"Obyektiv işəqəbul vasitəsilə dövlət qulluğunda şəffaflığın təmin edilməsi" mövzusunda beynəlxalq dəyirmi masa keçirilir

Dövlət qulluğuna qəbul sahəsində Azərbaycanın təcrübəsini bölüşmək, dövlət qulluğuna qəbulun peşəkarlıq, şəffaflıq və obyektivlik prinsipləri əsasında həyata keçirilməsini göstərmək, dövlət qulluğunun inkişafı istiqamətində ölkəmizdə aparılan islahatlar barədə beynəlxalq ictimaiyyəti məlumatlandırmaq, bu sahədə mövcud problemləri müzakirə etmək və nəticələr çıxarmaq məqsədilə dünən "Park İnn" otelində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və Almaniya Federativ Respublikasının İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi adından Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin təşkilatçılığı ilə Bakıda "Obyektiv işəqəbul vasitəsi ilə dövlət qulluğunda şəffaflığın təmin edilməsi" mövzusunda beynəlxalq dəyirmi masa öz işinə başlamışdır. Tədbir "Azərbaycanda Dövlət Qulluğu Sektorunda İslahatların Dəstəklənməsi" Azərbaycan-Almaniya layihəsi ilə keçirilir.
Tədbiri giriş sözü ilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov açdı. Bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2005-ci il 19 yanvar tarixli fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya yaradıldı və 2006-cı ilin oktyabrından fəaliyyətə başladı. Komissiya bilavasitə Azərbaycan Respublikasının Prezidentinə tabedir və onun qarşısında hesabat verir.
B.Xəlilov dedi ki, müstəqil Azərbaycan Respublikasında qısa zaman kəsiyində dövlət qulluğunda islahatların həyata keçirilməsi sahəsində bir sıra əhəmiyyətli addımlar atılmışdır. Hazırda, Azərbaycanın dövlət qulluğu sistemi dinamik inkişaf edir, beynəlxalq idarəetmə sisteminə inteqrasiyası sahəsində uğurlu addımlar atır. Müxtəlif beynəlxalq tədbirlərdə və ikitərəfli görüşlərdə Komissiyanın inkişaf etmiş ölkələrin dövlət qulluğu sahəsində təcrübəsini öyrənməsindən söhbət açan B.Xəlilov, bu sahədə Azərbaycan təcrübəsi barədə də məlumat vermişdir. Dövlət qulluğuna qəbulun mərkəzləşdirilmiş qaydada Komissiya tərəfindən aparılması, qəbul prosesində obyektivliyin və şəffaflığın təmin edilməsi üzrə görülən işlər xarici ölkələrin dövlət qulluğu sahəsinə məsul olan qurumları tərəfindən xüsusi maraqla qarşılanmışdır.
Tədbirdə Albaniya, Estoniya, Gürcüstan, Hindistan, İrlandiya, Cənubi Koreya, Monteneqro, Litva, Makedoniya, Moldova, Rumıniya, Türkiyə, Ukrayna, Uqandanın dövlət qulluğu və inzibati idarəetmə sahəsində müvafiq qurumlarının, həmçinin Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin, BMT-nin İnkişaf Proqramının (UNDP) və digər beynəlxalq təşkilatların yüksək vəzifəli şəxsləri iştirak edirlər.
Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın katibi İnam Kərimov və Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatının (Deutsche Gesellschaft für İnternationale Zusammenarbeit (GİZ) Azərbaycandakı ofisinin rəhbəri Henning Tvesten çıxış etmişlər.
İlk öncə tədbir iştirakçıları üçün "Azərbaycanda dövlət qulluğu islahatları - davamlı inkişaf üçün tərəqqi" mövzusunda təqdimat olmuşdur. Təqdimatda Azərbaycanda dövlət qulluğu islahatları, dövlət qulluğuna işəqəbul zamanı obyektivlik və şəffaflığın təmin edilməsi, elektron hökumət və Azərbaycanın bu sahədə əldə etdiyi nailiyyətləri, insan resurslarının effektiv idarəedilməsi məsələləri barədə ətraflı məlumat verilmişdir.
Sonra Cənubi Koreya Respublikasının dövlət idarəçiliyi və təhlükəsizlik nazirinin kadr işləri üzrə müavini cənab Kim Hong-Gab "Dövlət qulluğuna qəbul ilə bağlı islahatlar strategiyası üzrə islahat ölkələrinin ən yaxşı beynəlxalq təcrübəsi", Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədr müavini Vəfadar Misirov "Azərbaycanda dövlət qulluğuna elektron qəbul", Hindistanın Birləşmiş Dövlət Qulluğu Komissiyasının fəxri üzvü, general - leytenant Nirbhay Şarma "İnsan resurslarının inkişafı - Hindistanda dövlət qulluğunun yaradılması", İrlandiyanın İctimai Təyinatlar Xidmətinin Korporativ Xidmətlər rəhbəri Tommi Quin "Dövlət qulluğuna qəbulda müasir istiqamətlər - Dövlət idarəçiliyində islahatlar", Litvanın Daxili İşlər Nazirliyi yanında Dövlət Qulluğu İdarəsinin rəhbəri xanım Laima Tuleikene "Dövlət qulluğuna qəbulda İKT - Dövlət idarəçiliyində xidmətlərin icrası", Mərkəzi və Şərqi Avropada Dövlət İdarəçiliyi üzrə İnstitut və Məktəblər Şəbəkəsinin sədri xanım Mzia Mikeladze və Uqandanın Dövlət İdarəçiliyi Nazirliyinin insan resurslarının inkişafı üzrə məsul şəxs xanım Jane Kyarisima Mvesiga "Dövlət qulluğunun inkişafında təlim proqramlarının praktiki üstünlükləri" mövzusunda təqdimatla çıxış etmişlər.
Beynəlxalq dəyirmi masanın birinci iş günü mövzular ətrafında çıxışlarla yekunlaşmışdır.
Dəyirmi masa bu gün öz işini davam etdirəcək. Tədbir iştirakçıları iki işçi qrup çərçivəsində səmərəli dövlət qulluğu sistemi, dövlət qulluğunda liderlik və karyera, əməyin ödənilməsi, mükafatlandırma, işəqəbul sistemləri və digər mövzular ətrafında müzakirə edəcəklər.

{nl}

Əliqismət BƏDƏLOV, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında