Şəki Şəhər İcra Hakimiyyətinin başçısı yanında Şuranın geniş iclasında rayonda yaz-tarla işlərinin gedişi, aqroservis xidmətinin təşkili, taxıl biçini, yem toplanışına hazırlığın vəziyyəti və qarşıda duran vəzifələr geniş müzakirə olunmuşdur. Şura iclasında taxıl istehsalçıları, fermerlər, yerli icra və bələdiyyə orqanlarının, kənd təsərrüfatı üzrə dövlət qurumlarının rəhbərləri, mütəxəssislər, Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşları iştirak etmişlər.
Şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov bildirmişdir ki, ölkəmizdə kənd təsərrüfatı istehsalının stimullaşdırılması və əhalinin ərzaq təhlükəsizliyinin təmin olunması dövlət başçısının ən çox diqqət yetirdiyi sahələrdən biridir. Prezident İlham Əliyevin aqrar sahənin inkişafı ilə bağlı, habelə kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında imzaladığı Sərəncamlar, o cümlədən "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı"nın təsdiq edilməsi aqrar bölmənin, əsasən də taxılçılığın inkişafında mühüm rol oynayır. İqtisadiyyatın sağlamlaşdırılması istiqamətində atılan addımlar, aqrar sahənin inkişafına göstərilən yüksək dövlət qayğısı kənd təsərrüfatı məhsulları istehsalçılarının bu sahəyə marağını daha da artırmışdır.Hazırda rayonda yaz-tarla işlərinin qızğın çağıdır. Eyni zamanda, bir neçə gündür ki, rayonun istisadiyyatında mühüm rol oynayan taxıl yığımına da başlanmışdır. İndi əsas diqqət bütün qüvvələri səfərbər etməklə məhsulun sahələrdən tez və itkisiz yığılmasına yönəldilməlidir. İclasın əsas məqsədi də bu sahədə qarşıya çıxan problemləri operativ şəkildə həll etmək, qarşıda duran vəzifələri müəyyənləşdirməkdir.
İcra hakimiyyəti başçısının aqrar məsələlər üzrə müavini Xəlil Xəlilovun rayonda kənd təsərrüfatı işlərinin gedişi barədə məruzəsi dinlənilmişdir.
Məruzəçi bildirmişdir ki, ölkənin ümumi taxıl istehsalının 10-15 faizi ən iri taxılçılıq rayonlarından olan Şəkinin payına düşür. 2010-ci ilin payızında cari ilin məhsulu üçün 68 min 627 hektar sahədə taxıl əkilmişdir. Erkən yazda taxıl sahələrində aqrotexniki qulluq işləri aparılmış, sahələrə 3000 ton yemləmə gübrəsi verilmiş, 6500 hektarda ziyanvericilərə, 1500 hektarda bitki xəstəliklərinə, 18300 hektarda alaq otlarına qarşı kimyəvi mübarizə tədbirləri aparılmışdır. Yaz aylarında havaların tutqun və aramsız yağmurlu keçməsi, hətta bəzən leysan, dolu və güclü küləklərlə müşayiət olunması taxıl əkinlərinə də mənfi təsirini göstərmişdir. Rayona gətirilən 3000 ton azot gübrəsinin ümumi taxıl əkinlərinin yalnız 20-25 faizinə yetdiyini nəzərə çarpdıran natiq, bunun da məhsuldarlığa təsirsiz ötüşməyəcəyini bildirmişdir. Qeyd olunmuşdur ki, fermerlərin müraciətləri əsasında rayona tələb olunan səviyyədə azot gübrəsi ayrılması məqsədilə şəhər icra hakimiyyəti tərəfindən müvafiq dövlət qurumlarına, o cümlədən "Aqrolizinq" ASC-yə əvvəlcədən müraciət olunsa da, gübrənin taxılın vegetasiya dövründə rayona çatdırılması mümkün olmamışdır. Rayona mineral gübrələrin tələbata uyğun verilməməsinin səbəbini cəmiyyətin rəhbərliyi bu rayonda xeyli həcmdə gübrə borclarının yığılıb qalması ilə əsaslandırmışdır. Çox təəssüf ki, "Aqrolizinq" ASC-nin yerli Aqroservis filialı tərəfindən əvvəlki illərdə buraxılmış nöqsanların acı nəticələri indi üzə çıxır. Odur ki, filialın rəhbərliyi yığılıb qalmış borcların qısa müddətdə ödənilməsini təmin etməlidir. Taxıl biçini, ot tədarükü, eləcə də ondan sonrakı dövrlərdə xüsusi əhəmiyyət kəsb edən vəzifələrdən ən başlıcası yanğından mühafizə tədbirlərinə ciddi əməl olunmasıdır. Yaxşı haldır ki, ötən il rayonda biçin dövründə yanğın hadisəsi qeydə alınmamışdır. Biçin aparılan sahələrin kənarlarının şumlanmasına, meşə zolaqlarının və otlaqların yanğından mühafizə edilməsinə diqqət artırılmalıdır. Taxıl biçinindən sonra kövşənin sahədən çıxarılması və sahələrin şumlanması da vacib şərtlərdəndir. Kövşənliklərin yandırılması mövcud qanunvericiliyə görə qəti qadağandır.
Məruzədə, həmçinin kənd təsərrüfatı məhsulları istehsalçılarına yardımların verilməsi, toxumçuluq təsərrüfatlarının mövcud vəziyyəti, rayonda yaz-tarla işlərinin gedişi, heyvandarlıq məhsulları istehsalı, heyvanların cins tərkibinin yaxşılaşdırılması, damazlıq işinin təşkili və digər məsələlər də əksini tapmışdır.
Şura iclasında Şəki Ərazi Kənd Təsərrüfatı İdarəsinin rəisi Cavanşir Qurbanov, rayon Dövlət Texniki Nəzarət Müfəttişliyinin rəisi Niyazi Alıyev, rayon Aqroservis filialının direktoru Rafim Qurbanov, Şimal-Qərb Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin Şəki rayonu üzrə nümayəndəsi Yusif Əzizov, təsərrüfat rəhbərləri və fermerlər çıxış edərək görülmüş işlər barədə danışmışlar. Qeyd olunmuşdur ki, bütün çətinliklərə baxmayaraq, Şəki taxılçıları bu il də bol məhsul götürmək əzmindədirlər. Arpa biçininə başlanılan bəzi təsərrüfatlarda məhsuldarlığın 40-45 sentnerə çatması bunu deməyə əsas verir.
Şura iclasına şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov yekun vurmuşdur.
{nl}
AzərTAc
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.