Neftçala: Kür axarı, Xəzər genişliyi

Ulu öndərin bu rayona qayğısı minnətdarlıqla xatırlanır

{nl}

Hər dəfə Neftçaladan söz düşəndə bu torpağin alim oğlu- pedaqoji elmlər doktoru, professor, əməkdar müəllim Əjdər Ağayevin sözlərini xatırlayıram: "Bu yurdu Heydər Əliyev zəkası inkişaf etdirib, tanıtdırıb. Heydər Əliyevin baxışları seyr edib, işıqlandırıb. Burada Heydər Əliyevin sözləri səslənib, Kürün, Xəzərin sahillərində ürəklərdə Kür əzəməti, Xəzər genişliyi yaradıb. Neftçalanın bütün gözəlliklərində ulu öndərin müdrikliyi bir daha təzahürünü tapıb. Neftçalanı gəzdikcə iftixar hissi keçirirsən, duyğuların ucalığına yüksəlirsən. Bu torpaqdan ömür payı alan bir övlad kimi Heydər əmanəti Neftçalaya məhəbbətlə, fədakarlıqla xidmət əzminə yiyələnirsən".
Hörmətli pedaqoq-alim bu fikirlərində ona əsaslanır ki, yeraltı sərvətləri hesabına 1940-cı ildən inzibati rayon statusu alan Neftçala keçmiş SSRİ məkanında özünə layiq yerlərdən birinə çevrilsə də, sonralar müxtəlif səbəblər üzündən ləğv edilərək Salyana birləşdirilib və bu yerlər get-gedə tənəzzülə uğrayıb. Nəhayət, ümummilli liderimiz Heydər Əliyevin uzaqgörənliyi və şəxsi təşəbbüsü sayəsində 1973-cü ildə Neftçala Salyandan ayrılaraq yenidən müstəqil rayona çevrilib. Tezliklə Neftçala sürətlə inkişaf edib. Vaxtilə iki rayonun birlikdə istehsal etdiyi kənd təsərrüfatı məhsullarını neftçalalılar rekord həddə çatdırıblar. Yeni rayonun yaradılmasının son nəticəsi göstərib ki, böyük rəhbər təşəbbüsündə çox haqlı olub və çox düzgün qərar verib.
Neftçala rayonunun yaradılmasından altı il sonra-1979-cu il may ayının 30-da ulu öndər buraya səfər edib. Bu barədə ətraflı məlumatlar rayon mərkəzindəki Heydər Əliyev muzeyinin iki xüsusi ekspozisiyasında nümayiş etdirilir. Stendlərlə tanış olduqca neftçalalıların ürək dolu xatirələri ilə yadda qalan unudulmaz görüşlər göz önündə canlanır. Rayonda qarşılanma, şəhərlə tanışlıq, Aşağı Qaramanlı kəndinin sakinləri ilə görüşlər, yeni mədəniyyət evi və istirahət parkında səmimi söhbətlər, Bankə qəsəbəsində balıq məhsulları istehsalının inkişafı ilə bağlı mütəxəssislərlə işgüzar müzakirələr... dahi şəxsiyyətin Vətənimizin hər bir guşəsini necə böyük məhəbbətlə sevdiyini bir daha göstərir.
Neftçalalılar 2007-ci il avqustun 23-də ulu öndərin layiqli davamçısı, ondan sonra xalqımızın ümid çırağını inam məşəlinə çevirən hörmətli Prezidentimiz İlham Əliyevin rayona tarixi səfərini də iftixarla xatırlayırlar. Dövlətimizin başçısı yeni muzeylə yaxından tanış olub və "Xatirə kitabı"na ürək sözlərini yazıb: "Neftçalada gedən abadlıq-quruculuq işləri, rayonun inkişafındakı müsbət dəyişikliklər məni sevindirir". Ölkə rəhbərinin görülən işlərə yüksək qiymət verməsi hər bir neftçalalının qəlbində xoş duyğular oyadıb və onları daha böyük qələbələrə ruhlandırıb.
Prezident İlham Əliyev rayon ictimaiyyəti ilə görüşü zamanı Neftçalaya qayğını daha da artırmaq zərurətini vurğulamışdır: "Neftçala magistral yollardan kənarda yerləşir. Amma bu o demək deyil ki, buraya diqqət az olmalıdır. Əksinə, buraya diqqət daha da çox olmalıdır. Burada gedən proseslərə daha da böyük dəstək verilməlidir". Dövlət başçısı yenə də öz sözünün üstündə durmuş və Neftçalaya gəlişindən cəmi alti gün sonra rayon üçün çox önəmli bir sərəncam imzalamışdır. Həmin sərəncamla dövlət büdcəsindən rayonun inkişafına əlavə vəsait ayrılmış və rayonun təbii qazla təchizatının yaxşılaşdırılması üçün tədbirlər müəyyənləşdirilmişdir.
Neftçalanın ziyalıları deyirlər ki, rayonumuzun bugünkü çiçəklənməsi, əhalinin artması, şəhərimizin, qəsəbələrimizin, kəndlərimizin böyüməsi məhz 1973-cü ildə Heydər Əliyev dühasının qətiyyəti nəticəsində və onun xeyir-duası ilə Neftçala rayonunun yaradılması sayəsində mümkün olub. Yoxsa bu günə qədər buralar ucqar əyalət kimi qalacaqdı. Sonralar Hacıqabul, Ağstafa, Xızı kimi rayonların yaradılması da ulu öndərimizin uzaqgörən siyasətinin nəticəsi idi. İndi xəritəyə baxanda bugünkü Neftçala Azərbaycanımızın yaxasında elə onun özünə bənzəyən parlaq bir ulduz kimi görünür.
Ölkəmizin ahəngdar inkişafını təmin edən birinci Dövlət Proqramında Neftçala rayonu üzrə həlli nəzərdə tutulmuş 16 tədbirin hamısı uğurla yerinə yetirilib. 2009-2013-cü illəri əhatə edən ikinci Dövlət Proqramında bu rayonla bağlı daha qlobal məsələlər öz əksini tapıb. Mart ayında Bakıda Dövlət Proqramının icrasının ilk ilinin yekunlarına həsr olunmuş konfransda çıxış edənlərdən biri də Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov idi. O qeyd etdi ki, Neftçalada 10 il əvvəl insanları narahat edən problemlərin xüsusi çəkisi bu gün yox dərəcəsinə enmişdir. Vaxtilə "neft çalası" kimi tanınan, müasirlikdən uzaq olan bu rayon indi çiçəklənmə mərhələsinə qədəm qoymuşdur. Ötən il rayonda sənaye istehsalına sərmayə qoyuluşu 2003-cü illə müqayisədə 5,7 dəfə artaraq 25 milyon manat təşkil etmişdir. Əgər altı il əvvəl sənaye istehsalının həcmi ümumi daxili məhsulun cəmi 5,2 faizi qədər idisə, keçən il dörd dəfə artaraq 23,4 faizə yüksəlmişdir. Ümumi istehsalın həcmi 5,6 dəfə, əhalinin gəlirləri 4,3 dəfə çoxalmışdır.
Cari ilin birinci rübünün yekunları da fərəhlidir. Rayonda beş yeni müəssisə yaradılıb, 54 fiziki şəxs fəaliyyətə başlayıb. İki yüzə qədər daimi yeni iş yeri açılıb. Kənd təsərrüfatında mövsümi işlərə altı yüzədək adam cəlb edilib. Sənaye sahələrində 4 milyon manatlıqdan artıq məhsul istehsal olunub. Bu, ötən ilin həmin dövründəkindən 2,1 dəfə çoxdur. Ümumi məhsulun həcmində qeyri-dövlət bölməsinin payı 94,2 faizə çatıb. Rübün yekunlarına görə, rayon üzrə hər bir işçinin orta aylıq əməkhaqqı 180,5 manat təşkil edir (müqayisə edilən dövrdəkindən 10,7 faiz çox). 2010-cu ilin məhsulu üçün taxıl əkini sahələri xeyli genişləndirilərək 40224 hektara çatdırılıb. Hazırda pambıq və digər yazlıq əkinlərlə əlaqədar işlər həyata keçirilir.
Ümummilli lider Heydər Əliyevin irsinin öyrənilməsi rayonun məktəblərində daim diqqət mərkəzində saxlanır. Ulu öndərin anadan olmasının 87-ci ildönümü münasibətilə "Müstəqil Azərbaycan dövləti Heydər Əliyevin şah əsəridir" mövzusunda keçirilmiş inşa müsabiqəsində şagirdlər yüksək bilik nümayiş etdiriblər. Onlar yazılarında unudulmaz böyük şəxsiyyətin Neftçalaya göstərdiyi diqqət və qayğı barədə müəllim və valideynlərindən eşidib-bildiklərini də böyük məhəbbətlə qələmə alıblar.
...Razim Nəcəfov ömrü, taleyi başdan-başa Neftçalanın salnaməsi ilə bağlı olanlardandır. Neftçi-geoloqdur. Yod-brom zavodunda direktor olub. Hazırda müəssisənin baş məsləhətçisidir. Həm 1979-cu ildə ulu öndərin, həm də 2007-ci ildə Prezident İlham Əliyevin Neftçalaya səfərlərinin canlı şahidi olub.
- Prezident İlham Əliyevi qarşılayanda mənə elə gəldi ki, 1979-cu ili təkrar yaşadım. Həmin vaxt, mayın 30-da ulu öndərimiz, türk dünyasının böyük oğlu Heydər Əliyevin rayonumuza səfəri əsl bayrama çevrilmişdi. Mən o dahi şəxsiyyəti yod-brom zavodunda qarşılamışdım. Göstəriş və tövsiyələrini, yeni korpus tikən inşaatçılar üçün lazımi şərait yaratmaq barədə tapşırıqlarını indiki kimi xatırlayıram... Düz 28 il sonra isə onun yolunu davam etdirən layiqli varisini, möhtərəm Prezidentimiz İlham Əliyevi Neftçalada sevinclə qarşılayırdıq. Dövlətimizin başçısı bizim müəssisəyə gəldi, zavod işə salındı. Həmin gün kimyaçılarımızın sevinci hədsiz idi. Bu sevinci onlara möhtərəm Prezidentimiz bəxş etmişdi.
1996-cı ildən fəaliyyəti dayanmış zavod bilavasitə onun sərəncamı ilə respublikada birincilər sırasında özəlləşdirilmiş və müəssisənin bərpası, gələcək inkişafı üçün tapşırıqlar verilmişdi. Bu gün artıq zavodda yüzlərlə adam çalışır. İstehsal olunan yod məhsulunun həcmi iki dəfədən çox artıb. Hazırda 3-cü blokda işlər davam etdirilir. İşçilərimizin sayı daha da artırılacaq.
...Unudulmaz şairimiz, alovlu tribun Xəlil Rza Ulutürk Neftçala rayonunun Pirəbbə kəndində dünyaya göz açıb. Bu gün rayon məktəbliləri onun əsərlərini, xüsusilə də ulu öndər Heydər Əliyevə və Atatürkə həsr etdiyi şeirləri tədbirlərdə əzbərdən söyləyir, bir qayda olaraq sürəkli alqışlarla qarşılanırlar:
Dərin, mavi gözləri sakit yanan od-ocaq, Alovunda satqınlar yanacaq, kül olacaq,
Qaranlıqda işıqdır, o işığa yol açaq,
Məsləki varlığından böyükdür, min qat böyük,
Böyüklük heykəlidir Dədə Heydər- Atatürk!
Ulu öndər Heydər Əliyev ideyalarının təcəssümü olan Neftçala rayonu möhtərəm Prezidentimiz İlham Əliyevin şah əsəri sayılan regional inkişaf Dövlət Proqramının sayəsində böyüyüb-gözəlləşir, daha aydın üfüqlərə qovuşur.

{nl}

Əli NƏCƏFXANLI, "Xalq qəzeti"

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında