Azərbaycanlı deputatın məruzəsi payızda AŞPA-nın ümumi müzakirəsinə çıxarılacaqdır

Avropa Şurası Parlament Assambleyasının yay sessiyasında bir sıra aktual məruzələrin plenar iclaslarda geniş müzakirələri ilə yanaşı, ayrı-ayrı komitələrdə də fəal iş gedir və növbəti sessiyada assambleyanın gündəliyinə salınacaq vacib məruzələrin mətni və qətnamə layihələri səsə qoyularaq qəbul edilir.
Belə məruzələrdən birinin müəllifi Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynovdur. Onun hazırladığı "Hərbi münaqişələr və ətraf mühit" adlı məruzə son aylarda Ətraf mühit, kənd təsərrüfatı, yerli və regional məsələlər komitəsində bir neçə dəfə müzakirə olunmuş, həmin diskussiyaların bir qisminə mövzu üzrə ekspertlər də cəlb edilmişdir. Yay sessiyası ərəfəsində yekun mətni təsdiqlənmiş həmin məruzənin mahiyyətini əks etdirən qətnamə layihəsi də səsverməyə çıxarılmış, bənd-bənd müzakirə edilmişdir.
Parlament Assambleyasında bu məruzəyə yüksək diqqətin olması təsadüfi deyildir. Çünki həmin məruzədə həm üzv dövlətlərin ərazisində, həm də bütövlükdə dünyanın digər ölkələrindəki qaynar nöqtələr tədqiq edilir, hərbi münaqişələrin ekologiyaya vurduğu zərərin miqyası haqqında dolğun təsəvvür yaradılır, bu sahədəki hüquqi baza haqqında yetərincə məlumat verilməklə yanaşı, həmin mexanizmlərin təkmilləşdirilməsi məsələsinə də diqqət yönəldilir.
Məruzə müəllifi Rafael Hüseynov Azərbaycanın Avropa Şurasında həqiqi üzv olaraq çalışdığı 11 il ərzində daim Ermənistanın Azərbaycan təbiətinə yönələn qəsdləri haqqında kəsərli sənədlər hazırlamış, yandırılan torpaqlarımız, qırılan meşələrimiz, zəhərlənən sularımız, kökü məqsədli şəkildə kəsilən bitkilərimiz, nüvə qəbiristanlıqlarına döndərilən ərazilərimiz barədə ümumilikdə 250-dən artıq avropalı deputatın imzaladığı tövsiyə üçün qətnamələr hazırlamışdır. Təbii ki, indi təsdiq olunaraq Assambleyanın açıq müzakirəsinə təqdim edilən məruzədə də həmin problemlər yığcam şəkildə əks olunmuşdur. Məruzəsinin təqdimi zamanı Ermənistanın Azərbaycana təcavüzünün ətraf mühitə vurduğu ölçüyəgəlməz fəsadların təfərrüatlarından bəhs edən Rafael Hüseynov demişdir: "Dünyanın istənilən bölgəsində baş verən, böyük-kiçikliyindən asılı olmayaraq hər bir müharibə, hər bir hərbi münaqişə ən ağır zərbələrindən birini təbiətə vurur. Avropa Şurasına üzv olan 47 dövlət arasında hərbi münaqişələrin təbiətə vurduğu ziyandan ən çox əziyyət çəkən Azərbaycandır. Ermənistanın 1988-1993-cü illərdə zəbt etdiyi 1,7 milyon hektar ərazidə 247352 hektar meşə sahəsi, 152 təbiət abidəsi və 5 geoloji obyekt qalmışdı. Bir hissəsi silahlı toqquşmalar zamanı yox edilmiş həmin sərvətlərin qalan hissəsi də işğal olunmuş ərazilərdə məskunlaşan və gec-tez bu yerlərdən onsuz da çıxmalı olacağını yaxşı anlayan ermənilər tərəfindən sistemli şəkildə talan və məhv edilmişdir, həmin dağıdıcı fəaliyyətlər bu gün də davam etməkdədir.
Artıq bir neçə ildir ki, Avropa Şurası bir sıra beynəlxalq təşkilatlarla birlikdə gələcəkdə bəşəriyyəti narahat edə biləcək ən ümdə məsələlərdən olan su problemini araşdırır, elə həmin qəbildən olan böyük bir forum da AŞPA-nın yay sessiyası ərəfəsində keçirildi. Azərbaycanın işğal olunmuş ərazilərində ekoloji əhəmiyyətə malik bir çox göllər böyük antropogen təsirə məruz qalır. Bu ərazilərdəki irili-xırdalı 7 relikt göl - Kəlbəcər və Laçın rayonlarının yaylaqlarında Böyük Alagöl, Kiçik Alagöl, Zalxagöl, Qaragöl, Canlıgöl, İşıqlı Qaragöl və Ağdərə rayon ərazisində Qaragöl kimi şirin su ehtiyatları bu gün işğal altındadır. İşğal altındakı ərazilərdən keçərək Azərbaycanın digər ərazilərinə daxil olan çaylar mütəmadi şəkildə zəhərli və zərərli kimyəvi, bakterioloji tullantılarla çirkləndirilir.
1994-cü ildən Ermənistanla Azərbaycan arasında atəşkəs elan edilsə də, buna müəyyən şərtiliklə əməl olunsa da, Azərbaycan ekologiyasına qarşı Ermənistan ən qəddar və sərt müharibəsini bir an da dayandırmadan aparmaqdadır.
Uzun illər boyu sürəcək ekoloji fəlakətlər vəd edən belə halların qarşısını almaq üçün Avropa Şurası da öz növbəsində qüvvələrini səfərbər etməlidir".
Azərbaycanlı deputatın "Hərbi münaqişələr və ətraf mühit" mövzusundakı məruzəsini komitə üzvləri yüksək qiymətləndirmişlər. Rafael Hüseynovun müəllifi olduğu bu araşdırmanın əhəmiyyətini nəzərə alaraq onun ayrıca kitabça halında nəşr olunması da tövsiyə edilmişdir.

{nl}

Əsgər ƏLİYEV AzərTAc-ın xüsusi müxbiri 
Strasburq


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında