XX əsr müdhiş, tənəzzüllü, sarsıntılı keçməklə bərabər, elmi kəşflər, demokratiya əsri və dünyada hökm sürən son imperiyanın süqutu ilə də tarixin yaddaşına köç etdi. Dünyada elə bir siyasi-iqtisadi quruluşun dəyişməsi baş verdi ki, bu zaman kəsiyində Azərbaycan ikinci dəfə müstəqilliyini əldə etməyə nail oldu. Ancaq bu müstəqilliyinin ilk illərində ölkəmiz dənizdə üzən kapitansız gəmiyə bənzədi. Respublikamızda rəhbərlik naşı adamların əlinə keçdiyindən qəbul edilmiş siyasi qərarlar ağ kağız parçası kimi göründü. Azərbaycan nəinki öz təbii sərvətlərinin sahibi oldu, əksinə, əldə olanlarımız da sapı özümüzdən olan baltaların köməkliyi ilə sərhədlərimizdən kənara daşınmağa başladı. Özbaşınalıq, rəhbərsizlik, demokratiya pərdəsi altında aparılan işlər, xüsusən də erməni şovinistlərinin torpaq iddiası nəticəsində qərəzli müharibə alovu Azərbaycanı dünya xəritəsindən silinmək təhlükəsinə gətirdi. Əslində, 1918-ci ildə birinci dəfə müstəqilliyini əldə etdiyi kimi, ikinci müstəqilliyində də Azərbaycan olumla-ölüm təhlükəsi arasında qaldı.
Vətənimizin bu ağır günündə elə bir liderə ehtiyac duyulurdu ki, o, xalqına, millətinə inana bildiyi kimi, xalq da ona arxalana bilsin. Bu lider isə böyük gərginliklər içində rus imperiyasının nəzarəti və təzyiqləri altında yaşamasına baxmayaraq müvazinətini itirmədən, yalnız və yalnız Azərbaycan insanlarının xoşbəxt taleyini düşünən böyük dövlət adamı, türk dünyasının qürur mənbəyi ulu öndər Heydər Əliyev idi.
Azərbaycan tarixinə qanla yazılmış 20 Yanvar hadisələrində erməni şovinistlərinin rus imperiyasına arxalanıb Azərbaycanda törətdikləri qanlı cinayət hadisəsinə siyasi bəyanat verməklə, dünya ictimaiyyətinin diqqətini Azərbaycana yönəltməklə də Heydər Əliyev öz böyüklüyünü, əsl Azərbaycan oğlu olduğunu bir daha dünyaya sübut etdi. Bax, belə bir anda, belə bir zamanda Heydər Əliyev böyüklüyünə, ucalığına qısqanclıqla baxanların əksinə olaraq, xalq öz xilaskarına, ümummilli liderinə üz tutdu.
Azərbaycan öz liderini yaxşı tanıyırdı. Çünki Heydər Əliyev hələ Azərbaycana birinci dəfə rəhbərlik etdiyi (1969-1982-ci illər) dövrdə özünü əsl dövlət adamı, ictimai xadim kimi gördüyü işlərlə təsdiq edə bilmişdi. Bu müdrik insan totalitar bir rejimin məngənəsində yaşamasına, işləməsinə baxmayaraq əməlləri ilə Azərbaycan xalqının gələcək xoşbəxtliyi üçün təməl qoymuşdu. Belə ki, o, 1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçildikdən sonra 1970-ci ildə "Azərbaycan SSR-də kənd təsərrüfatını inkişaf etdirmək tədbirləri haqqında" Sov.İKP MK və SSRİ Nazirlər Soveti tərəfindən qərar qəbul etdirməyə nail oldu. Bu qərarı qəbul etdirmək həmin zaman üçün təbii ki, çox nadir hadisə hesab edilirdi. Böyük dövlət adamı, ulu öndər Sovet imperiyasının dünyaya meydan oxuduğu, cəmiyyəti məngənədə saxladığı bir dövrdə Azərbaycan xalqının gələcək xoşbəxtliyi naminə axına qarşı getdi. 1918-ci ildə ölkəmizin birinci dəfə əldə etdiyi ilk müstəqillik dövrünün milli ideologiyasını, təfəkkürünü, milli dövlətçiliyinin əsasını yaratmaq barədə düşünməklə özünün fiziki məhvini belə göz altına almalı oldu.
Heydər Əliyev böyük dövlət adamı, həm də bir tarixçi olaraq yaxşı bilirdi ki, iyirmi üç ay davam edən Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti də öz fəaliyyəti dövründə bir sıra günün vacib tələbləri ilə bağlı məsələləri həll edə bilməmişdi. Bu məsələlər arasında torpaq islahatı xüsusi yerlərdən birini tuturdu. O zaman Zaqafqaziya Seymi torpaq islahatı haqqında qanun qəbul etmiş, lakin həmin qanun mülkədarların açıq narazılığına səbəb olmuşdu. Məhz bunların nəticəsi olaraq Fətəli xan Xoyskinin Gəncədə təşkil etdiyi hökumət 1918-ci il iyun ayının 22-də Azərbaycanda torpaq islahatı haqqında Zaqafqaziya Seyminin qəbul etdiyi qanunun icrasını dayandırmalı oldu.
Bütün bunlara baxmayaraq, 1919-cu ilin iyun ayında torpaq haqqında islahat məsələsinin müzakirəsi yenidən Azərbaycan parlamentinin gündəliyinə daxil edildi və təəssüflər olsun ki, bütün fəaliyyəti dövründə parlament torpaq islahatı məsələsini gündəmə gətirə bilmədi.
Bu kimi məsələləri dərindən bilən böyük dövlət adamı, ulu öndər totalitar bir rejimin məngənəsində sıxılan ölkəmizdə torpağın sahiblərinə qaytarılma yollarını özünəməxsus tərzdə düşünüb, Kremlin siyasətindən, qadağalar çərçivəsindən kənara çıxmaqla, bu imperiyanın böyük imkanlarından həssaslıqla istifadə etməklə torpaqdan əldə edilən gəlirlərin əsas hissəsini, zəhmət adamlarının özlərinə qaytarılmasına nail olmağa çalışdı.
1960-cı illərin sonunda Azərbaycan iqtisadi inkişafın ən mühüm göstəricisi sayılan milli gəlirin artımına görə SSRİ məkanında axırıncı yerlərdən birini tutduğu halda, 1971-1975-ci illərdə ümumi gəlir 1969-cu ilə nisbətən 57% çox oldu.
Bu gün hər bir azərbaycanlı böyük məhəbbət hissilə deyə bilər ki, ulu öndər həyatının xoşbəxt anlarını Azərbaycan insanlarının işıqlı gələcəyinə həsr etməkdən qürur duyduğundan "Xalq mənə ümid bəsləyir, mən də bu ümidi doğrultmaq üçün ömrümün qalan hissəsini də xalqıma bağışlayıram və həyatımı xalqıma qurban verməyə hazıram" - deyirdi.
Bunu hər kəs yaxşı bilir ki, Azərbaycan bir dövlət kimi müstəqilliyini əldə etdikdən sonra da dağılmaq təhlükəsi ilə üzləşməli oldu. Xarici dövlətlərin kəşfiyyat idarələri daxildəki hərc-mərclikdən istifadə etməyə çalışdı. Bir tərəfdən Azərbaycanda süni şəkildə etnik-milli qarşıdurma yaratmaq istəyən şimalda "Sadval" hərəkatının, cənubda isə qeyri-qanuni "Talış-Muğan Respublikası" elan etmiş Əlikram Hümbətovun həyata keçirmək istədiyi separatçı və başqa bu kimi qanunsuz əməlləri böyük uzaqgörənliklə təhlil edib müdrik bir qərara gələ bilən ulu öndər təkcə milləti, respublikamızı ölüm-dirim mübarizəsindən qurtarmadı, həm də xalqımızın böyük əksəriyyətinin təkidi, tələbi ilə hakimiyyətə ikinci dəfə gəlməsi ilə Azərbaycan xalqının mənliyini, varlığını özünə qaytara bildi. Ulu öndər ölkədə baş verən ictimai-siyasi hadisələri dərindən təhlil edərək millətin və dövlətin tarixi taleyini, xilas yolunu özünə qaytardı.
Beləliklə, Azərbaycan həyatında Milli Qurtuluş epopeyası başladı. Heydər Əliyev özünün nadir istedadına, parlaq dövlətçilik təfəkkürünə və mükəmməl milli dirçəliş konsepsiyasına əsaslanaraq ölkəni iqtisadi, siyasi böhranın cəngindən xilas edə bildi. Bu günün və çiçəklənən gələcəyin etibarlı özülünü qoydu. İndi böyük inamla demək olar ki, taleyinə min bir məhrumiyyət və əziyyət yazılmış Azərbaycan xalqı gələcəyin işıqlı günlərini yaşamaqdadır.
Ulu öndər Azərbaycana ikinci dəfə rəhbərlik etməsi ilə tarixin keçmiş dönəmlərinə qayıtmağı bacardı, xalq təsərrüfatının bütün sahələrində inkişaf üçün işıqlı yol göstərdi. Elmin bütün sahələrində uğurlar əldə edilməsində elm adamlarına arxa-dayaq oldu. Neft sənayesinin inkişafında xarüqələr yaradılmasına öncüllük etdi. Azərbaycan torpağının, Azərbaycan xalqının oğlu olaraq o, torpağa bağlılığını sübut etməyi bacardı. Böyük öndər ölkəmizdə əldə edilən uğurlara qısqanclıqla baxanlara "Kim müxalifətdə durursa dursun, ancaq Vətəninə, xalqına, mənəviyyatına, məsləkinə müxalifətdə durmasın" deyirdi. "Suverenliyimizi daim yaşatmaq, dövlət müstəqilliyimizi əbədi etmək üçün harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlıdan müqəddəs Azərbaycan qayəsi ətrafında əməl və əqidə birliyi" tələb edirdi. Ulu öndər deyirdi: "Azərbaycan müstəqil dövlətdir. Azərbaycanın dövlət müstəqilliyi tarixi hadisədir, Azərbaycan xalqının tarixi nailiyyətidir. Azərbaycanın dövlət müstəqilliyi dönməzdir, əbədidir və bizim borcumuz dövlət müstəqilliyini, əldə etdiyimiz milli azadlığı daim qoruyub saxlamaqdır. Bizim borcumuz bu müstəqilliyi möhkəmləndirməkdən və gələcək nəsillərə müstəqil, qüdrətli Azərbaycan dövləti çatdırmaqdan ibarətdir".
Ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyev isə ümummilli liderimizin ideyalarını hələ bundan belə də gerçəkləşəcəyinə əminliklə inandığından deyir: "Müstəqilliyimizi əldə etdikdən sonra ölkəmiz çox böyük problemlərlə üzləşmişdi. Demək olar ki, ölkəmiz idarəolunmaz vəziyyətə düşmüşdü. Məhz ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı, fəaliyyəti nəticəsində ölkəmiz bu çətin günlərdən şərəflə çıxa bildi, öz inkişaf dövrünü yaşamağa başladı. Bu inkişaf indi sürətlə davam edir".
Məhz Heydər Əliyev böyüklüyü sayəsində yenicə müstəqilliyini əldə etmiş Azərbaycan dünya sivilizasiyasının inkişaf proqramından və təcrübəsindən istifadə edərək milli iqtisadiyyatın inkişafının spesifik cəhətləri, xüsusiyyətləri və milli mentalitetimizə uyğun olaraq bütün parametrləri nəzərə alaraq yeni layihələr və dövlət proqramlarının hazırlanmasına başlanıldı.
Özəlləşmə proqramı, torpaq islahatı, hüquqi islahatlar, dövlət quruculuğu sahəsində islahatlar kursu genişləndi. Həmin islahatların həyata keçirilməsindən danışarkən ulu öndər deyirdi: "Biz islahatları bir gündə yox, bir ayda yox, bəlkə də bir ildə yox, tədricən həyata keçiririk. Çünki bunun üçün həm təcrübə lazımdır, həm də gərək səhv buraxmayasan. Biz bunları keçirdikcə Azərbaycanda idarəetmə orqanlarının işi təkmilləşir. Hesab edirəm ki, biz bunu başa çatdırandan sonra bu sahədə də ölkəmizin iqtisadiyyatı üçün daha böyük imkanlar açılacaqdır".
Heydər Əliyev yalnız Azərbaycana ikinci dəfə rəhbərliyə gəlişi ilə deyil, bütövlükdə bu böyük insan azərbaycanlı olması və yaradıcılığı ilə XX əsr Azərbaycan tarixində xalqımızı bir çox bəlalardan qurtarmaq üçün qurtuluş nöqtəsini qoymağı bacardı və bütün dünyaya bəyan etdi ki, müstəqil Azərbaycan Respublikası yaşayacaq və demokratiya prinsipləri, insan azadlığı, demokratik iqtisadiyyat sahəsində başqa dövlətlər üçün nümunə olacaqdır.
Akademik Ramiz Mehdiyev çox haqlı olaraq ulu öndərimiz, ümummilli liderimiz Heydər Əliyevin şəxsiyyətindən danışarkən yazır: "Heydər Əliyevin Azərbaycan qarşısında xidmətlərini həm onun çoxşaxəli fəaliyyətinin bütün məqamlarına, həm də dövlətçiliyin bütün sahələrinə münasibətdə tətbiq edilən "yeni" sözü ilə ifadə etmək olar. Hakimiyyət sükanını ələ aldığı ilk vaxtlarda o, fasiləsiz qeyri-müəyyənlik, siyasi fəhm, strateji zəka və taktiki peşəkarlığı bir araya gətirməklə, qısa zaman kəsiyində maksimum resursları səfərbər etməyə qabil olan böyük və uzaqgörən şəxsiyyət kimi özünü sübut etmişdir".
Ulu öndərimiz Heydər Əliyev böyük uzaqgörənliklə həm də sübut etdi ki, Azərbaycanda aqrar sahədə iqtisadiyyatın inkişafının əsası aparılacaq torpaq islahatlarının nəticələrindən asılıdır.
Tarixin hökmünə bax ki, Azərbaycan Xalq Cümhuriyyəti rəhbərlərinin ölkəmizin birinci müstəqilliyində həyata keçirmək istədikləri və başa çatdıra bilmədikləri torpaq islahatları missiyasının ağırlığı da ölkəmizin ikinci dəfə müstəqillik əldə etdiyi dövrdə, ikinci dəfə ölkə rəhbərliyinə gəlmiş ulu öndər Heydər Əliyevin çiyinlərinin üstünə düşdü.
Bəlli olduğu kimi, respublikada 1995-ci ildən torpaq islahatları aparılır. Torpaq siyasəti kifayət qədər həssas bir sahə olduğu üçün çox ehtiyatlı və incə yanaşma tərzi tələb edirdi. Bu sahədə hər hansı bir kiçik səhv çox böyük problemlər yarada bilərdi. Digər tərəfdən isə Azərbaycanın nə dərəcədə mürəkkəb ictimai-siyasi və iqtisadi quruluşa malik olması heç kəsə sirr deyildir. Belə bir şəraitdə respublikada torpaq islahatlarına başlanması nə qədər vacib bir məsələ idisə, onun həyata keçirilməsi bir o qədər çətin və cəsarət tələb edən bir iş idi. Lakin bütün çətinliklərə və maneələrə baxmadan ümummilli lider Heydər Əliyev digər məsələlər kimi bu problemin də həllinə nail oldu. Belə ki, onun təşəbbüsü və rəhbərliyi ilə ümumxalq müzakirələrindən sonra torpaq islahatı proqramı hazırlandı və bu proqram əsasında torpaq islahatlarının həyata keçirilməsini təmin edən hüquqi baza yaradıldı. Bundan sonra islahatların sürətlə həyata keçirilməsi prosesi başlandı.
Azərbaycan Respublikasının vahid torpaq fondu qanunvericiliyə müvafiq şəkildə üç mülkiyyət (dövlət, bələdiyyə və xüsusi) formasına ayrıldı. Belə ki, bu torpaq fondundan 23,5 %-i bələdiyyə mülkiyyətinə, 19,6 %-i xüsusi mülkiyyətə və 56,9 %-i isə dövlət mülkiyyətinə aid edildi.
Respublikanın kənd təsərrüfatının inkişafında mühüm nailiyyətlər əldə edilməsinə səbəb olan amillərdən biri də 1999-cu ildə ulu öndər Heydər Əliyev tərəfindən yerli özünüidarəetmə orqanı olan bələdiyyələrin yaradılması oldu. 1999-cu ilin 24 dekabr tarixində "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" 237 nömrəli fərmandan irəli gələn tapşırıqların yerinə yetirilməsi də ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır.
Ulu öndərin himayəsi və uzaqgörənliyi sayəsində ölkəmizdə digər MDB ölkələrindən fərqli olaraq qorunub saxlanılan və inkişaf etdirilən sahələrdən biri də geodeziya və xəritəçəkmə sahəsi olmuşdur. Sovet dönəmində bütün dünyada məşhur olan Ross Kartoqrafiya 90-cı illərdə dağıdılarkən, bütün region ölkələri içərisində ən qabaqcıllardan biri olan Gürcüstanın xəritəçilik qurumları süqut edərkən, ulu öndər Azərbaycanın Geodeziya və Kartoqrafiya sahəsinin qorunub saxlanmasına nail oldu və hazırda ən son texnologiyalarla təchiz edilmiş müəssisələrimiz ölkəmizin xəritəçəkmə materiallarına olan tələbatını yüksək səviyyədə ödəyir.
Qeyd etmək lazımdır ki, torpaq islahatları prosesində sovet dövründən qalma yararsız xəritəçəkmə metodları islahat prosesində müəyyən neqativ halların yaranmasına səbəb olur, bəzi hallarda hətta pay veriləcək torpaq sahələri yaşayış məntəqələri ilə üst-üstə düşürdü. Ona görə də ulu öndər o zaman torpağın kəndliyə verilməsi ilə bərabər torpaq kadastr xəritələrinin yenidən işlənilməsi ilə bağlı da ciddi tədbirlər həyata keçirmək üçün göstərişlər verdi. Yaponiyadan alınan 3,2, İsveçrədən isə alınan 2 milyon dollar qrant hesabına rəqəmli xəritə və şəhər kadastrının yaradılmasına başlandı. Bu yeni texnologiyanın tətbiqi xəritəçəkmədə xətaları minimuma endirdi. Xəritə üzərində hər nöqtənin koordinatları təsbit edilməklə təkcə inzibati xəritələr deyil, mülkiyyət növləri üzrə də xəritələr hazırlanmağa başlanıldı. Dünya Bankının ayırdığı kredit hesabına isə ölkəmizdə ortofoto, geodeziya, torpaq kadastrı və naviqasiya sahəsində görüləcək böyük işlərin təməli qoyuldu. Ölkənin aqrar-iqtisadi siyasətinin müəllifi, böyük dövlət adamı Heydər Əliyevin sosial-ədalət prinsipinə söykənən yuxarıdakı tezisləri əsasında formalaşdırılan və 1993-2003-cü illərdə onun 52-dən artıq fərman və sərəncamları ilə qüvvəyə minən, düzgün icra mexanizmləri ilə həyata keçirilən aqrar siyasətin nəticəsi Azərbaycanda aqrar sahənin günü-gündən inkişafına səbəb oldu.
Qeyd etmək lazımdır ki, qəbul edilən kifayət qədər mükəmməl qanunların sayəsində bu gün dövlət mülkiyyətində saxlanılan və bələdiyyə mülkiyyətinə verilən torpaqlar da son nəticədə Azərbaycan vətəndaşlarının rifahı naminə istifadə edilir. Belə ki, bələdiyyə mülkiyyətinə verilən torpaqlar alqı-satqı, istifadə, icarə və s. qaydalarda, dövlət mülkiyyətində olan torpaqlar da yenə icarə və istifadə qaydasında əhalinin xidmətinə verilir. Nəticə etibarı ilə, bütün qanunlar ölkədə aqrar sahənin inkişafına hüquqi əsas yaratmaqla, xalqın maddi rifahının yaxşılaşdırılmasına zəmin yaratmış olur.
Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, respublikamızda həyata keçirilən torpaq islahatlarını birdəfəlik tədbir hesab etmək düzgün fikir olmazdı. Torpaq islahatları həmişə inkişafda olan dinamik bir prosesdir ki, bu proses də digər proseslərlə kompleks şəkildə həyata keçirilir. Torpaq islahatlarının birinci mərhələsi olan torpaqların xüsusi mülkiyyətə verilməsi ilə yanaşı, ölkədə vahid torpaq fondu üzrə dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu işlərinin də həyata keçirilməsi xüsusi əhəmiyyətə malikdir. Məhz bu işlərin nizama salınmasının hüquqi əsaslarını müəyyən etmək üçün "Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir (12 mart 1999-cu il). Bu qanuna və digər qanunvericilik aktlarına uyğun olaraq "Torpaq-kadastr sənədlərinin aparılması qaydaları" və eləcə də "Dövlət torpaq kadastrının aparılması qaydaları haqqında", "Dövlət torpaq kadastrı fondunun yaradılması, istifadəsi və mühafizəsi haqqında" əsasnamələr hazırlanmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 7 iyun tarixli 94 nömrəli qərarı ilə təsdiq edilmişdir.
Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə uyğun olaraq torpaqlardan istifadə edilməsinin hüquqi əsasları, növləri, torpaq mülkiyyətçiləri, istifadəçiləri və kateqoriyaları üzrə bölüşdürülməsi, torpaqların kəmiyyət xarakteristikası, habelə torpaqların bonitirovkası və iqtisadi qiymətləndirilməsi haqqında lazımi məlumat və sənədlər sistemini əks etdirən dövlət torpaq kadastrı yaradılmışdır.
Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Dünya Bankının "Təsərrüfatların özəlləşdirilməsi" layihəsində pilot təsərrüfatlar üçün hüquqi sənədlərin hazırlanmasının kadastr və qeydiyyat işlərinin aparılmasını təmin etmişdir. Dünya Bankının 2-ci layihəsi olan "Kənd təsərrüfatının inkişafı və kreditləşməsi" layihəsində Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi də iştirak etmişdir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində olmuş ABŞ, Kanada, Yaponiya, Fransa, İsveçrə, Finlandiya, Almaniya, Hollandiya, Türkiyə və s. kimi ölkələrdən gəlmiş mütəxəssislər komitənin müasir avadanlıq və informasiya texnologiyası ilə təmin olunma səviyyəsini çox yüksək qiymətləndirmişlər. Respublikamızda aparılan torpaq islahatları digər MDB ölkələrinin marağına səbəb olmuş, bu istiqamətdə Azərbaycanda torpaq islahatlarının aparılması prosesini əhatə edən hüquqi bazanın öyrənilməsinə maraq göstərilmiş və bu prosesin idarə edilməsi və həyata keçirilməsi mexanizmlərinə xüsusi diqqət yönəldilmişdir.
Həmin məqsədlə Ukrayna, Rusiya, Qazaxıstan və s. kimi ölkələr Azərbaycan təcrübəsindən istifadə etmək qərarına gəlmişlər. Hazırda həmin ölkələrin müvafiq qurumları ilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi arasında sıx əməkdaşlıq mövcuddur. Təsadüfi deyildir ki, MDB üzvü olan ölkələrin Torpaq Münasibətləri və Yerquruluşu İşləri Üzrə Dövlətlərarası Elmi Problemlər Şurasının sədri, Rusiya Kənd Təsərrüfatı Elmləri Akademiyasının akademiki, iqtisadiyyat elmləri doktoru, professor Nikolay Komov "Yerquruluşu və torpaq istifadəçiliyinin Rusiya modeli" adlı kitabında Azərbaycanda həyata keçirilən torpaq islahatları, onun hüquqi bazası, prinsipləri və icra mexanizmləri haqqında geniş məlumat verərək həmin modelin Rusiyada tətbiq edilməsi işini təqdirəlayiq hesab edir.
Bundan başqa, Qazaxıstan Respublikası Torpaq Ehtiyatlarının İdarə Edilməsi Agentliyi tərəfindən nəşr edilən "XXI əsrin astanasında torpaq islahatları strategiyası" kitabında da Azərbaycanda həyata keçirilən torpaq islahatlarından geniş söhbət açılır, onun elmi-hüquqi əsasları haqqında geniş məlumat verilir və təqdirəlayiq bir model kimi təqdim edilir. Əlbəttə, bütün bunlar, xalq arasında deyidiyi kimi, "Heydər Əliyev torpaq islahatları"nın nə qədər dərin elmi-təcrübi metodologiyaya söykəndiyini bir daha sübut edir.Hazırda ölkəmiz bu sahədə postsovet məkanında birincilər sırasındadır.
Torpaq elə bir təbii cisimdir ki, onun bir santimetrini əgər əmələ gətirmək mümkün olarsa 300 il vaxt lazımdır. Bunu məhv etmək üçün isə çox az bir müddət yetər. Bildiyimiz kimi, Azərbaycan çox az torpağı olan ölkədir. Burada adambaşına təxminən 0,18 hektar sahə düşür. İşğal olunmuş əraziləri də nəzərə alsaq bu rəqəm daha da azalar. Buna böyük uzaqgörənliklə yanaşan ulu öndər torpaqdan, torpaq ehtiyatlarından səmərəli istifadə etmək və onun mühafizəsini birbaşa təşkil etmək üçün 2000-ci il 28 noyabr tarixində "Torpaq ehtiyatlarından istifadəyə və onların mühafizəsinə dövlət nəzarəti haqqında" fərman imzaladı. Bu fərmanın tətbiqi ilə torpaq qanunvericiliyinin pozulması hallarının qarşısı alındı. Mülkiyyət formasından asılı olmayaraq bütün mülkiyyətçilərə şamil edilmiş sənədin əsas mahiyyəti torpağı gələcək nəsillər üçün qorumaq oldu. Beləliklə, ulu öndərin qayğısı sayəsində əvəzedilməz təbii tarixi cisim olan torpaqlarımızın mühafizəsi istiqamətində ciddi addım atılmış oldu.
2003-cü ildə xalqımızın mütləq əksəriyyətinin səs çoxluğu ilə hakimiyyətə gələn Heydər Əliyev dövlətçilik məktəbinin layiqli davamçısı Prezident İlham Əliyev də ölkədə regionların və aqrar sektorun inkişafına xüsusi diqqət yetirməkdədir.
"Azərbaycan təkcə Bakıdan və Abşerondan ibarət deyil... Azərbaycanın hər bir regionu inkişaf etməlidir... Kənd təsərrüfatında aparılan islahatların ikinci mərhələsi başlanmalıdır" - söyləyən Prezident İlham Əliyev tərəfindən imzalanan, ölkəmizin hərtərəfli inkişafına xidmət edən"Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)" mahiyyətcə heç də torpaq islahatlarından geri qalmamaqla, insan amilinin yüksəlişinə xidmət edən təkmil strategiya kimi qəbul edildi. Azərbaycan Respublikası Prezidentinin 14 aprel 2009-cu il tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" əslində "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı (2004-2008-ci illər) Dövlət Proqramı"nın davamı kimi qiymətləndirilməlidir. Çünki bu Dövlət Proqramının vəzifələri və regionların prioritet istiqamətlərində əsas məqsədi ölkədə qeyri-neft sektorunun inkişafının sürətləndirilməsinə, iqtisadiyyatın diversifikasiyasına, tarazlı regional və davamlı sosial-iqtisadi inkişafa, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına nail olmaqdan ibarətdir.
Şəhərlərin, rayonların, kənd və qəsəbələrin birbaşa inkişafına xidmət edən Dövlət Proqramı çərçivəsində bölgələrdə yeni idman kompleksləri, səhiyyə, təhsil ocaqları, zavodlar, fabiriklər istifadəyə verildi. Əhəmiyyətli hadisələrdən biri də o olmuşdur ki, bu müddət ərzində çadır şəhərcikləri ləğv edilmiş, qaçqın və məcburi köçkünlər hər bir şəraitə malik olan mənzillərlə təmin olunmuşlar. Məhz torpaq islahatlarının və regionların sosial-iqtisadi inkişafı proqramının uğurla həyata keçirilməsinin nəticəsi olaraq ümumi daxili məhsulun istehsalına görə Azərbaycan adını lider ölkə kimi tarixə yazdı.
"2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı"nın təsdiq edilməsi barədə 25 avqust 2008-ci il tarixli 3004 nömrəli sərəncamı ölkə başçısı İlham Əliyevin bir qayda olaraq, torpaq amilinə həmişə önəm verməsinin bariz nümunəsidir. Prezident İlham Əliyev böyük uzaqgörənliklə dünyamızın gələcəkdə iqtisadi böhranla üzləşə biləcəyini gördüyündən zamanın axarını qabaqlayaraq Azərbaycan vətəndaşlarının sosial-rifah halının daha da yaxşılaşdırılması və hər hansı bir iqtisadi böhrandan əzmlə çıxmaları məqsədilə imzaladığı həmin Dövlət Proqramını təsdiq edərkən həmçinin nəzərə almışdır ki, ölkəmizin ərzaq təhlükəsizliyinin təmin edilməsində torpaq ən başlıca və əvəzedilməz amildir.
Prezident İlham Əliyev ulu öndərin ideyalarının ölməzliyini və əbədi olacağını qürur hissi ilə vurğulamışdır: "Bu gün Heydər Əliyevin cismani yoxluğu bizi ruhdan salmamalıdır. Onun ideyaları yaşayır, onun siyasəti yaşayır, onun fəlsəfəsi, ideologiyası yaşayır. Yaratdığı müasir Azərbaycan yaşayır və onun yolu ilə inkişaf edir. Hamımızın borcudur ki, onun siyasətini yaşadaq və Vətənimizi bu yolla irəliyə aparaq. Bu, hamımız üçün, onu tanıyanlar və sevənlər, onunla birlikdə işləyən bütün insanlar üçün böyük sınaqdır. Azərbaycanda bu siyasətə alternativ yoxdur. Bu siyasət Azərbaycana böyük uğurlar gətirib və əminəm ki, yeni-yeni uğurlar gətirəcəkdir".
Bizim hər birimiz inanırıq ki, ümummilli liderimiz Heydər Əliyevin qurucusu və memarı olduğu müasir Azərbaycanda onun layiqli davamçısı, Prezident İlham Əliyevin rəhbərliyi altında bütün sahələrdə görülən işlər uğurla davam edəcəkdir.
{nl}
Qərib MƏMMƏDOV, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri, akademik
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.