Şriftin ölçüsü:
08.05.2010 03:10 | Oxunma sayı: 483
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü ilə əlaqədar "Heydər Əliyev - qaçqın və məcburi köçkünlər" mövzusunda tədbir və "Qaçqın və məcburi köçkünlərə Prezident qayğısı" kitabının təqdimat mərasimi keçirilmişdir.
Baş nazirin müavini Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov ulu öndər Heydər Əliyevin öz yurd-yuvalarından didərgin düşən soydaşlarımızın sosial müdafiəsinin gücləndirilməsi, onların yaşayış səviyyəsinin yaxşılaşdırılması barədə həyata keçirdiyi mühüm əhəmiyyətli tədbirlərdən danışdı. Qeyd etdi ki, ümummilli liderin rəhbərliyi ilə 1993-2003-cü illərdə bu istiqamətdə genişmiqyaslı işlər görülmüşdür. Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarına hərbi təcavüzü nəticəsində doğma ocaqlarından didərgin salınmış soydaşlarımızın bütün qayğıları, problemləri dövlətimizin, ümummilli lider Heydər Əliyevin gündəlik qayğısına çevrilmişdi.
Ə.Həsənov qeyd etdi ki, ölkədə iqtisadi problemlərin mövcudluğuna baxmayaraq, yaranan hər bir cüzi iqtisadi imkanı ulu öndər ilk növbədə qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllinə yönəltmiş, problemin siyasi yolla həlli üçün bütün imkanları səfərbər etmişdi. Məhz ümummilli lider Heydər Əliyevin uğurlu xarici siyasəti sayəsində beynəlxalq ictimaiyyətdə bu problemə olan münasibət Azərbaycan həqiqətlərinə uyğun olaraq dəyişdiyindən, problemin əsl mahiyyəti düzgün dərk edilməyə başlandı. Azərbaycan tədricən öz mövqeyini möhkəmlətdi. Ulu öndər dünya ictimaiyyətinə bir daha sübut etdi ki, qaçqın və məcburi köçkünlərin problemi Azərbaycan dövlətinin və xalqının bir nömrəli problemidir. Müdrik şəxsiyyət deyirdi: "Qaçqınların və məcburi köçkünlərin probelmi Azərbaycan dövlətinin, hökumətinin və şəxsən Azərbaycanın dövlət başçısı, Prezidenti kimi mənim qarşımda duran ən əsas vəzifədir və daim - hər gün, hər saat mənim diqqət mərkəzimdədir".
Məhz bu diqqət və qayğının nəticəsi olaraq qaçqın və məcburi köçkünlərin həyat səviyyəsi, yaşayış şəraiti getdikcə yaxşılaşdırıldı. Çadır şəhərcikləri ləğv edilərək hər cür infrastruktura malik yeni qəsəbələr salındı. Azərbaycan Prezidentinin 17 sentyabr 1998-ci il tarixli sərəncamna əsasən "Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə uzunmüddətli Dövlət Proqramı" təsdiq edildi. Ümumiyyətlə, 1993 - 2003-cü illərdə qaçqınların və məcburi köçkünlərin sosial müdafiəsi ilə əlaqədar beynəlxalq normalara uyğun tam hüquqi baza yaradıldı. Ölkə Prezidenti tərəfindən 43 fərman və sərəncam imzalandı. Qaçqınların və məcburi köçkünlərin sosial problemlərinin operativ həlli və problemin vahid mərkəzdən idarə olunması məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin strukturunda Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri vəzifəsi təsis edildi.
Ə.Həsənov qeyd etdi ki, ulu öndərin siyasi kursunu layiqincə davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin diqqət və qayğısı sayəsində bütün çadır şəhərcikləri ləğv edilərək hər cür şəraiti olan rahat mənzillərdən ibarət yeni qəsəbələr salınmışdır. Bu vaxta qədər 64 qəsəbə salınıb.
Tədbirdə həmçinin Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən hazırlanmış "Qaçqın və Məcburi Köçkünlərə Prezident qayğısı" kitabı da təqdim olundu. Möhtərəm Prezidentimiz İlham Əliyevin prezidentlik fəaliyyəti dövründə qaçqın və məcburi köçkünlərə göstərdiyi diqqət və qayğı bütün təfsilatı ilə kitabda öz əksini tapıb.
Şuşa Şəhər İcra Hakimiyyətinin başçısı, Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri Bayram Səfərov, Milli Məclisin deputatı Bəxtiyar Əliyev, Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov və Milli Məclisin deputatı Astan Şahverdiyev öz yurd-yuvalarından didərgin düşmüş soydaşlarımıza göstərilən dövlət qayğısından razılıqla danışdılar və təqdim olunan kitabı yüksək qiymətlənədirdilər. Qubadlı rayonundan olan məcburi köçkün, respublikanın əməkdar müəllimi, şair Sevi Sevdimalıyev ulu öndərə həsr etdiyi şeirini söylədi.
{nl}
Əliqismət BƏDƏLOV, "Xalq qəzeti"
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.