Minsk qrupunun amerikalı həmsədri: Dağlıq Qarabağ münaqişəsinin tərəfləri danışıqlar prosesinin çox mühüm mərhələsindədirlər

"Trend"in məlumatına görə, ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Robert Bradtke ABŞ-ın Rusiyadakı səfirliyində keçirilən brifinqdə Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin Kazan görüşü ilə bağlı deyib: "Mənim nöqteyi-nəzərimcə, bu, Ki-Vestdə sülh sazişinin əldə olunması üçün səylərin göstərildiyi 2001-ci ildən etibarən danışıqlar prosesində çox mühüm mərhələdir". Məlumatı "Azadlıq Radiosu"nun Ermənistan xidməti yayıb.
Robert Bradtke ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin prezidentlərinin Dovil bəyanatını xatırladıb. Həmin bəyanatda ABŞ Prezidenti Barak Obama, Rusiya Prezidenti Dmitri Medvedev və Fransa Prezidenti Nikola Sarkozi Dağlıq Qarabağ probleminin sülh yolu ilə nizamlanması üçün qəti addımlar atmağa hazır olduqlarını ifadə ediblər və münaqişə tərəflərini Kazandakı görüş zamanı nizamlanmanın əsas prinsipləri üzrə razılığa gəlməyə çağırıblar.
"Əsas prinsiplər sülh sazişi deyil. Bu, 14 bənddən ibarət 5,5 səhifəlik çərçivə sənədidir və münaqişə tərəflərinə nizamlanmaya nail olmaq üçün danışıqları necə aparmaq lazım olduğunu göstərir. Bu, nazirlər üçün yekun sülh sazişinə nail olmaq üçün vacib məsələləri necə tərtib etmək üzrə göstərişdir", - deyən amerikalı həmsədr qeyd edib ki, bu sənəd ətrafında danışıqlar uzun müddətdən bəri aparılırdı və 2007-ci ildən sonra danışıqlar daha da intensivləşib. Həmsədrlər - ABŞ, Rusiya və Fransa - bu sənədlər üzərində illərlə işləyiblər və tərəflərin mövqelərini onlar üçün əlverişli olan formada yaxınlaşdırmağa cəhd ediblər. "İndi biz bu mərhələyə çatmışıq və mən bir daha üç ölkə prezidentinin masa üzərindəki danışıqlar sənədinin ədalətli və balanslaşdırılmış olduğuna inandıqlarını qeyd etdikləri Dovil bəyanatına istinad etmək istəyirəm. O, tərəflərə irəli getməyə və yekun sülh sazişi ətrafında danışıqlar aparmağa imkan verir. Bu səbəbdən də təkrar edirəm ki, biz vacib mərhələdəyik", deyən - Bradtke vurğulayıb ki, Kazandakı görüş Rusiya Prezidenti Dmitri Medvedevin himayəsi altında keçsə də, ABŞ da danışıqlar prosesində fəal iştirak edir. Bradtke Barak Obamanın Azərbaycan və Ermənistan prezidentləri ilə görüşünü, eləcə də ABŞ, Rusiya və Fransa prezidentlərinin bu il Dovildə, ötən il Muskokda və inişil Akvildə qəbul edilən birgə bəyanatlarını xatırladıb. O, həmçinin ABŞ dövlət katibi Hillari Klintonun nizamlanma prosesindəki fəal səylərini də qeyd edib, onun ötən il Ermənistana və Azərbaycana səfərlərini, eləcə də hər iki ölkənin prezidentləri və XİN rəhbərləri ilə müntəzəm görüşlərini diqqətə çatdırıb.
"Bizim ümumi marağımız budur ki, müharibə olmasın. Biz dinc nizamlanmaya həqiqətən də alternativin olmamasında ruslarla və fransızlarla həmrəyik. İndi biz buradayıq və sual belədir - tərəflərin nizamlanma prinsiplərini qəbul etməyə və növbəti mərhələyə keçərək prinsipləri yekun sülh nizamlanmasının ən mühüm detallarına çevirmək üçün siyasi iradəsi varmı". Robert Bradtke belə hesab edir ki, iyunun 24-də Kazanda Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin Dağlıq Qarabağ üzrə üçtərəfli görüşündə bu suala cavab tapacağıq.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında