəmə gələndə müəyyənləşdirdik ki, Masallıda 7 min hektara yaxın əkin sahəsi dövriyyədən kənarda qalıb. Ümumrayon müşavirəsində qərarlaşdırdıq ki, təbliğat genişləndirilsin və bütün torpaqlar əkilsin. Nəticədə əmlak payı kimi vətəndaşlara verilmiş torpaqlar hesabına 16 min hektara yaxın qış şumu vuruldu. Yevlaxdakı toxum istehsalı müəssisəsindən yüksək reproduksiyalı toxum alınaraq bələdiyyələr vasitəsilə əkinçilərə paylandı. Bu hesaba əkin fondunu daha min hektar artırdıq.
Rayona Rusiya Federasiyasının bir akademiyasından kənd təsərrüfatı alimləri dəvət edildi. Onların gətirdiyi dərman preparatları ilə toxumluq buğdaları zənginləşdirib 125 hektarlıq təcrübə sahəsində əkdik. Həmin preparatlar sürmə, paz, qaracıq kimi xəstəliklərə qarşı nəzərdə tutulub. Sünbüllərin ilkin fazada kollanma səviyyəsi, boy artımı və məhsul verimi yüksək oldu.
Hazırda rayonun taxıl zəmilərində 60 kombayn işləyir, 1762 hektar arpa tam biçilib. 820 hektarlıq vələmirin 450 hektarından, 9179 hektar buğda sahəsinin isə 5200 hektara qədərindən məhsul yığılıb. Satış üçün də baza yaratmaq üçün indi özümüz məhsuldar toxum əldə etmək niyyətindəyik. Bundan ötrü nümunələri laboratoriyalara göndərmişik.
Sonra İ. Nuriyev Masallıda fərdi təsərrüfatlarda, həmçinin kooperasiya qaydasında və digər formalarda birləşməklə ən müxtəlif kənd təsərrüfatı məhsullarının istehsalını artırmaq üçün həyata keçirilən tədbirlərdən də danışdı. Avropa ölkələrinin süfrələrində rast gəlinən, yeni tərəvəz növlərinin yetişdirilərək Bakının yarmarkalarına və beynəlxalq bazara çıxarılması, Rusiyaya sərfəli qiymətlərlə kartof satılması, anbar və istixanaların tikilməsi kimi məsələləri diqqətə çatdırdı. Çayçılığın bərpası üzrə layihələrin hazırlandığını söylədi.
Masallıda gəzib-gördüklərmiz və eşitdiklərimiz belə qənaət yaratdı ki, bütün səylər rayonda bir hektar belə əkilməmiş sahənin qalmamasına yönəldilib. Buranın torpağı əhalinin ehtiyaclarını tam ödəmək üçün yararlıdır. Əgər daimi qayğı görsə, torpaq çəkilən zəhmətin əvəzini birə-beş qaytarar. Onun da sevgisi verdiyi bardır...

{nl}

Əli NƏCƏFXANLI, "Xalq qəzeti"nin bölgə müxbiri

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında