Son illər ölkəmizin avtomobil nəqliyyatı kompleksində genişmiqyaslı tədbirlər həyata keçirilir. Bütün bu işlər əhaliyə yüksək səviyyəli nəqliyyat xidmətlərinin göstərilməsi üçün lazımi şəraitin yaradılmasına yönəldilmişdir. Bu baxımdan son zamanlar paytaxt Bakıda həyata keçirilən işlər diqqəti xüsusilə cəlb edir. Belə ki, Prezident İlham Əliyevin bilavasitə göstərişi ilə əhaliyə nümunəvi sərnişindaşıma xidməti göstərmək məqsədilə şəhərin avtobus parkı tamamilə yeniləşdirilir, paytaxta ən müasir, komfort şəraiti və rahatlığı ilə seçilən nəqliyyat vasitələri gətirilir. İndi Bakıda kiçik tutumlu marşrut avtobuslarının əvəzinə xəttə daha iri, yaraşıqlı avtobuslar buraxılır ki, bu da ictimai nəqliyyatdan istifadə edən əhalinin dərin razılığına səbəb olur. Yaxın vaxtlarda istismara veriləcək Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi isə bu sahədə əsl yenilik hesab edilməlidir.
Bütün bunlarla yanaşı, paytaxtın taksi parkının da yeniləşdirilməsinə başlanılmışdır. Bu isə taksi minik avtomobilləri ilə sərnişin daşımalarında qanunvericiliyin tələblərinə ciddi riayət olunmasına, bu sahədə mövcud pərakəndəliyin aradan qaldırılmasına və bütövlükdə Bakı şəhərində taksi xidmətinin müasir standartlar səviyyəsində təşkil edilməsinə tam imkan yaradacaq. Artıq bu sahədə konkret addımlar atılmış, paytaxt sakinlərinə və şəhərimizin qonaqlarına yüksək səviyyədə taksi xidmətinin göstərilməsi məqsədilə "Bakı Taksi" MMC və London Taksi Şirkəti arasında nümayəndəlik sazişi və min ədəd TX4 markalı taksi minik avtomobilinin alınmasına dair müqavilə imzalanmışdır.
Artıq London taksilərinə Bakının mərkəzi küçə və prospektlərində rast gəlmək mümkündür. Qeyri-adiliyi ilə seçilən, dizayn baxımından zövq oxşayan, komfort şəraiti və rahatlığına görə sərnişinlərin marağına səbəb olan bənövşəyi rəngli bu avtomobillərin xidmətindən istifadə edənlərin sayı isə günbəgün artmaqdadır. İndiyədək paytaxta 100 ədəd bu cür avtomobil gətirilmişdir. İlin sonunadək isə daha 900 ədəd taksinin gətirilməsi gözlənilir. Nəqliyyat Nazirliyinin "Avtonəqliyyatservis" Departamentinin xidmət rəisi Rauf Orucovdan London taksilərinin özünəməxsus cəhətləri, imkanları və üstünlükləri barədə ətraflı məlumat aldıq. Şübhəsiz ki, bu məlumatlar avtomobil həvəskarları və gün ərzində taksi xidmətindən istifadə etməyə daha çox üstünlük verənlərin marağına səbəb olacaqdır.
Hər şeydən əvvəl qeyd etmək lazımdır ki, bu model avtomobillər sırf taksi xidmətləri göstərmək məqsədi üçün istehsal edilmişdir. Yeri gəlmişkən, sözügedən avtomobillərin istehsalçısı olan indiki London Taksi Şirkəti 1948-ci ildə yaradılmışdır. Həmin ildə Londonun ilk taksi avtomobili olan F X 3 modeli ilə istehsala başlayan şirkət indiyədək müxtəlif modellərdən ibarət 1 milyon olan avtomobil istehsal etmişdir. Bu sıraya T X 4 modelindən başqa A X 4, TX 1 və TX2 modelləri də daxildir. Hazırda Bakının taksi parkına rəngarənglik gətirən, yaxın vaxtlarda isə bu sahədə üstünlüyü tam ələ alacaq T X 4 avtomobilləri AVRO 4 standartlarına cavab verir. Bu maşınlar 2500 kubsantimetr həcmində dizel mühərriki, 5 pilləli mexaniki surət qutusu və hidravlik sükanla təchiz olunmuşdur. Qeyd etdiyimiz kimi, TX 4 sırf taksi məqsədləri üçün nəzərdə tutulduğundan avtomobilin dönmə imkanı yüksəkdir. Daha doğrusu, bu model avtomaşınlar 7,6 metr çərçivəsində dönmək imkanına malikdir.
Maşının salonu dizaynı və quruluşu ilə də seçilir. Belə ki, avtomobilin sürücü oturan hissəsinin şəffaf divarla ayrılması sərnşinlərin rahatlığının və təhlükəsizliyinin təmin edilməsi məqsədi daşıyır. Arxa hissədə üzbəüz quraşdırılmış beş oturacaq yeri sərnişinlərə gediş zamanı rahat söhbət etməyə şərait yaradır. Bununla yanaşı, sərnişinlərə onlara aid olan hissədən avtomobildə quraşdırılmış iki kondisionerdən birini idarə etməyə, sürücü ilə danışığı asanlaşdıran sistemdən istifadəyə, eləcə də salonun işığını yandırıb söndürməyə imkan verilir. Burada sərnişinlər, həmçinin avtomatik şüşə qaldırıcılarından da istifadə edə bilərlər.
Yeni model taksilərin üstünlükləri bütün bunlarla məhdudlaşmır. T X 4 markalı taksilərin digər minik avtomobillərindən daha bir fərqi ondadır ki, maşın əlil və uşaq arabalarının daxil olması üçün xüsusi pandusla təchiz edilmişdir. Həmin pandus əlil və uşaq arabasının salona yerləşdirilməsi üçün oturacaqlardan birinin çölə çıxarılmasına və yenidən əvvəlki yerinə qaytarılmasına imkan yaradır. Bütün bu kimi parametrlərə və bir sıra üstünlüklərə malik T X 4 markalı taksi avtomobilləri Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 6 dekabr 2010-cu il tarixli 163 nömrəli əmri ilə təsdiq edilmiş "Sərnişin stansiya qurğuları və avtomobilləri" AZS 425-2010 dövlət standartlarının tələblərinə tam cavab verir.
Yeni taksilərdə gediş haqqına gəlincə isə, R.Orucov bildirdi ki, bu məsələ avtomobildə quraşdırılmış sayğacla tənzimlənəcəkdir. Daha doğrusu, bu taksilərdə minməyə, hər kilometr ödənişli gedişə, həmçinin bir saat ödənişli boşdayanmaya görə tarif müəyyənləşdirilmişdir. Belə ki, sərnişinə (sayından asılı olmayaraq) taksiyə minməyə görə bir manat, qət etdiyi, hər kilometrə görə 70 qəpik, avtomobilin boş dayandığı hər dəqiqə üçün isə 5 qəpik hesablanır. Göründüyü kimi, sərnişin sayğacın göstəricisinə əsasən sürücü ilə hesablaşır ki, bu da tərəflər arasında yarana biləcək narazılıqların qarşısını alır. Elə paytaxt sakinləri arasında aparılmış sorğudan da məlum olur ki, yeni taksilərdən istifadə edən sərnişinlər həm tariflərdən, həm də göstərilən xidmətlərin keyfiyyətindən razıdırlar. Yeri gəlmişkən, onu da qeyd edək ki, yaxın vaxtlarda London taksilərini telefonla da sifariş etmək mümkün olacaq.
Bu avtomobillərin xidmətindən istifadə edən sərnişinlərin təhlükəsizliyi də tam təmin olunur. Belə ki, taksi sürücüləri tibbi müayinədən və xüsusi psixoloji testlərdən keçirilmiş , tərtib edilmiş müvafiq proqram üzrə təlimdə iştirak etməklə sertifikat almışlar. Bundan əlavə, sürücülərə sərnişinlərlə davranış qaydaları, paytaxt küçələrinin tanınması, yol hərəkəti qaydaları, eləcə də avtomobilə dair texniki və digər zəruri bilgilər tədris olunmuşdur. Yeni taksilərin sürücüləri vahid geyim forması ilə də təmin edilmişlər.
Yeri gəlmişkən, "Avtomobil nəqliyyatı haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında" ölkə Prezidentinin 2008-ci ildə imzaladığı 792 nömrəli fərmanının 1.6-cı bəndinin icrası ilə əlaqədar Respublika Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş "Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları" müəyyənləşdirilmişdir. Həmin qaydaların 9.3-cü bəndinə müvafiq olaraq hər bir taksi minik avtomobili dayanacağı üçün Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin səlahiyyətli qurumu tərəfindən müəyyən edilmiş formada pasport təsdiq edilir və dayanacağın yeri yerli şəhər (rayon) icra hakimiyyəti və Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin müvafiq ərazi bölmələri ilə razılaşdırılır. Hazırda paytaxtda 816 avtomobil tutumu olan 61 taksi dayanacağı pasportlaşdırılmış və onların xəritəsi tərtib edilmişdir. Gələcəkdə isə tələbata uyğun olaraq belə dayanacaqların sayının artırılması nəzərdə tutulmuşdur. Yeni taksilərə gəlincə isə, həmin avtomaşınlar əsasən paytaxtın mərkəzi hissələrində yerləşən 11 taksi dayanacağı üzrə bölüşdürülmüşdür.
{nl}
Mirbağır YAQUBZADƏ, "Xalq qəzeti"
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.