Şriftin ölçüsü:
21.06.2011 02:19 | Oxunma sayı: 561
Yeniyetmə və gənclərin asudə vaxtlarının, istirahətinin səmərəli təşkili Səbail Rayon İcra Hakimiyyətinin diqqət mərkəzində saxlanılır. Hər il olduğu kimi, bu il də rayonda yaşayan uşaq və yeniyetmələrin yay istirahəti ilə bağlı müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur. RİH başçısı Aparatının şöbə müdiri İsrafil Kərimov bununla bağlı aşağıdakıları bildirdi:
- Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin gənclərlə bağlı tövsiyələrinə uyğun olaraq, paytaxtımızın mərkəzi rayonu olan Səbail rayonunda böyüməkdə olan gənc nəslin Vətənə məhəbbət, Azərbaycan dövlətçiliyinə sədaqət ruhunda tərbiyə olunması və layiqli vətəndaş kimi yetişməsi istiqamətində aparılan işlərə diqqət xeyli artırılmışdır. İl ərzində rayonun orta məktəblərində keçirilən tədbirlərdə, həmçinin rayon icra hakimiyyəti yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyada şagirdlərin təhsildən kənar vaxtlarda, xüsusilə yay tətilləri müddətində asudə vaxtlarının mənalı keçirilməsi ilə bağlı arzu və təklifləri öyrənilmişdir.
İlk növbədə, yay tətili günlərində uşaq və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili, zərərli vərdişlərdən uzaqlaşdırılması, istirahət müddətində onların bilik səviyyələrinin, dünyagörüşünün artırılmasına köməklik göstərilməsi üçün rayondakı mədəniyyət evləri, uşaq yaradıcılıq mərkəzləri, idman məktəblərinin bazasından geniş istifadə olunması nəzərdə tutulmuşdur. Yay aylarında mədəniyyət evlərində və uşaq yaradıcılıq mərkəzlərində fəaliyyət göstərən müxtəlif dərnəklərin, idman bölmələrinin işinə diqqət artırılacaqdır. Bu istiqamətdə işləri daha da genişləndirmək üçün həmin məktəb və mərkəzlərin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində işlər həyata keçirilir.
Keçən il RİH tərəfindən Badamdar qəsəbəsindəki mədəniyyət evi əsaslı təmir olunmuşdur. Bibiheybət qəsəbə mədəniyyət evində də bir sıra işlər görülmüşdür. Badamdar qəsəbəsində yeni idman zalının tikintisi ilə bağlı hazırlıq işləri aparılır. Hazırda idman və digər tədbirlərin keçirilməsi üçün əsaslı təmirdən sonra hər cür şərait yaradılmış orta məktəblərin idman qurğularından və digər imkanlarından istifadə olunur. Yay aylarında rayon ərazisində yerləşən teatr, muzey, sərgi salonları və digər mədəniyyət ocaqlarına aztəminatlı ailələrdən olan uşaqların pulsuz aparılmasının təşkili üçün razılaşma əldə olunmuşdur. Həmçinin Səbail RİH tərəfindən hazırlanmış "Abad həyət" layihəsi çərçivəsində təkcə Badamdar qəsəbəsində əsaslı təmir olunmuş 11 həyətdə yaradılmış mini futbol və voleybol meydançaları, əyləncə qurğularından da istirahət günlərində geniş istifadə olunacaqdır...
Daha sonra öyrəndik ki, Prezident İlham Əliyevin imzaladığı "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"na əsasən, Səbail rayonunda həyata keçiriləcək işlər sırasında rayondakı 20 saylı uşaq yaradıcılıq mərkəzi və 35 saylı texniki yaradıcılıq birliyinin, Bibiheybət qəsəbə kitabxanasının əsaslı təmiri də nəzərdə tutulmuşdur. Bu isə uşaq və yeniyetmələrlə aparılan işlərin keyfiyyətinin artırılmasına böyük töhfə olacaqdır.
Uşaqların asudə vaxt və istirahətin daha rəngarəng edilməsi məqsədi ilə Səbail RİH tərəfindən yay ayları ərzandə Dənizkənarı Milli Parkda yerləşən "Park Bulvar" Ticarət və İstirahət Mərkəzindəki "Park Sinema" kinoteatrında təhsildə fərqlənən məktəblilər, aztəminatlı ailələrin övladları, həmçinin uşaq evlərində tərbiyə alan 200 nəfər uşaq üçün mütəmadi olaraq pulsuz "3 D" həcmli uşaq filmlərinin nümayiş etdirilməsi təşkil olunmuşdur. Rayonun orta məktəbləri, eləcə də məktəbəqədər təhsil müəssisələrinin uşaqları qrafik əsasında bura dəvət olunacaq, kinoseansdan əvvəl onları şən klounlar əyləndirəcək, müsabiqələr keçiriləcək, uşaqlara iş adamlarının hədiyyəsi veriləcəkdir.
"Park Sinema" kinoteatrında ilk belə tədbir keçirilmişdir. Səbail Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Xalidə Bayramova belə tədbirlərin tez-tez keçiriləcəyini billdirmiş, əlavə etmişdir ki, cari ilin avqust ayında yeniyetmələrin yay istirahətinin və asudə vaxtlarının səmərəli təşkili, onların hərbi-vətənpərvərlik tərbiyəsinin möhkəmləndirilməsi məqsədilə ənənəvi olaraq Quba rayonundakı Bakı Türk Liseyinin Quba filialının ərazisində Səbail və Quba rayon icra hakimiyyətləri, DİN Daxili Qoşunlar Komandanlığının birgə layihəsi olan hərbi təmayüllü "Şahinlər" istirahət düşərgəsi yaradılacaqdır. Burada 170 yeniyetmə istirahət edəcəkdir.
Belə tədbirlərin keçirilməsi valideynlərin ürəyincə olmuş, onlar görülən işlərə görə öz dərin minnətdarlıqlarını bildirmişlər.
{nl}
R.TAHİR, "Xalq qəzeti"
{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.