Faşist Almaniyası üzərində qələbənin 65 illiyi

{nl}

Heydər Əliyev müharibə iştirakçılarına daim diqqət və qayğı göstərirdi
Düz 65 il bundan əvvəl Hitler Almaniyasının dünyada ağalıq etmək iddiası ilə başladığı və bəşər tarixində ən dəhşətli iz qoymuş İkinci Dünya müharibəsi sona çatmışdır. 1939-cu ilin sentyabrında başlanan müharibə qısa müddətdə bütün Avropanı bürümüş, daha sonra digər qitələrə də yayılaraq, altı il davam etmişdi. 1941-ci il iyunun 22-də faşist Almaniyasının SSRİ üzərinə hücumu ilə Azərbaycanın da daxil olduğu Sovet İttifaqı faşizmlə ölüm-dirim mübarizəsinə qoşulmuş, tarixdə Böyük Vətən müharibəsi kimi tanınan müharibə başlanmışdı.
Müharibənin gedişində təcavüzkarlar ağlagəlməz vəhşiliklər törədərək milyonlarla insanı qətlə yetirmiş, şəhər və kəndləri xarabazarlığa çevirmiş, istehsal müəssisələrini və mədəniyyət abidələrini darmadağın etmişdilər. Lakin bəşəriyyətə fəlakət gətirən faşistlərin ağalığı uzun müddət davam edə bilməzdi. Müharibə illərində formalaşan antihitler koalisiyası ölkələrinin birgə səyləri nəticəsində 1945-ci ildə faşist Almaniyası və onun müttəfiqləri darmadağın edildi, İkinci Dünya müharibəsi başa çatdı. Bu müharibədəki qələbə mütərəqqi qüvvələrin irtica, sivilizasiyanın barbarlıq, humanizmin insanlığa nifrət ideologiyası üzərində təntənəsi oldu.
Faşizm üzərində Qələbənin qazanılmasına Azərbaycan xalqı da öz sanballı töhfəsini vermişdir. Rusiya, Ukrayna, Moldova və Belarusun, Baltikyanı respublikaların, Şərqi Avropa ölkələrinin faşist əsarətindən azad edilməsində, Qərbi Avropada genişlənən müqavimət hərəkatının uğur qazanmasında həmvətənlərimiz mühüm rol oynamışlar. 1941-1945-ci illərdə 700 minə yaxın həmvətənimiz ön cəbhəyə yollanmış, qəddar düşmənlə mərdliklə vuruşmuşdur. Onların yarısı döyüş meydanlarında qəhrəmancasına həlak olaraq geri qayıtmamışdır.
Azərbaycanlılar ön cəbhədə qəhrəmanlıq göstərməklə yanaşı, arxa cəbhədə də misilsiz fədakarlıq nümayiş etdirmiş, döyüşən ordunun yanacaq, silah, ərzaq və geyimlə təchiz olunmasına böyük kömək göstərmişlər. İkinci Dünya müharibəsi əvvəlki müharibələrdən fərqli olaraq, sıravi və piyadaların deyil, ilk növbədə motorların - tankların, qırıcı və bombardmançı təyyarələrin, digər döyüş maşınlarının müharibəsi olmuşdur. Neft və neft məhsulları olmadan hərbçilər bu texnikanı hərəkətə gətirib düşmən üzərində qələbə qazana bilməzdilər. Müharibə illərində Azərbaycan neftçiləri bütün çətinliklərə baxmayaraq, misli görünməmiş rəşadət və fədakarlıq göstərərək silahlı qüvvələri kifayət qədər yanacaqla təmin etdilər.
Bu gün hər bir azərbaycanlı fəxr edir ki, o dövrdə Sovet İttifaqında hasil edilən neftin 70 faizindən çoxu məhz bizim respublikanın payına düşmüşdür. Həmin illərdə azərbaycanlı neftçilər nəinki Bakı nefti ilə ön cəbhəni təmin etdilər, həm də Rusiyada yeni yataqlar açaraq, neft sənayesi tarixinə "İkinci Bakı" ifadəsini yazdılar.
Faşizm üzərində Qələbənin 65-ci ildönümü dünyanın bir çox dövlətlərində, o cümlədən bu möhtəşəm zəfərin qazanılmasına öz nefti ilə əvəzsiz töhfə vermiş Azərbaycanda da təntənəli şəkildə qeyd olunur. Böyük Vətən müharibəsinin müqəddəratında və faşizm üzərində Qələbədə Azərbaycan xalqının böyük xidmətləri olmuşdur. Bu döyüşün iştirakçıları sözün həqiqi mənasında qəhrəmanlıq salnaməsi yaratmış, qələbə qazanmışlar.
Təəssüf ki, siyasət meydanında peyda olan bir qrup siyasətbazların bu qələbəni saxtalaşdırmaq, xalqın qəhrəmanlığını əsassız olaraq gözdən salmaq cəhdləri də olmuşdur. Lakin ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ildə Böyük Vətən müharibəsi iştirakçılarının üzləşdikləri tarixi ədalətsizliyə son qoyuldu. Elə həmin ildən 9 may Azərbaycanda yenidən Qələbə günü kimi rəsmiləşdirildi. Müharibə iştirakçıları dövlətin diqqət və qayğısı ilə əhatə olundular, onların sosial müdafiəsi ildən-ilə gücləndi. Sağlamlıqlarının qorunması, müalicələri üçün pansionat istifadəyə verildi. Müntəzəm olaraq tibbi reabilitasiya vasitələri, pulsuz minik avtomobilləri ilə təmin edildilər. Bütün bunlar isə məhz ulu öndər Heydər Əliyevin təməlini qoyduğu qayğının bariz nümunəsidir.
1941-1945-ci illərdə böyük şücaət, qəhrəmanlıq göstərmiş insanların xatirəsinin əbədiləşdirilməsi istiqamətində respublikamızda sistemli və ardıcıl addımlar atılması ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. Məhz dahi rəhbərimizin təşəbbüsü, həyata keçirdiyi çoxsaylı tədbirlər nəticəsində Böyük Vətən müharibəsi iştirakçılarının şərəfli döyüş yolu gənc nəslin ideoloji-mənəvi, hərbi-vətənpərvərlik tərbiyəsində strateji amilə çevrilmişdir.
Yeri gəlmişkən, burada bir məqamı da xatırlatmaq istərdim. Xalqımız hər il mayın 9-nu Böyük Vətən müharibəsində faşizm üzərində Qələbə günü kimi qeyd edirsə, mayın 10-nu - dövlətçiliyimizin xilaskarı, dahi Heydər Əliyevin doğum gününü böyük təntənə ilə keçirir. Bəli, mayın 9-u və 10-u bizim üçün çox əziz, əlamətdar günlərdir. Birində tarixi qələbə qazanılıb, o birində isə Azərbaycanı bütün dünyada tanıdan, onu dağılıb-parçalanmaqdan qoruyan, inkişaf etdirən, qüdrətləndirən, müstəqillik yoluna çıxaran bir şəxsiyyət dünyaya gəlib. Elə bir şəxsiyyət ki, onun zəngin dövlətçilik irsi xalqımızın inkişaf yoluna daim nur çiləyir. Heç şübhəsiz ki, gələcək nəsillər də bu dühanın aydın, parlaq ideyalarından qidalanaraq Azərbaycan Respublikasının müstəqilliyini əbədi edəcək, dünya birliyində dövlətimizin mövqeyini daha da möhkəmləndirəcəklər.
Heydər Əliyevin rəhbərliyi altında işləmək, onun yaratdığı idarəetmə məktəbinin müdavimi olmaq böyük səadətdir. Belə səadətə nəsib olduğum üçün Tanrıya minnətdaram. Həyatımızın elə bir sahəsi yox idi ki, bu dahi insan onunla maraqlanıb, ortaya çıxan problemləri yoluna qoymasın.
Cəmiyyətimiz Heydər Əliyevə ən böyük qiymətini hələ bundan sonra verəcəkdir. Çünki onun tariximizdəki yeri müstəsna və danılmazdır, Azərbaycan xalqı və dövləti qarşısında xidmətlərinin dəyər və əhəmiyyətini isə zaman ötdükcə daha aydın hiss edirik. "Əminəm ki, Azərbaycan xalqı Heydər Əliyevin böyüklüyünü hələ bundan sonra daha dərindən dərk edəcək" - Ukraynanın keçmiş prezidenti Leonid Küçmanın 2003-cü il dekabrın 15-də Bakıda söylədiyi bu sözlər gerçəkdən çox anlamlı və düşündürücüdür.
Heydər Əliyevin 1969-1982-ci illərdə sovet Azərbaycanına rəhbərlik etdiyi, 1982-1987-ci illərdə SSRİ rəhbərliyində çalışdığı, eləcə də respublikaya rəhbərlikdən kənarda olduğu 1988-1993-cü illərdə, nəhayət, müstəqil Azərbaycanın dövlət başçısı postunda fəaliyyətini izləyərkən hər zaman bir gerçəklik aydın görünüb: Heydər Əliyev hər zaman xalqla birgə olub. Xalqa arxalanmaq, hər bir addımda onun dəstək və etimadına güvənmək Heydər Əliyev siyasətinin başlıca cəhəti olmuşdur. Bu baxımdan Heydər Əliyevin siyasi həyat yoluna nəzər salmaq Azərbaycan tarixinin mühüm bir mərhələsinə nəzər salmaq deməkdir. Öz növbəsində Azərbaycan xalqı da bu illərdə heç vaxt özünü Heydər Əliyevdən, onun rəhbər dühasından uzaqda, arxa-dayaqsız hiss etməyib, ona tapınıb və ümid edib.

{nl}

Mübariz QASIMOV, Respublika yardımçı internat məktəbinin direktoru

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında