Böyük qələbə döyüş yolumuzdan başlamışdır

Böyük Vətən müharibəsinin şahidləri, şəhidləri və qəhrəmanları heç vaxt unudulmur və hər zaman xatırlanır. Onlar vuruş meydanında şərəfli iz qoyaraq faşizm taunundan xalqları qorumaq, azad etmək üçün canlarını, qanlarını belə əsirgəməmişlər. Bu gün adları mərdlik, cəsurluq simvolu kimi xatırlanan cəbhə yoldaşlarını ananların sayı ilbəil azalır. Azərbaycanda cəmi 4250 nəfər 1941 - 1945-ci illər müharibəsində iştirak edən döyüşçü sağdır. İldə bir dəfə onlar böyük qələbəni bütün xalqımız, dövlətimizlə birgə qeyd edirlər. Dövlət başçımız da onları hər bayram münasibətilə təbrik edir, qəhrəmanlıqlarını qiymətləndirir.
Buna sevinən və yüksək dəyərləndirənlərdən biri də Lerikdə yaşayan müharibə veteranı Daşdəmir Kazım oğlu Paşayevdir. Lerikin Rəzgöv kəndində 1925-ci ildə doğulan Daşdəmir Paşayev 18 yaşı tamam olmamış orduya çağrılmışdı. 1943-cü ilin aprelin 10-da Lənkərana qədər piyada gedən gənc, oradan Tbilisiyə göndərilir. Qori, Orconikidze və Penzada hərbi təlim keçdikdən sonra cəbhəyə yola salınır. Veteran həmin günləri belə xatırlayır: " Moskva ətrafına qədər eşelonla getdik. Dəstəmizdəki uşaqlarla birgə bizi Belorusiyaya yolladılar. 13 gün piyada gecə-gündüz yol getdik. İlk döyüşümüz Vitebsk şəhəri uğrunda vuruşdan başlandı. 1943-cü il sentyabr ayının son günləri idi. Bir neçə dəfə hücuma keçməyimizə baxmayaraq, xeyli itki verərək geri çəkildik. Noyabrda hissəmizə əlavə qüvvə verildi və noyabrın 21-də səhər tezdən növbəti hücuma keçdik".
Həmin döyüşdə ordu bir neçə kilometr irəliləyir. Günortadan sonrakı hücumda isə almanların güclü müqaviməti ilə rastlaşırlar. Bu vuruşda Daşdəmir yaralanır. İki qabırğası sınır, ikisi isə zədə alır. Dostları yarasını bağlasalar da onu qar üstə uzadıb yenidən döyüş meydanına atılırlar. Huşsuz halda üstünə qar yağan Daşdəmiri isə sanitarlar görür və xərək olmadığından yamacla qar üstündə sürüyə-sürüyə budaqlardan düzəldilmiş komaya çatdırır, tibbi yardım göstərir və gecəyarı onu meşədəki hərbi hospitala aparırlar. Cərrahiyyə əməliyyatının ertəsi günü yük maşınının kuzasında Smolensk şəhərinə göndərirlər. Çoxlu qan itiridiyinə görə vəziyyəti ağır olan yaralını orada saxlamır, Perm vilayətinin Lizva şəhərindəki hospitala yerləşdirirlər. 3 aylıq müalicə kursu bitdikdən sonra o, yenidən döyüş meydanına yollanır.
"... 1944-cü ilin yazı idi. İkinci cəbhə açılmışdı. Mən yenə Belorusiyada idim. Ciddi, aramsız döyüşlər gedirdi. Düşmən ağır müqavimətə rast gəldiyini və gündən-günə çox itki verdiyini görüb geri çəkilirdi. Belorusiya tamamilə azad edildi. Bundan sonra Litva ərazisində olduq. Bir dəfə Neman çayını keçmək üçün eni 110 metr olan çayın üstündən körpü atmalı idik ki, texnikanı o biri sahilə çıxara bilək..."
Ordu Kaunasda xəyanətə tuş gəlir. Komandir çayın o biri sahilində almanların olub-olmadığını öyrənmək üçün yerli bir qadın çağırır, vəziyyəti soruşur. Qadın isə ötən gün sahildə almanların olduğunu, bu gün isə getdiklərini deyir. Otuz nəfərdən artıq əsgər, rota və bölmə komandiri hava ilə doldurulan rezin qayığa oturub çayı keçmək qərarına gəlirlər. Çayda 25-30 metr irəlilədikdən sonra qarşı sahildən almanların atəş yağışına tuş olurlar. Qayıqda ölən kim, yaralanan kim, suya düşüb boğulan kim... Daşdəmir qayığın altına keçib ciyəsindən yapışır və qeriyə-sahilə istiqamət alır. Bir təhər sahilə çıxır və möcüzə olaraq qayıqdakılardan təkcə o sağ qalır.
Allah qoruduğunu heç bir qüvvə yox edə bilməz. Daşdəmir Paşayev də Allahın mövcuzəsi ilə daha iki dəfə ölümün pəncəsindən qurtarır. Birinci dəfə mərmi partlaması nəticəsində torpaq altda qalır. Yoldaşları handan-hana xəbər tutub meyiti çıxarmaq üçün torpağı qazırlar. Döyüş yoldaşlarının salamat olduğunu görüb sevinirlər. İkinci dəfə isə komandirin əmri ilə rota qarşıdakı yüksəkliyi tutmalı olur. Təpənin üstə cəmi bir neçə ev varmış. Əsgərlər yaxınlaşanda evlərdə gizlənən almanlar bütün rotanı güllədən keçirirlər. Sağ qalan üç nəfərdən biri də Daşdəmir Paşayev olur. O, meşədən əsir gətirdiyi alman əsgərini xatırlayıb, deyir ki, onun üstündən plaş-palatka, xəritə, kompas çıxmışdı. Kəşfiyyata gələn almanı əsir tutduğuna görə indi də qürur duyur. Körpü üzərində işləyəndə onları izləyən faşistlərin hücumuna məruz qaldıqlarından, təyyarədən açılan atəşin onları pərən-pərən salmasından söz açır. Həmin gün Daşdəmirin əlinin orta barmağı üzülüb düşür, bir qılçası isə sınır...
1944-cü il avqustun 21-i idi. Səhra hospitalında əməliyyat edilib ayağına gips qoyulduqdan sonra onu Qorki vilayətinin Bor şəhərindəki hospitala göndərirlər."...Döyüşə yararlı olmadığımdan 4-5 aylıq müalicədən sonra Moskvaya gedib fəhlə batalyonuna qoşuldum. Qələbə gününün sevincini də orada yaşadım. Həmin gün hər kəsin üzü gülür, qələbə ilə fəxr edirdi. Tarixi və unudulması mümkün olmayan bir gün idi. Qələbə bizim döyüş yolumuzdan başlanmışdı..."
1945-ci ilin dekabr ayında III dərəcəli əlil kimi Daşdəmir Paşayev evə göndərilir. Kəndə gələndən sonra kolxozda sahə briqadiri, mühasib müavini işləyir. 1949-cu ilin sonundan isə rayon milis şöbəsində işə başlayır. Müxtəlif vəzifələrdə 35 il çalışır. Cinayət axtarışı üzrə rəis müavinliyinə qədər yüksəlir. Polis polkovnik-leytenantı rütbəsinə çatır. "Polis əlaçısı" döş nişanına, "Qüsursuz xidmətə görə" III, II və I dərəcəli medallara layiq görülür. Dəfələrlə Daxili İşlər Nazirliyinin fəxri fərmanları ilə mükafatlandırılır. "Lerik polisinin tarixindən", "Qisas və özünəqəsd", "Ulu kəndim Rəzgöv" kitablarının müəllifi olan Daşdəmir Paşayev Böyük Vətən müharibəsinin "Qələbə" ordeni və bir sıra medalları ilə, bu yaxınlarda isə Belorusiya respublikasının "Qələbənin 65 illiyi" yubiley medalı ilə təltif olunmuşdur. 65 illiyi böyük təntənə ilə qeyd edilən cahanşümul Qələbənin qazanılmasında xidməti olan 85 yaşlı Daşdəmir Paşayev builki bayramı da doğmaları - övladları, nəvə-nəticələri arasında Lerikdə qeyd edəcək, keçdiyi döyüş yolundan, qan-qada dolu müharibə illərindən yenə xatirələr söyləyəcək. Qələbə bayramınız mübarək, ağsaqqal! Sizin döyüş və həyat yolunuz indiki gənclərə örnək və həyat məktəbi olmalıdır.

{nl}

Zərifə BƏŞİRQIZI, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında