Milli liderlik ucalığı

Hər bir xalqın tarix səhnəsindəki yeri və rolu hansısa mürəkkəb siyasi şəraitdə məsuliyyəti üzərinə götürərək onun taleyində misilsiz rol oynamış, mütərəqqi ideyaları, qeyri-adi idarəçilik keyfiyyətləri ilə sabit dövlətçilik ənənələri formalaşdırmış dahi şəxsiyyətlərin fövqəladə missiyası ilə şərtlənir. Böyük alman mütəfəkkiri Fridrix Nitşenin tarixin şəxsiyyətləri deyil, şəxsiyyətlərin tarixi yaratması ilə bağlı məşhur kəlamı müasir qloballaşma dövründə belə, konservativ yanaşma kimi nəzərə çarpmır. Müasir siyasi nəzəriyyələr də birmənalı təsdiqləyir ki, ictimai-iqtisadi formasiyanın xarakterindən asılı olmayaraq cəmiyyət və dövlət idarəçiliyi üçün şəxsiyyət-lider amili aktuallığını qoruyub saxlayır.
Tanrının bəxş etdiyi belə seçilmiş şəxsiyyətlər xalqlarının əsrlər boyu cilalanmış dövlətçilik təfəkkürü, siyasi dünyagörüşü, milli dəyərləri əsasında optimal dövlət modeli və siyasi varislik ənənələri yaradırlar. Tanrı belə şəxsiyyətlərə həm də xilaskarlıq missiyası verir - zamanın ən sərt sınaqlarından fədakarlıqla çıxmış bu insanlar əsrlər boyu xalqlarının dövlətçilik idealını gerçəkləşdirməyə, müstəqillik və azadlıq ideyalarını reallaşdırmağa nail olurlar. Tarixi hadisələrin təhlili zamanı bu həqiqət bir daha təsdiqlənir ki, mütərəqqi ideyalar məhz parlaq şəxsiyyətlərdə təcəssüm olunur, bəzi hallarda hətta şəxsiyyətin özü ideyanın rəmzinə, təcəssümünə çevrilir.
Hər bir xalqın millət kimi formalaşması, dövlət yaradaraq, özünü tarixdə təsdiq etməsi prosesi, həmçinin onun tərəqqi yönümü müəyyən bir irsin mövcudluğu kontekstində cərəyan edir. Bu irslərin hər biri spesifikliyi ilə aid olduğu xalqın milli dəyərlərini, mental keyfiyyətlərini, şüurunu, təfəkkürünü, psixologiyasını özündə ehtiva edir. Millətin özünütəsdiq və həmrəylik hisslərini əks etdirən siyasi irsi onu zamanın bütün sınaqlardan üzüağ çıxardır, zəfərə, təkamülə aparır. Bəşər tarixi göstərir ki, bu siyasi irs əsasən xalqların üzdə olan rəhbərlərinin, sərkərdələrinin, görkəmli şəxsiyyətlərinin fəaliyyəti ilə formalaşır. Bu siyasi liderlərin şəxsi keyfiyyətləri fonunda milli iradə formalaşır, milli inkişaf yolu müəyyənləşir, milli dövlətçilik bərqərar olur, ən nəhayət, milli irs yaranır. Yəni xalqın başında dayanan rəhbər, millətinin müqəddəratı üçün məsuliyyət daşıyan sərkərdənin şəxsi keyfiyyətləri həm də dövlətlərin, xalqların taleyini müəyyənləşdirən vacib amildir.
Dünyanın ən aparıcı dövlətlərinin tarixində də onları sınağa çəkən, inkişaf yolunda maneəyə çevrilən hadisələr az olmamışdır. Bu hadisələr istər başlanğıcda, istərsə də sonralar həmin xalqları tutduqları yoldan sapındırmağa çalışsa da, tarixi iradə həmin xalqların firavan inkişaf yoluna çıxmasına kömək etmişdir. Dünya xalqları buna görə məhz şəxsiyyətlərə, onların adı ilə bağlı olan zəngin siyasi irsə minnətdardır. Yəni tarix şəxsiyyətləri insanlara, sanki, özünün sınaqları üçün bəxş etmişdir. Məhz şəxsiyyətlər dövrü öz əhatəsinə almış zülməti başqalarından daha yaxşı hiss etdiklərindən, ona qiymət verməyi, bu qiymətdən düzgün nəticə çıxarmağı bacardıqlarından daim ziyaya doğru can atır, nurlu bir yol tapmağa çalışırlar. Onlar zaman adlanan orduya sərkərdəlik missiyasını öz üzərlərinə götürərək bir-birinin ardınca əldə olunan qələbələrlə bu ordunun özünün də ruhunu dəyişib yeniləşdirməyə müvəffəq olurlar.
Ruslar üçün əgər bu şəxsiyyət Rusiya dövlətinin müasir dövlətçilik ənənələrini təmin etmiş I Pyotr, amerikalılar üçün Corc Vaşinqton, ingilislər üçün Uinston Çörçill, fransızlar üçün Şarl de Qoll, türklər üçün Mustafa Kamal Atatürkdürsə, biz azərbaycanlılar üçün, şübhəsiz, Heydər Əliyevdir! Dünya miqyaslı ictimai-siyasi xadim, ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətçiliyinin ideoloji-siyasi, iqtisadi əsaslarını yaratmış, xalqın müstəqil və güclü dövlətə sahib olmaq arzusunu praktik şəkildə gerçəkləşdirmiş strateq kimi çağdaş tariximizdə əbədiyaşarlığını təmin etmiş, hələ sağlığında canlı əfsanəyə çevrilmişdir. Xalqımız tarix boyu qazandığı dövlətçilik ənənələrini, milli dəyərləri, nailiyyətləri, ali mənəvi keyfiyyətləri məhz Heydər Əliyev epoxasında təkmilləşdirərək dayanıqlı müstəqil dövlətini qurmuş, millət kimi mövcudluğunu, özünü idarə etmək bacarığını ən yüksək səviyyədə nümayiş etdirmişdir.
Böyük filosof Ziqmund Freyd haqlı olaraq hesab edirdi ki, böyük mənəvi yaradıcılıq qüdrəti, dilin zənginləşdirilməsi, folklor yaradıcılığı, hələ xalqın deyil, kütlənin faktıdır. Bütün bunlar xalqın formalaşması prosesinin nüvəsi kimi son dərəcə mühüm əhəmiyyət daşısa da, konkret şəraitdə insanların təsadüfi yığınını zərurətə çevirmək, kütləni xalq kimi formalaşdırmaq gücündə deyildir. İnsanların təsadüfi yığını onları birləşdirən ortaq dəyərlər üzərində, vahid ənənə, norma və ideyalar ətrafında birləşərək xalqın, son nəticədə isə milli dövlətin təşəkkülü və inkişafı istiqamətində zəngin ənənələr yaratdığı kimi, tarixin hansısa mürəkkəb dönəmində yenidən kütlə prinsiplərinə üz tutan, qorxulu qüvvəyə çevrilərək toplanmış ənənələri dağıda, yenilikləri inkar edə, prosesi yenidən başlanğıc nöqtəsinə qaytara bilər. Ona görə də bu prosesin daim düzgün istiqamətdə tənzimlənməsi, inkişafa yol açan ideyaların gündəmə gətirilərək insanların bu ideyalar ətrafında səfərbər edilməsi, xalqın tərəqqisinə yönələn meyllərin stimullaşdırılması üçün bütün cəmiyyətlərdə liderə ehtiyac vardır. Böyük mütəfəkkir və filosof Mark Avreli əbəs yerə yazmamışdı ki, hər bir xalqın gerçək potensialı yalnız fenomenal liderlik keyfiyyətlərini öz parlaq şəxsiyyətində yaşadan insanların dövlətçilik fəaliyyətində açıla bilər.
Tarix fərdi maraqlar yükünü daşımaq imkanından məhrum edilmiş ideyalar sisteminin uğursuzluğa məhkum olduğunu dəfələrlə sübuta yetirmişdir. Bu mənada əminliklə demək olar ki, Heydər Əliyevin yüksək dövlətçilik təfəkkürü sayəsində həyata vəsiqə alan milli azərbaycançılıq ideologiyası hər bir vətəndaşın maraqlarını da özündə ehtiva etməklə, xalqın daimi birliyi və həmrəyliyində vacib amildir. Hər bir fərd bu ideologiya və baxışlar sistemində özünün ictimai dəyərlər dərəcəsinə yüksəlmiş istək və arzularının dolğun ifadəsini tapır, özünü inkişaf prosesinin müşahidəçisi deyil, fəal iştirakçısı qismində görür. Yəni Azərbaycanın davamlı inkişafının Heydər Əliyev konsepsiyası praktik fəaliyyətə transformasiya edərək insanların fərdi davranışını stimullaşdırmaq qüdrətinə malik olan dəyərlərin məcmusunu özündə ifadə edir. Həmin dəyərlər sistemi ümummilli ideyanın təmin edilməsi ilə yanaşı, hər bir fərdin şəxsi idealının həyata keçirilməsini nəzərdə tutan prinsip və vəzifələri üzvi şəkildə əks etdirir. Əslində, Heydər Əliyev ideyalarını müstəsna edən və onun uğurunu şərtləndirən başlıca cəhətlərdən biri də məhz budur.
Ümummilli lider Heydər Əliyev minilliklər boyu davam edən dövlətçilik tariximizin yalnız 35 ilinə sahiblik edir. Fəqət əsrin üçdə birini ehtiva edən bu zaman kəsiyinin mahiyyətində xalqın minilliklərlə intizarında olduğu arzular, niyyətlər, məramlar gerçəyə çevrilmişdir. Bu mərhələ Azərbaycanda müstəqilliyin əbədi, daimi, dönməz xarakter alması, sabit dövlət quruluşunun yaranması, xalqın təbii və konstitusion hüquqlarına sahib çıxması, milli-mənəvi yüksəlişə nail olması, fərdin özünü vətəndaş olaraq dərk etməsi və millətin mövcudluğuna qədər inkişafı kimi şanlı mərhələni əhatələyir.
Antik yunan filosofu Aristotel "Politika" əsərində yazır ki, inam uğuru təmin edən mühüm vasitə kimi siyasətin ayrılmaz hissəsidir. Həqiqətən də, fərqli ictimai-iqtisadi formasiyalarda cəmiyyətin dəstəyinə iddia edən hər bir siyasi qüvvənin cidd-cəhdlə can atdığı yeganə meyar məhz ictimai inam olmuşdur. Bu mənada, ulu öndər Heydər Əliyev də böyük siyasətdə və dövlət idarəçiliyində bütün böyük uğurlara məhz xalqın böyük mənəvi dəstəyi, etimadı sayəsində nail olmuşdur. Məhz bu keyfıyyəti ilə Heydər Əliyev müstəqillik illərində də birləşdirici şəxsiyyətə çevrilmiş, cəmiyyətin mənəvi bütövlüyünə nail olmuşdur.
Əsl lider bütünlükdə mühitdən asılı olan adamlardan onunla seçilir ki, ətrafda baş verən hadisə və proseslərə münasibətdə passiv müşahidəçi mövqeyindən çıxış edərək biganəlik, laqeydlik göstərmir. Öz iradəsi, qətiyyəti, hadisələrə operativ qiymət vermək bacarığı, heç bir riskdən çəkinməməsi ilə sübuta yetirir ki, onun varlığı təkcə cismanilikdən ibarət deyildir. Ulu öndər Heydər Əliyevin müstəqilliyin ilk illərində milli dövlətçiliyi qorumaq üçün nümayiş etdirdiyi qətiyyət və prinsipiallıq, bu mənada, onun həm də yüksək liderlik əzmini nümayiş etdirir. Heydər Əliyevin ümummilli liderə çevrilməsini təmin edən ən başlıca amil onun ən çətin və mürəkkəb siyasi şəraitdə məsuliyyətdən boyun qaçırmaması, xalqının, dövlətinin problemlərinə biganə qalmaması olmuşdur.
Böyük strateqin 1993-cü ilin iyununda xalqın təkidli tələbi və istəyi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycanda əldə edilmiş milli birlik də respublikanın ən qiymətli mənəvi-ideoloji sərvətlərindən biridir. Heydər Əliyev dühasının tarixi sınaq anında üzərinə düşən missiyanın öhdəsindən uğurla gəlməsi, sözün həqiqi mənasında, Milli Qurtuluşa nail olması da onun xalqla mənəvi birliyinin nəticəsi sayılmalıdır.
Həmin dövrdə AXC-Müsavat hakimiyyətinin naşı və yarıtmaz fəaliyyəti nəticəsində hüquq-mühafizə orqanlarının üzərinə düşən qanuni vəzifələri həyata keçirə bilməməsi ictimai həyatın müxtəlif sahələrində hərc-mərcliyin baş alıb getməsinə, cinayətkar ünsürlərin mütəşəkkil fəaliyyətinə, silahlı qruplaşmaların cövlan etməsinə münbit şərait formalaşdırmış, daxildə qeyri-sabit və təhlükəli vəziyyətə səbəb olmuşdu. Respublikada qanunçuluğun, hüquq qaydalarının son dərəcə zəif olması, dövlət idarəçiliyinin iflic vəziyyətinə düşməsi, ayrı-ayrı siyasətçilərin "könüllü döyüşçü" adı altında qanunsuz silahlı dəstələr yaratması nəticə etibarı ilə hakimiyyətdə olan qüvvələrin iflasını daha da sürətləndirirdi. Faktiki olaraq müəyyən xarici qüvvələrin dəstəklədiyi silahlı qruplaşmalar respublikamızın yenicə nail olduğu dövlət müstəqilliyinə ciddi təhlükə olmaqla yanaşı, vətəndaş müharibəsinə, Azərbaycanın ayrı-ayrı bölgələrə parçalanmasına çalışırdılar. Belə bir şəraitdə müstəqil Azərbaycan dövlətinin mövcudluğu bir növ formal xarakter daşıyırdı.
Ulu öndər malik olduğu yüksək dövlətçilik və idarəçilik səriştəsi ilə çiyinlərini son dərəcə ağır bir yükün altına vermiş, məsuliyyətdən çəkinməmişdir. Çətinliklərə, maneələrə, dövlət çevrilişi cəhdlərinə mətinliklə sinə gərərək, təbiətin ona bəxş etdiyi fədakarlıq, mübarizlik, əyilməz iradə, dəmir məntiq, özünəinam və siyasi uzaqgörənlik, ideya və fikirlərini sadə şəkildə geniş xalq kütlələrinə təlqin etmək kimi fövqəl keyfiyyətlərindən məharətlə bəhrələnərək, xalqı vətəndaş qarşıdurmasından, müstəqilliyi itirmək təhlükəsindən qurtardı.
Ümummilli lider Heydər Əliyevin 1993-cü ilin 15 iyununda Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilməsi isə ölkədə qanunçuluğun, hüquq qaydalarının bütün sahələrdə möhkəmlənməsini təmin etməklə yanaşı, qanunverici orqanın cəmiyyətdəki nüfuzunu qaldırmış, onun təşəkkülünə, ölkənin ictimai-siyasi həyatının sabitləşməsinə, habelə milli parlamentarizm ənənələrinin inkişafına böyük zəmin yaratmışdır. Ulu öndər bu mərhələdən etibarən ictimai-siyasi sabitliyi tam təmin edərək sonrakı mərhələdə həyata keçirdiyi çoxşaxəli islahatlarla bir daha sübuta yetirmişdir ki, güclü iqtisadiyyata, müstəqil xarici siyasətə, demokratik imicə, mənəvi yüksəlişə malik olmayan xalq güclü dövlət qura bilməz. Böyük strateq iqtisadi və hüquqi islahatların paralelliyini təmin etməklə, məhz bu prinsipə əsaslanmışdır ki, hüquqi dövlət insanların birgə fəaliyyətinin təşkili və tənzimlənməsinin mühüm amili, onların qarşılıqlı münasibətlərinin qaydaya salınmasının, cəmiyyətdə nizam-intizamın və sabitliyin təmini vasitəsidir.
Vaxtilə antik yunan mütəfəkkiri və filosofu Siseron yazırdı ki, insanlar həqiqi azadlığa qovuşmaq, sərbəst yaşamaq üçün qanuna tabe olmalıdırlar. Bəşəriyyətin tarixi təkamül prosesi də təsdiqləyir ki, yalnız ədalət, müdriklik, humanizm kimi ali dəyərləri öz şəxsiyyətində bir araya gətirməklə kamillik zirvəsinə yüksəlmiş liderlər qanuna söykənən cəmiyyət yaratmaq idealı ilə yaşamış və fəaliyyət göstərmişlər. Heydər Əliyev dühası da gücün siyasətinə qarşı siyasətin gücünü qoyaraq "haqlı adam həmişə güclüdür"düsturunu işə salan belə fövqəl şəxsiyyətlərdən biri kimi çağdaş tariximizdə əbədiyaşarlıqlarını təmin etmişdir. Liberalizmin fərdi hüquq və azadlıqların müstəsna prioritetinə əsaslandığını peşəkar strateq kimi daim nəzərə alan Heydər Əliyev dövlətin maraqlarına xələl gətirmədən hər bir vətəndaşın qanuni hüquqlarının yüksək səviyyədə təmin edildiyi təkmil idarəçilik sisteminin formalaşmasına çalışmışdır.
1995-ci ildə xalqın azad iradəsi əsasında Azərbaycanın mütərəqqi ənənələrə söykənən ilk milli Konstitusiyasının qəbuluna nail olan ümummilli lider sonrakı mərhələdə dövlət-vətəndaş münasibətlərinin hüquq müstəvisində tənzimləndiyi, insan və vətəndaş hüquq və azadlıqlarının yüksək səviyyədə qorunduğu, humanizm ideyalarının möhkəm təmələ çevrildiyi ədalətli cəmiyyətin formalaşdırılması, idarəçilikdə demokratik ənənələrin tam bərqərar olması naminə misilsiz xidmətlər göstərmişdir. İctimai həyatın ən müxtəlif sahələrində haqq-ədalət prinsipinin qorunmasına çalışan Heydər Əliyev yalnız bu yolla dövlətlə xalq arasında möhkəm mənəvi, siyasi və hüquqi bağlantıya, qarşılıqlı etimada nail olmağı mümkün hesab etmişdir.
Ən ümumi şəkildə ifadə etsək 1993-cü ildə ölüm cəzası üzərində moratorium qoyulması və 1998-ci ilin fevralında bu cəzanın tam ləğvi, 32 əfv, 8 amnistiya aktının imzalanması, 1996-cı ildə Hüquq İslahat Komissiyasının yaradılması və "Məhkəmələr və hakimlər haqqında", "Konstitusiya məhkəməsi haqqında", "Vəkillər və vəkillik fəaliyyəti haqqında", "Prokurorluq haqqında", "Polis haqqında", "Əməliyyat-axtarış tədbirləri haqqında", "Notariat haqqında" və s. mütərəqqi ruhlu qanunların qəbuluna start verilməsi, üçpilləli müstəqil məhkəmə sisteminin yaradılması və hakimlərin test üsülü ilə seçilməsi atılan məqsədyönlü addımlardandır. 1998-ci ilin 22 fevralında "İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında" fərmanın imzalanması, 1998-ci il iyulun 18-də "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı"nın təsdiq olunması, Azərbaycanın ən müxtəlif beynəlxalq konvensiya və sazişlərə qoşulması, 2001-ci ilin 17 yanvarında Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv qəbul edilməsi, İnsan Hüquqları üzrə Müvəkkil İnstitutunun formalaşdırılması, 2002-ci il 24 avqust tarixində Azərbaycan Respublikasında yeni dövrün tələblərindən irəli gələn mütərəqqi ruhlu hüquqi islahatların həyata keçirilməsi məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.
İrs-varislik əlaqəsi tarixən bəşər cəmiyyətinin tərəqqisinə xidmət edən mütərəqqi ideyaların davamlılığına, möhkəmliyinə, habelə ümumi potensialın vahid məqsədlər naminə səfərbər olunmasına imkan yaratmışdır. Siyasətini xalqa xidmət məramı üzərində quran fenomenal liderlər ilk növbədə toplum üçün cəlbedici və real görünən xeyirxah əməllərlə cəmiyyətin həmrəylik və bütövlüyünə, mənəvi birliyinə nail ola bilmiş, banisi olduqları dövlətçilik ideyalarının varisliyini uğurla təmin etmişlər.
Müstəqil Azərbaycan dövlətinin banisi - ulu öndər Heydər Əliyev güclü dövlət yaratmaqla yanaşı, onu özündən sonra inamla idarə edəcək, çoxşaxəli mütərəqqi islahatların varisliyini uğurla təmin edəcək peşəkar lider də yetişdirmişdir. Hələ 2003-cü ilin oktyabrında ulu öndər Heydər Əliyevin "Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm" deməklə cəmiyyətə özünün layiqi davamçısı kimi təqdim etdiyi cənab İlham Əliyevin son 7 illik prezidentlik fəaliyyətinin ümumi təhlilinə nəzər saldıqda, həmin fikrin təxmin deyil, qəti qənaət olduğunun bir daha fərqinə varırıq. Ümummilli liderin müəyyən etdiyi strategiyanı ötən müddətdə uğurla həyata keçirən və yeni dövrün ruhuna uyğun zənginləşdirən Azərbaycan Prezidenti İlham Əliyevin ölkəyə rəhbərlik fəaliyyətini diqqətlə nəzərdən keçirdikdə, onun xalqına, dövlətinə necə qəlbən bağlı lider olduğu bir daha təsdiqini tapır. Dövlət başçısının idarəçilik keyfiyyətlərindən ən mühümü, şübhəsiz, uzun illər boyu zərrə-zərrə formalaşaraq sabitləşmiş milli dövlətçilik ənənələrinə sadiqlikdir. Cənab İlham Əliyev Heydər Əliyev siyasi kursunun davamçısı, xalqın lideri olmaq məsuliyyətini yüksək dəyərləndirir və hansısa problem baş qaldıranda "Heydər Əliyev bu məsələni necə həll edə bilərdi" sualı üzərində düşündüyünü qətiyyən gizlətmir. Özündə dərin mənəvi-psixoloji çalarları ehtiva edən bu məqam Azərbaycanda alternativi olmayan Heydər Əliyev siyasi kursunun varisliyinin yüksək səviyyədə təmin olunduğuna dəlalət edir.
Ulu öndər Heydər Əliyevin zəngin irsinə söykənən Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirilən inkişaf strategiyasının təhlili onun üç fundamental prinsipə istinad etdiyini söyləməyə əsas verir. Bunlar güclü dövlət, səmərəli iqtisadiyyat və azad insandır. Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi altında qazandığı nailiyyətlər hər üç başlanğıcın qarşılıqlı ahəngdar fəaliyyətinin ölkənin yüksək inkişafına, hərtərəfli tərəqqisinə xidmət edən əzəmətli vasitəyə çevrilmək gücündə olduğunu sübuta yetirir.
Ölkənin və onun əhalisinin təhlükəsiz, əmin-amanlıq şəraitində yaşaması güclü dövlətin ən mühüm şərti kimi sosial-siyasi və milli-əxlaqi mühitin, birgəyaşayış norma və qaydalarının mövcudluğunu özündə ehtiva edir. Ölkədə sabitliyi, əmin-amanlığı, dövlət intizamını təmin etmək, qanunçuluğu və hüququn aliliyini gözləmək sahəsində atdığı addımlar Prezidentin Azərbaycanı qüdrətli dövlətə çevirmək istəyindən irəli gəlir. İqtisadi sahədə reallaşdırılan islahatlar - azad sahibkarlığın möhkəmləndirilməsi, işgüzar mühitin liberallaşdırılması, investisiyalara dövlət təminatının gücləndirilməsi, qeyri-neft sektorunun, informasiya-kommunikasiya texnologiyalarının inkişafı, vətəndaşların təşəbbüskarlığına geniş meydan verilməsi kimi mühüm tədbirlər Azərbaycanda səmərəli iqtisadiyyatın formalaşdırılmasına xidmət edir. Nəhayət, bütün bu addımlarla paralel şəkildə siyasi və hüquqi azadlıqların dərinləşdirilməsi, vətəndaş cəmiyyəti quruculuğuna yönəlmiş islahatların davam etdirilməsi ölkədə şəxsiyyətin və fərdin azadlığına xidmət edir.
Uzun əsrlər boyu böyük şəxsiyyət və zamanın qarşılıqlı münasibətlərinə dair siyasi və ictimai baxışlar kifayət qədər rəngarəng və fərqli olması ilə seçilmişdir. Lakin bütün bu rəngarənglik və müxtəliflikdə daxili bir bağlılıq da həmişə aydın şəkildə özünü büruzə vermişdir. Yəni insanlığın tarixi şəxsiyyəti zamansız, zamanı isə şəxsiyyətsiz qavramasının mümkünsüzlüyü təsdiqini tapmışdır. Bu məntiqdən yanaşdıqda etiraf etməliyik ki, Azərbaycanın müasir tarixi Heydər Əliyev dühasından ayrı təsəvvür edilə bilməz. Bu siyasi kursu inamla davam etdirən dövlət başçısı İlham Əliyev də Heydər Əliyevin yaratdığı şanlı tarixi yaşatmaqla bərabər, həm də yeni dövlətçilik məktəbinin banisinə çevrilmiş, yeni bir tarixi epoxanın əsasını qoymuşdur.

{nl}

Rafael CƏBRAYILOV, Milli Məclisin deputatı 

{nl}

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında