Heydər ƏLİYEV: Şuşasız Qarabağ, Qarabağsız isə Azərbaycan yoxdur

Qarabağ xanlığı XVIII əsrin ortalarında Azərbaycan torpağında yaranmış on səkkiz xanlıqdan biri oldu. Xanlığın banisi Pənahəli xan Cavanşir nəslindən idi. Pənahəli xan Otuzikilər tayfasının başçısı, Cavanşir və Qazaxın 20 min həyətinin əmiri idi. O, özünü xan elan edərək, Qarabağ xanlığını düşmən basqınlarından müdafiə etmək üçün 1748-ci ildə Kəbirli mahalında Bayat qalasını tikdirdi.
Pənahəli xan Bayat qalasının strateji cəhətdən zəif olduğunu, orada qoşun saxlamağın çətinliyini nəzərə alıb yeni müdafiə qalası tikdirməyi qərara aldı və Ağdam yaxınlığında Şahbulağı adı ilə məşhur olan Tərnəküt qalasını inşa etdirdi. Az sonra o, xanlığın mərkəzini əlçatmaz yerə köçürdü və orada qala tikdirdi. Bu, Şuşa qalası idi.
Şuşa qalasının salınması 1750-1751-ci illərdən hesab edilir. Qarabağ tarixçilərinin verdikləri məlumata görə, 1750-ci ildəki Şuşakənddən bir qədər aralı, hündür, sıldırım dağ üstündə qalanın inşasına başlandı və 1756-1757-ci illərdə tikilib başa çatdırıldı. Pənahəli xan Şuşanı özünə paytaxt edib, oranı möhkəmləndirmiş, Qala-şəhərə çevirmişdi. Şəhər bir müddət Pənahəli xanın şərəfinə "Pənahabad", sonradan isə "Şuşa qalası" və "Şuşa" adlandırılmışdır.
1751-ci ildən sonrakı siyasi hadisələrdə həmişə Şuşa şəhərinin adı çəkilir. Şuşa qalası əsası qoyulduğu gündən bir çox hücumlara sinə gərmiş, qanlı döyüşlərin şahidi olmuşdur. "Qarabağnamə" müəllifləri göstərirlər ki, XVIII əsrin 50-ci illərində Pənahəli xan Şuşa qalasının möhkəmləndirilməsi ilə məşğul olarkən 1751-ci ildə İran şahı Məhəmməd Həsən xan Qacarın qoşunu Qarabağa hücum etmiş və şəhəri bir aya qədər mühasirədə saxlamışdır. Lakin qalanın möhkəm istehkamları İran şahını mühasirədən əl çəkib geri qayıtmağa məcbur etmişdi. Bir neçə il sonra isə, 1758-ci ildə Urmiya hakimi Fətəli xan Əfşar böyük ordu ilə Qarabağ xanlığı üzərinə hücuma keçmiş, 6 ay Şuşa qalasını mühasirədə saxlamış, ancaq ala bilməmişdi. Bu fakt onu göstərir ki, Şuşanın alınmaz qalaları və bürcləri cəmi bir neçə ay və il ərzində tikilib başa çata bilməzdi.
Bundan əlavə, Azərbaycanın görkəmli maarifçiləri A. Bakıxanov və F.Köçərli öz əsərlərində Şuşa şəhərinin Pənah xan tərəfindən "təmir və binasının vaqe olmasından" söhbət açmışlar. Deməli, Şuşa XVIII əsrdə, həm də boş yerdə yox, daha qədim tikililərin özülü üstündə yenidən bərpa edilmişdir. Şuşanın bir çox köhnə bina və küçələri Pənahəli xanın dövründə təmir olunmuşdur.
1985-ci ildə nəşr edilmiş "Azərbaycanın səyyah və coğrafiyaşünasları" adlı kitabda göstərilir ki, XV əsrin Azərbaycan mütəfəkkir və şairlərindən olan Yusif Qarabağlı Şuşada anadan olmuşdur. Deməli, Şuşa hələ XV əsrdə də məşhur bir şəhər kimi tanınmışdır.
Bununla yanaşı, ingilis səyyah və alimləri C.Morye və R.Burter Şuşanın qədimliyi ilə bağlı dəyərli mülahizələr söyləmişlər. C.Moryenin fikrincə, Şuşa hələ eradan əvvəl insan məskəni olmuşdur. R. Burter isə yazır: "Şuşada Qafqazın başqa yerlərində olmayan Avropa şəhərlərindəki kimi daş binalar, daş döşəməli geniş küçələr, qədim Roma hamamlarını xatırladan gözəl hamam qalıqları vardır". Bütün bunlar Şuşanın hələ çox qədimdən mövcud olması haqqında fikir söyləməyə əsas verir.
Qədim Şuşa haqqında Azərbaycan SSR Elmlər Akademiyasının 1981-ci ildə nəşr olunmuş "məruzələri"nin 7-ci sayında dərc olunmuş Ə.B.Şükürzadənin "Qarabağ xanlığının şəcərə cədvəli" məqaləsində deyilir: "Pənah xan monqollar tərəfindən dağıdılmış qədim Şuşanın yerində 1751-ci ildə yeni şəhər saldı". Deməli, Şuşa hətta XIII əsrdə də Azərbaycanın məşhur şəhərlərindən olmuşdur.
Şuşa XVIII əsrin ikinci yarısında Azərbaycanın qədim şəhərləri sırasında yenidən öz yerini tutmuş, eləcə də Yaxın Şərqə, Türküstana və Avropaya gedən karvan yolları ayrıcında yerləşən bu şəhər yunu, xalçası, ipəyi, dərisi, parçası və çini qabları ilə dünya bazarları miqyasına çıxmış, istehsal etdiyi sənaye və kənd təsərrüfatı məhsullarını Tehran, Təbriz, İstanbul, Bağdad, Səmərqənd, Moskva, Həştərxan kimi böyük şəhərlərdə sata bilmişdi.
Göründüyü kimi, istehsal prosesinin sürətlə inkişafı şəhərin iqtisadiyyatının möhkəmlənməsinə kömək etmiş, əhalinin sosial vəziyyətinə müsbət təsir göstərmişdi. Bu dövrdə Şuşada bir sıra əzəmətli məscid, mədrəsə və karvansaranın tikilməsi də, məhz onun xarici bazarlardan götürdüyü qazanc sayəsində mümkün olmuşdu...
Pənahəli xanın ölümündən sonra İbrahimxəlil xanın (1763-1806-cı illər) dövründə Qarabağ xanlığı daha da gücləndi. Xanlığın ərazisində Əskəran, Ağoğlan qalaları, Şuşa qalasının hasarı və s. diqqətəlayiq, strateji əhəmiyyətli qalalar tikilmişdi. Şəhər qısa müddət ərzində xeyli böyümüş, təbii gözəlliyi, hündür binaları və möhtəşəm qala divarları ilə diqqəti cəlb etmişdi.
İran şahı Ağa Məhəmməd Qacar 1794-cü ildə İbrahimxəlil xandan itaət etməyi, bu məqsədlə oğlunu girov göndərməyi tələb etdi, ancaq rədd cavabı aldıqdan sonra o, Qarabağa 8 minlik qoşun göndərdi. Lakin Əskəran qalası yaxınlığında Ağa Məhəmməd xanın qoşunları məğlub olub geri çəkildilər. Elə həmin ildə Ağa Məhəmməd xan Qacar qoşun və silahının sayını on qat artırmağa məcbur oldu.
1795-ci ilin yayında Arazı keçib Qarabağ istiqamətində bütün ərazidə hərəkət edən İran qoşunlarının sayı 85 min nəfərdən artıq idi. Qarabağa hücum edən şah qoşunlarına qarşı xanlığın bütün əhalisi mübarizəyə qalxmışdı. Şuşa qalasında 15 minlik xalq qoşunu yaradılmış, şəhərin müdafiəsində nəinki, kişilər, hətta qadınlar da iştirak edirdilər. İran qoşunları Şuşanı almaq üçün xarici qüvvələrdən və dövrün ən güclü silahlarından istifadə edirdilər. Fransız zabitlərinin komandanlıq etdiyi toplar Şuşanı üç gün atəşə tutdular. Lakin mərmilər şəhərin istehkamlarını dağıda bilmədi.
Ağa Məhəmməd qəti hücumla Şuşanı tutmağa bir neçə dəfə cəhd etmiş, lakin onun bütün hücumları böyük tələfata səbəb olmuş və dəf edilmişdi. Şəhər əhalisi qala divarları üstündən qalanı mühasirə edənlərin üzərinə daş və od yağdırırdılar. Şuşanın mühasirəsi 33 gün davam etmiş və bu müddət ərzində Ağa Məhəmməd şahın ordusu olduqca seyrəlmişdi. Onun demək olar ki, bütün topları sıradan çıxdığından, Qacar bu alınmaz qalanın mühasirəsindən əl çəkmişdi.
XVIII əsrin II yarısında mürəkkəb daxili və beynəlxalq şəraitdə Qarabağ xanlığı öz suverenliyini saxlaya bilən Azərbaycan feodal dövləti idi. Onun paytaxtı Şuşa şəhəri yarım əsrdən çox Azərbaycanın xarici istilalardan mühafizəsində əsas dayaq mərkəzi olmuşdur. Şuşanın qəhrəmancasına müdafiəsi, qala müdafiəçilərinin düşmən üzərinə hücumu, şəhərin alınmaz bir qalaya çevrilməsi, xanlığın yaradıcısı olan Pənahəli xanın sələfi İbrahimxəlil xanın bacarıqlı dövlət xadimi olmaqla bərabər, həmçinin, böyük sərkərdə olmasına sübut idi.
Şuşa qalası uzun illər boyu Azərbaycanın Qarabağ xanlığının paytaxtı olmuşdur. XVIII əsrin ikinci yarısından başlayaraq, şəhərin əhalisi sürətlə çoxalmış və Şuşa Azərbaycanın mühüm şəhərlərindən birinə çevrilmişdi. Hələ Pənahəli xanın dövründə şəhərdə böyük tikinti işləri aparılırdı. Günbəgün abadlaşan Şuşa get-gedə gözəlləşirdi. XVIII əsrin 80-ci illərində şəhərin dövrəsinə möhtəşəm qala divarları çəkildi. Bu dövrdə şəhərdə çoxsaylı sənətkar məhəllələri yaranır, ticarət daha sürətlə inkişaf edirdi. Şuşalı tacirlər Təbriz, Tehran, İsfahan, Moskva və başqa şəhərlərlə ticarət əlaqələri saxlayırdı. Şəhərdə "Pənahabadi" adlı gümüş sikkələr zərb edilirdi. Şuşanın gözəl mənzərəsi və uca dağlar qoynunda yerləşməsi səyyahları heyran etmiş, onları vəcdə gətirmişdi.
Məşhur rəssam V.Vreşşagin Şuşanı görəndən sonra yazmışdı: "Bu şəhərin evləri düzgün formalı, qəşəng və hündür olub, çoxsaylı və gözəl pəncərələrlə işıqlandırılır. Qayalıqlar qoynunda yerləşən bu şəhər elə həmin qayalıqlardan götürülmüş daşlardan tikilmişdir. Şəhərin bütün küçələrinə enli daş pilitələr döşənmiş, evlərin damları tirlərdən düzəldilmişdir".
XIX əsrin birinci yarısında şəhər əhalisinin sayı ətraf regionlardan ora gələn peşə sahibləri, alim və sənətkarların hesabına 20 minə çatmışdı. 1832-ci ildə şəhərin ayrı-ayrı yerlərində fəaliyyət göstərən sənaye obyektlərinin sayı belə idi: ipək parça istehsal edən 42 müəssisə, pambıq parça toxuyan 28 karxana, 20 gön-dəri zavodu, 1 kərpic, 1 sabun zavodu, 3 boyaqxana sexi.
XIX əsrin ikinci yarısında tikinti işləri Şuşada daha geniş vüsət almışdı. Xurşudbanu Natəvanın, Gövhər ağanın, Cəfərqulu xanın, Uğurlubəyin, Fərzəlibəyin, Nəcəfqulu ağanın, Hacı qulunun, Səfibəyin tikdirdiyi yeni tipli saray və imarətlər şəhərə xüsusi gözəllik verirdi. Dövlət tərəfindən əsası qoyulan bir sıra məktəb binaları, Qarabağın imkanlı adamlarının sayəsində ucaldılan məscid və hamamlar o zamankı memarlıq abidələrinin ən gözəl nümunələrindən sayılırdı. Şuşada "Bazarbaşı" deyilən yerdən "Şeytanbazara" qədər uzanan üstüörtülü ticarət mərkəzi və şəhərin əsas küçəsi "Rastabazar" adlandırılırdı. "Rastabazar"ın sıra ilə düzülən və daşları bir-birinə qurğuşunla bərkidilən sütunlardan, tağlardan ibarət olan və qalereyanı xatırladan səkiləri başdan-başa örtülü olduğundan bütün fəsillərdə quru və təmiz qalırdı. Küçənin ortası ilə nəqliyyat vasitələri hərəkət edirdi. Orta əsr Şərq üslubunda zövqlə tikilən bu bazar, həm də şəhərə xüsusi yaraşıq verirdi.
Şuşanın ticarət mərkəzinin bənzərsiz görkəmi onun magistralına bitişik iri bazar meydanı ilə tamamlanırdı. Şəhərin "Meydan" deyilən əsas meydanı Rastabazar küçəsi boyunca tikilmiş ibadətgah və ticarət təyinatlı tikililərdən, birmərtəbəli dükanlardan, ikimərtəbəli karvansaradan və qoşa minarəli yaraşıqlı cümə məscidindən ibarət idi. Şuşanı kurort şəhərinə çevirmək ideyası da o illərə təsadüf edir. Məşhur klimatoloqlar dəniz səthindən 1403 metr hündürlükdə yerləşən bu mənzərəli şəhərin iqlim şəraitini, fauna və florasını dəqiq yoxladıqdan sonra mülayim təbiətli Şuşanın böyük müalicəvi əhəmiyyətli bir şəhər olduğunu söyləmişdilər. 1854-cü ildə şəhərdən cənubda, 18 kilometr aralı Turşsu deyilən səfalı guşədə mədən suyunun çıxması da alimlərin mülahizəsini doğrultdu. Ürək-damar sisteminin, mədə və bağırsaqların fəaliyyətini tənzim edən bu suyun müxtəlif növlərindən istifadə olunmaq məqsədi ilə həmin yerdə müalicə otaqlarından, su vannalarından ibarət hamam da tikilmişdi. Şuşa sovet dövründə də ümumittifaq kurortu kimi tanınmış, bu cür müalicəvi suyun olduğunu eşidənlər yay aylarında Şuşaya gələrək müalicə olunurdular.
Bununla yanaşı, Şuşanın gözəl təbiəti, coğrafi mövqeyi, xüsusilə, çox mühüm strateji əhəmiyyətli qala olmasını bir sıra tədqiqatçılar dəfələrlə bildirmişlər. Belə ki, bunu XIX əsrdə yaşamış Qarabağ tarixçisi Əhməd bəy Cavanşir də təsdiqləyir: "Cənub tərəfdən, Girs dağından Şuşaya bir nəzər saldıqda, ətəklərində bu şəhərin yerləşdiyi alınmaz qaya ilə şəhərin yarımdairəvi görünüşü duman arasından içərisində maye qaynadıldığına görə buxarlanan nəhəng bir mis qazanı xatırladır... Cənub-şərq tərəfdən Şuşanı sıldırım qayalı dərə əhatə edir."
(ardı var)

{nl}

Elçin ƏHMƏDOV, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası beynəlxalq münasibətlər və xarici siyasət kafedrasının dosenti, siyasi elmlər namizədi

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında