Şriftin ölçüsü:
22.06.2011 02:05 | Oxunma sayı: 534
İyunun 26-da keçiriləcək təntənəli hərbi parad Silahlı Qüvvələrimizin son illər ərzində əldə etdiyi yüksək döyüş hazırlığı uğurlarını bir daha nümayiş etdirəcək və öz möhtəşəmliyi ilə yadda qalacaq. Ordu quruculuğu işinin dövlət rəhbəri tərəfindən prioritet elan olunması və orduya aid xərclərin davamlı olaraq ilbəil artırılması ölkənin müdafiə məsələlərinin həllində əvəzsiz rol oynamışdır. Cənubi Qafqazın ən mobil silahlı qurumu kimi tanınan və işğalçı Ermənistan ordusunu istisnasız olaraq bütün parametrlərilə dəfələrlə arxada qoyan Azərbaycan ordusu öz tarixinin ən əlamətdar günlərini yaşayır.
Silahlı Qüvvələrimizin 93-cü ildönümü ərəfəsində hərbi parada ordu mənsubları yüksək döyüş əhval-ruhiyyəsi ilə hazırlaşırlar. Hərbi parad bütün dünya orduları üçün ictimaiyyətdə dolğun rəy formalaşdırmaq istiqamətində xüsusi əhəmiyyət daşıyan əlamətdar bir tədbir, yaddaqalan hadisədir. Sonuncu dəfə Azərbaycanda belə bir hərbi parad ordumuzun 90 illik yubileyi münasibətilə 26 iyun 2008-ci il tarixdə Bakının bayram libası geyinmiş Azadlıq meydanında keçirilmişdir. Hərbi paradda Silahlı Qüvvələrin bütün qoşun növlərinin, hərbi birlik və birləşmələrin, hərbi tədris müəssisələrinin, həmçinin qanunvericilikdə nəzərdə tutulmuş başqa silahlı birləşmələrin 4510 nəfərlik şəxsi heyəti, 210 modernləşdirilmiş hərbi texnika, döyüş vertolyotları, təyyarələri, gəmiləri və qayıqlar iştirak edirdi. Parad zamanı nümayiş olunan hərbi maşınların, xüsusilə düşmənin taktiki dərinliklərində kəşfiyyat aparılması üçün istifadə edilən ən müasir və səmərəli texnika kimi tanıdığımız pilotsuz uçuş aparatlarının nümayişi, "BM-21" və "Qrad" qurğularının, taktiki raket, o cümlədən zenit-raket komplekslərinin, müxtəlif markalı özüyeriyən artilleriya qurğularının, piyadaların döyüş maşınları və modernləşdirilmiş T-72 tanklarının tribuna önündən keçidi ictimaiyyət nümayəndələrinin dərin marağına səbəb olmuşdur. Azadlıq meydanının yaxınlığında Hərbi Dəniz Qüvvələrinin reyddə sıralanmış gəmi və qayıqları, bucaq düzülüşü ilə manevr edən Hərbi Hava Qüvvələrinə məxsus Mi-8 vertolyotları, eləcə də SU-24 və MİQ-29 qırıcı-bombardmançı təyyarələri hər bir Azərbaycan vətəndaşının qürur və iftixar mənbəyinə çevrilmişdir. Əlamətdar tədbir Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ideyalarına sədaqət və ehtiramın təntənəsi, Silahlı Qüvvələrimizin güc və qüdrətinin nümayişi kimi ictimaiyyət nümayəndələrinin yaddaşından heç vaxt silinməyəcəkdir.
On iki ildir ki, 26 iyun müstəqil Azərbaycanda ümumxalq bayramı kimi təntənəli şəkildə qeyd olunur. Bu günün tarixləşməsi də ümummilli liderimizin adı ilə bağlıdır. Prezident Heydər Əliyevin 1998-ci il mayın 22-də imzaladığı fərmanla tarixi həqiqətin və ordu quruculuğunda varislik ənənələrinin bərpası ilə bağlı çox böyük əhəmiyyətə malik möhtəşəm bir addım atıldı. Ümummilli liderimizin xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışından sonra məhz ulu öndərin rəhbərliyi altında həyata keçirilən islahatlar nəticəsində qısa müddətdə vahid komandanlığa tabe olan nizami ordu quruldu. 1993-cü il noyabrın 1-də Müdafiə Şurası yaradıldı. Noyabrın 2-də isə ölkəmizin rəhbəri televiziya və radio ilə xalqa müraciət etdi. Bu müraciət Azərbaycan Silahlı Qüvvələr quruculuğunda yeni bir mərhələnin başlanğıcı kimi tarixə düşdü. Təsadüfi deyil ki, ümummilli liderimiz Heydər Əliyevin adı müasir müstəqil dövlətimizin memarı və qurucusu olmaqla yanaşı, həm də qüdrətli Azərbaycan ordusunun yaradıcısı kimi daim xalqın ürəyində yaşayır.
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bu əlamətdar tədbirdə çıxışı zamanı Azərbaycanda ordu quruculuğu prosesinə 1993-cü ildə, Heydər Əliyevin ölkə rəhbərliyinə qayıtdığı vaxtdan sonra başlanıldığını və böyük uğurlar əldə edildiyini xüsusi vurğulayaraq demişdir ki, bu gün keçirilən hərbi paradda bizim hərbi potensialımızın kiçik bir hissəsi nümayiş etdiriləcək. Azərbaycan xalqı ordumuzun nəyə qadir olduğunu görəcəkdir. Biz bu prosesi bundan sonra da davam etdirəcəyik. Azərbaycanın maddi imkanları artır. Biz ilk növbədə ordu quruculuğuna daha da böyük səylər göstərəcəyik. Onu demək kifayətdir ki, Azərbaycanın dövlət xərclərində hərbi xərclər birinci yerdədir və mən əminəm ki, bundan sonrakı illərdə də bu, belə olacaqdır.
Cənab Prezidendin vaxtilə qeyd etdikləri artıq tarixi gerçəkliyə çevrilmişdir. Ötən il Gülüstan sarayında Silahlı Qüvvələrimizin 92-ci ildönümünə həsr edilmiş təntənəli mərasimdə çıxışı zamanı müdafiə naziri general-polkovnik Səfər Əbiyev bu münasibətlə demişdir: "Biz bu gün dahi liderimizi bir daha dərin minnətdarlıq hissilə yad edir və Azərbaycanda güclü Silahlı Qüvvələrin yaradılmasında göstərdiyi xüsusi xidmətlərə görə onun ulu xatirəsi qarşısında baş əyirik. Dövlətimizin, hökumətimizin və xalqımızın gündəlik qayğısı nəticəsində Azərbaycan Silahlı Qüvvələri durmadan inkişaf edir, onun beynəlxalq əlaqələri genişlənir və nüfuzu artır. Bunun əyani sübutu olaraq Milli Məclisin 2010-cu il iyunun 18-də keçirilən növbədənkənar sessiyasında müdafiə və təhlükəsizlik xərclərinin 400 milyon manat artırılmasını göstərə bilərəm. Beləliklə, 2010-cu ilin bütün hərbi xərcləri Azərbaycanda 2 milyard 150 milyon dollara bərabərdir ki, bu da Ermənistanın bütün dövlət xərclərindən artıqdır".
Öz üzərində dövlətin və xalqın qayğısını hiss edən ordumuzun bütün xidmət sahələrində yeni keyfiyyət göstəricilərinə nail olması artıq reallığa çevrilmişdir. Şübhə yoxdur ki, iyunun 26-da keçiriləcək təntənəli hərbi parad, Silahlı Qüvvələrimizin son illər ərzində əldə etdiyi yüksək döyüş hazırlığı uğurlarının nümayişi kimi yadda qalacaq və əvvəlki tədbirlərdən öz möhtəşəmliyi ilə fərqlənəcək. Hazırda müdafiə naziri, general-polkovnik Səfər Əbiyevin rəhbərliyi altında həyata keçirilən hazırlıq işlərinə ordumuzun nümunəvi şəxsi heyəti, müasir dünya standartlarına cavab verən modern silah-sursat və hərbi texnika, təyyarə və vertolyotlar, gəmi və qayıqlar, o cümlədən digər hərbi qurğular cəlb olunmuşdur. Hazırlıq işləri növbəti paradın daha yaddaqalan bir tədbir olacağına əsas verir.
{nl}
İbrahim RÜSTƏMOV, əməkdar jurnalist
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.