Azərbaycanın dövlətçilik tarixinə imza atan, bu tarixin yazılmasında rolu olan neçə-neçə sərkərdə, hökmdar, dövlət başçısı, ictimai-siyasi xadim arasında, bəlkə də, ulu öndərimiz Heydər Əliyev kimi hələ sağlığında insanların şüuruna, ürəyinə hakim kəsilən ikinci bir şəxsiyyət yoxdur. Heydər Əliyev daim zamanın fövqündə durub, öz millətinin iradəsinin ifadəçisi, öndəri olub. Onun adı məkan və zaman sərhədlərini aşaraq bütün dünyaya yayılıb, əməlləri və ideyaları ilə təkcə bu günümüzün yox, həm də sabahımızın, gələcəyimizin simasını müəyyənləşdirib. Ulu öndərimiz çiyinlərində bir xalqın varlığını, bütün bəşəri keyfiyyətlərini, dövlətçiliyin missiyasını ləyaqətlə daşıyıb.
Öz gücünü, enerjisini, yeni dövlət və cəmiyyət yaratmaq əzmini, ümid-pənah yerini xalqda görən bu dahi şəxsiyyət sovet siyasi sisteminin ən güclü dövründə belə infrastrukturu, güclü kadr bankı olmayan, intellektual potensialı dağınıq bir ölkədə qısa zaman kəsiyində böyük quruculuq işləri apardı, möhkəm bir bünövrə yaratdı. Elə bir bünövrə ki, bununla da Azərbaycan uzun illər davam edən iqtisadi asılılıqdan xilas oldu, keçmiş SSRİ dövründə dotasiyasız yaşayan üç sovet respublikasından birinə çevrildi.
Bəli, Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi işlədiyi illərdə iqtisadi sahədə böyük uğurlar qazanıldı, elm, mədəniyyət, incəsənət, ədəbiyyat sürətlə inkişaf etdi. Azərbaycan SSRİ-də ən qabaqcıl respublikalardan biri kimi tanındı.Dahi şəxsiyyət SSRİ Nazirlər Soveti sədrinin birinci müavini işləyərkən özünü fövqəldövlətin ən istedadlı rəhbərlərindən biri kimi göstərmiş, sovet rəhbərliyində təmsil olunan yeganə türk-müsəlman kimi bütün dünyanın diqqət mərkəzində dayanmışdı.
Heydər Əliyev bu illərdə bütün SSRİ-nin həyatında taleyüklü sayılan layihə və qərarların müəllifinə çevrildi. Çox keçmədi ki, onun adı sovet dövlətinin başçısı postuna ən layiqli və real namizəd kimi hallanmağa başladı. Çox sonralar bilinəcəkdi ki, Heydər Əliyevə bir məsələdə əngəl törədən ən böyük maneə onun türk-müsəlman olması imiş. Onu sonralar Qərb mətbuatından öyrənəcəkdik ki, Heydər Əliyev SSRİ-nin birinci şəxsi olacağı təqdirdə böyük bir məkanda, dolayısı ilə bütün dünyada baş verən proseslərin axarı tamam başqa cür olacaqdı.
1987-1990-cı illər Heydər Əliyevin həyatında ən ağır dövr idi. O, Moskvada faktiki olaraq ev dustağına çevrilmiş və Qorbaçovun ermənipərəst bandasının təzyiqləri altında yaşamaq məcburyyətində qalmışdı. Bu dövrdə üzləşdiyi ağır xəstəlik, siyasi basqılar, 20 Yanvar faciəsi dahi şəxsiyyətə sarsıdıcı zərbə olsa da, o, öz əzmi, dəyanəti, iradəsi, qeyri-adi insani keyfiyyətləri ilə yenidən hamını heyrətləndirirdi. Heydər Əliyev bu çətinliklərə mətanətlə dözdü və 1990-cı ilin yayında onu fiziki cəhətdən məhv etmək istəyən düşmənlərin hiylələrini puça çıxararaq Bakıya qayıtdı. Çox təəssüf ki, Heydər Əliyev paytaxtda bir qrup nankor şəxsin hücumuna məruz qaldı və çıxış yolunu ata-baba yurdu Naxçıvana getməkdə gördü. Naxçıvanda xalq sevgisi ilə qarşılanan Heydər Əliyev üç il ərzində muxtar respublikanın problemləri ilə məşğul oldu, onun ermənilərdən müdafiəsini və yaşamasını təmin etdi. Azərbaycandan tamamilə ayrılmış, mühasirədə olan Naxçıvan məhz Heydər Əliyevin yorulmaz fəaliyyəti, prinsipiallığı ilə aclıq, soyuq, işğal təhlükəsini sovuşdurdu.
O dövrdəki vəziyyətin bəzi məqamlarını xatırlatmfq istərdim. Paytaxt Bakıda siyasi mübarizələr kəskin xarakter almışdı. Azərbaycanın siyasi rəhbərliyi bir çox hallarda yeni tarixi mərhələnin mənzərəsini düzgün qiymətləndirə bilmir, vəziyyətdən çıxış yolunu müəyyənləşdirən qərarların qəbulunda çətintik çəkir, xalqı birləşdirən çağırışlara mənfi münasibət bəsləyirdi. Naxçıvanda da ab-hava ürəkaçan deyildi. Muxtar respublikaya dəmir yolu işləmirdi. Ermənistan üzərindən təyyarələrin Naxçıvana uçuşu mümkün deyildi, təhlükəsiz uçuşa zəmanət verilmirdi. Belə ağır bir durumda qarşıda duran vəzifələr mürəkkəb və çətin idi - həm ictimai vəziyyəti sabitləşdirmək, sosial problemləri azaltmaq, xalqın düşünən adamlarını bir araya gətirmək, ümumi fikri bir məqsədə - Azərbaycanın taleyüklü məsələlərinin həllinə yönəltmək lazım gəlirdi. Ulu öndərimiz gecəli-gündüzlü yorulmaq bilmədən çalışırdı. Türkiyə Respublikasının yüksək vəzifəli şəxsləri ilə əlaqə saxlayır, Qars müqaviləsinin tələblərini gündəmə gətirir, həm də Naxçıvanla bağlı yeni siyasi təkliflər irəli sürürdü. Əlbəttə, bütün bunlar səmərəsiz qalmırdı, muxtar respublikanın ağır, gərgin vəziyyətdən xilas yollarının müəyyənləşməsinə müsbət təsir göstərirdi.
Yeri gəlmişkən, tam qətiyyətlə deyirəm: o dövrdə bu işləri, özü də çətin, mürəkkəb vəzifələri Heydər Əliyevdən başqa digər bir lider yerinə yetirə bilməzdi. Çünki ulu öndərimizdə yaranmış tarixi şəraitdə həlli vacib problemləri görmək, hadisələrin ardıcıllığını müəyyənləşdirmək qabiliyyəti vardı. Dahi şəxsyyətdə xalqa bağlılıq çox güclü idi, fenomenal təfəkkür sahibiydi, hadisələri proqnozlaşdırmaq, onlarla problem və məsələ içərisində əsası olanı dəqiqliklə seçmək istedadı vardı. Dahi Heydər Əliyev sadalanan keyfiyyətlərlə yanaşı, böyük səbr və dözüm, təmkin də nümayiş etdirirdi, daha doğrusu, bütün bunlar onun əsas xarakterik xüsusiyyətləri idi. Həyatda əldə etdiyi uğurlarda bu xüsusiyyətlər az rol oynamamışdı. Həmin dövrdə Rusiya qəzetlərindən birinə verdiyi müsahibədə deyirdi: "Mən həyatda çox böyük sarsıntılar keçirməli olmuşam. Onlara yalnız möhkəm əsəb və güclü xarakter sayəsində dözmək mümkün idi. Yüksək vəzifələrə irəli çəkdiyim, inandığım adamlar mən istefa verdikdən sonra məndən üz döndərdilər, xəyanət etdilər, böhtanlara məruz qalmışam, mənə çox şər atıblar. Lakin hər şeyə dözmüşəm".
Heydər Əliyevin həyatın bütün sınaqlarından uğurla çıxmasında əsas səbəb onun xalqa bağlılığı idi. Dahi öndər bütün dönəmlərdə xalqa arxalanıb, xalqdan güc alıb. Ən çətin problemlərin həllində, məsələlərin çözülməsində xalqla məsləhətləşib. Xalqın çağrışına, dəvətinə biganə qalmayıb. Xalqın ən çətin, faciəli günlərində kənarda qalmağı, sakit, təhlükəsiz ömür yaşamağı qüruruna belə sığışdırmayıb. Dahi öndərin bununla bağlı bir müsahibəsində dediklərini yaxşı xatırlayıram: "...Mən o adamlardan deyiləm ki, deyəm siz məni seçin, dərhal müharibəni qurtarım və yarım ildən sonra yağ-bal içində yaşayacaqsınız... Ali Sovetin deputatları məndən soruşurlar ki, bizə nə vəd edirsiniz? Birmənalı cavab verdim: Heç nə. Mən peyğəmbər deyiləm və sabah nə olacağını da bilmirəm. Bəlkə daha pis olacaq, amma bir şeyi bilirəm: bu dəhşətli anda hər şeyi atıb getmək adamlara xəyanət etmək deməkdir".
Ulu öndərimiz Naxçıvanla bağlı hisslərini, düşüncələrini 1999-cu ildə muxtar respublikanın 75 illiyi münasibətilə keçirilən təntənəli mərasimdə demişdir:"Naxçıvanda doğulmağım, ərsəyə gəlməyim, təhsil almağım mənim üçün bir doğma Vətən kimi əzizdir. Azərbaycana rəhbərlik etdiyim zaman Naxçıvanda quruculuq işlərinin görülməsindəki fəaliyyətim də mənim üçün əzizdir. Ancaq mənim üçün bunların hamısından əzizi 1990-cı ildən 1993-cü ilə qədər burada sizinlə bir yerdə yaşamağım, bir yerdə çalışmağım, işləməyim olubdur".
Bəli, dahi öndərimizin Naxçıvanda işlədiyi, yaşadığı illər onun üçün əziz olduğu qədər də əzablı, çətin, ağır keçib. Ona görə ki, həmin illər Azərbaycanın Şərqə açılan qapısı sayılan bu qədim diyarın başı üstündə qara buludlar dolaşırdı. Bir tərəfdən ermənilər, digər tərəfdən isə Azərbaycan rəhbərliyi, eləcə də Naxçıvanın daxilindəki mürtəce qüvvələr burada həyatın sakit məcrada keçməsindən əndişələnirdilər. Ulu öndərimizin milli dövlətçilik baxımından düzgün və müstəqil siyasət yeritməsi də Bakıdakı rəhbərlərin xoşuna gəlmirdi, başqa sözlə, həmin şəxslərdə qısqanclıq hissi yaradırdı. Məhz elə buna görə də 1992-ci ilin oktyabr ayında muxtar respublikada dövlət çevrilişinə cəhd göstərilmişdi. Xalq Cəbhəsinin silahlı dəstələri burada Daxili İşlər Nazirliyinin, televiziyanın binalarını zəbt etmişdilər. Ancaq bu ağır məqamlarda naxçıvanlılar ulu öndərimizi tək buraxmadılar, onun səsinə səs verdilər, ona arxa-dayaq durdular...
O illərdə Naxçıvan ən üzüntülü günlərini yaşayırdı. Ermənilərin hər an gözlənilən hücumları, Xalq Cəbhəsinin qanunsuz hərəkətləri, blokadada yaşayan muxtar respublikanın iqtisadi-sosial problemləri qarşısında ancaq Heydər Əliyev kimi dahi şəxsiyyət qala və sadalanan çətinlikləri aradan qaldıra bilərdi... Naxçıvanı müdhiş fəlakətdən Heydər Əliyev müdrikliyi, Heydər Əliyev şəxsiyyəti xilas etdi.
Ulu öndərimizin bir neçə dəfə Ermənistan rəhbərliyi ilə danışıqlar aparması, sərhəddə görüşlər keçirməsi, atəşkəs əldə etməsi Naxçıvanın taleyində həlledici rol oynadı. Dahi rəhbərin uzaqgörənliklə yeritdiyi bu siyasi xətt muxtar respublikanın yaşamasına, təcavüzdən qorunmasına, gələcək inkişafına əlverişli şərait yaratdı.
Naxçıvanlılar Heydər Əliyevin hakimiyyəti dövründə olduğu kimi, bu gün də doğma torpaqlarını, qoca Şərqin bu dilbər guşəsini hər hansı bir təcavüzdən qoruyur,Vətən, yurd sevgisi ilə yaşayır-yaradırlar. Onlar möhtərəm dövlət başçımız İlham Əliyevin Azərbaycanın inkişafı, tərəqqisi yolunda atdığı bütün addımları, verdiyi qərarları ürəklə dəstəkləyirlər. Yaxşı bilirlər ki, Azərbaycanın hər bir guşəsi, eləcə də Naxçıvan cənab İlham Əliyevin diqqət və qayğısı ilə gələcəkdə daha da qüdrətlənəcək, güclənəcəkdir. Bu fikri Azərbaycan Prezidentinin Naxçıvan barədə dediyi sözlər də təsdiqləyir: "Naxçıvan Heydər Əliyevin doğma Vətənidir. Mən də bu hisslərlə yaşayıram. İstəyirəm biləsiniz ki, mənim də qəlbimdə Naxçıvanın xüsusi yeri var və bu yer çox böyükdür. Bu torpaq mənim də Vətənimdir. Əminəm ki, biz - Heydər Əliyevin davamçıları Naxçıvanı da, Azərbaycanı da Heydər Əliyevin yolu ilə inamla yeni qələbələrə doğru aparacağıq".
Ulu öndərimizin Azərbaycan qarşısında xidmətləri haqqında çox deyilib, çox yazılıb, bundan sonra da cild-cild kitablar işıq üzü görəcək. İllər ötdükcə xalqımızın bu dahi insana sevgisi, məhəbbəti də güclənəcək. Çünki zaman keçdikcə Heydər Əliyevin Azərbaycanın müstəqilliyi yolunda fədakar fəaliyyəti, insanların xoşbəxt gələcəyi üçün gecəli-gündüzlü qurub yaratması daha aydın görünür, dərk edilir.
Qeydlərimin sonunda bir məqama da toxunmağı lazım bilirəm. Heydər Əliyevin xəstələndiyi vaxtlarda etiraf edim ki, xalqımızın daxilində bir narahatlıq yaşanırdı.Heydər Əliyev kimi bir dahinin, bir xilaskarın fiziki ömrünün sonundan sonra xalqımızın taleyi necə olacaqdı sualı insanları açığı deyim ki, üşəndirirdi, qorxudurdu: Azərbaycan yenə də fəlakət girdabına sürüklənə, parçalana, dağıla bilər, müharibə odu-alovu itirilmiş torpaqların miqyasını daha da genişləndirə bilər di.
Amma Heydər Əliyev elə dahi şəxsiyyət idi ki, özündən sonra Azərbaycanın gələcəyi barədə də düşünmüşdü və dövlət quruculuğu prosesinin ardıcıllığını reallaşdıran əsaslar yaratmışdı. Bu gün bu əsasların bəhrəsi göz önündədir...
Ümummilli liderimiz Heydər Əliyev Prezident İlham Əliyevin şəxsində Azərbaycanın müstəqilliyinin, ölkəmizin sosial-iqtisadi inkişafının təminatçısını, özünün layiqli davamçısını müəyyənləşdirdi.
Ölkəmiz bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni uğurlara imza atır, möhkəmlənir, inkişaf edir, qüdrətlənir. Azərbaycanın hər bir vətəndaşı ulu öndərimizin ideyalarına sadiq qaldığından bu ideyaları gerçəkləşdirən İlham Əliyevin ətrafında sıx birləşir, dövlət başçımızın fəaliyyətinə dəstək olur. Bu ideyalar hələ uzun onilliklər xalqımızın parlaq sabahlara doğru yolgöstərəni olacaqdır.
{nl}
Məhəmməd İSMAYILOV, iş adamı
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.