Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatı

2011-ci il iyunun 16-17-də İranın Bəndər Ənzəli şəhərində Xəzər dənizi hövzəsi ölkələrinin ekspertlərinin narkotiklərlə mübarizə məsələlərinə dair ikinci görüşü keçirilmişdir.
Tədbirdə ölkəmizi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi, polis general-mayoru Həzi Aslanovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil etmişdir.
Müşavirədə polis general-mayoru Həzi Aslanov da çıxış edərək Azərbaycanda son illər narkomaniya, narkotik vasitələrin və onların prekursorlarına qarşı mübarizənin dövlət səviyyəsində aparıldığını, bununla əlaqədar artıq 2007-2012-ci illəri əhatə edən və sayca üçüncü olan Dövlət Proqramının da uğurla həyata keçirildiyini, bu prosesə müvafiq dövlət qurumları ilə yanaşı, cəmiyyətin bütün təbəqələrinin nümayəndələrinin, o cümlədən qeyri-hökumət təşkilatlarının da fəal şəkildə cəlb olunduğunu bildirmişdir.
DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi Həzi Aslanov çıxışında, həmçinin narkotiklərin qanunsuz dövriyyəsinin transmilli mütəşəkkil cinayətkarlığın, o cümlədən beynəlxalq terrorizmin əsas maliyyə mənbələrindən biri olduğunu, bu problemin qlobal miqyas aldığını xatırladaraq tədbir iştirakçılarının diqqətini Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ətraf yeddi rayonunu işğal etməsi nəticəsində ölkəmizin İranla 132 kilometrlik sərhəd hissəsinə faktiki nəzarəti itirməsinə, buna görə də göstərilən ərazi vasitəsilə narkotik daşınmasına qarşı adekvat tədbirlərin görülməsinin mümkün olmadığına və belə bir şəraitin cinayətkar qruplar üçün həmin ərazilərdə narkotik tərkibli bitkilərin əkilməsi, narkovasitələrin istehsalı və sonradan digər ölkələrə tranziti üçün münbit şərait yaratmasına yönəltmişdir.
Lakin bəzi KİV-lər İranın yarımrəsmi "Fars" agentliyinin adı çəkilən toplantı barədə verdiyi xəbərə istinadən belə bir məlumat yaymışlar ki, guya həmin müşavirədə çıxışı zamanı Azərbaycan DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi, polis general-mayoru Həzi Aslanov ABŞ-ın ünvanına şok ittihamlar səsləndirərək bu ölkənin dünyada narkotik ticarətini himayə edən əsas güc olduğunu və Birləşmiş Ştatların bir çox yüksək rütbəli dövlət rəsmilərinin narkotik ticarəti himayə etdiyini qeyd etmişdir.
Rəsmi şəkildə bildiririk ki, polis general-mayoru Həzi Aslanov nə tədbirdəki çıxışında, nə də iddia olunduğu kimi, toplantının mətbuata qapalı hissəsində, ümumiyyətlə, ABŞ-ın ünvanına heç bir fikir səsləndirməmişdir.
Bununla əlaqədar bəzi mətbuat orqanlarında DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsi rəisinin adından getmiş həmin təxribat xarakterli, dost və strateji müttəfiq olan Azərbaycan ilə ABŞ arasındakı münasibətlərə xələl gətirmək məqsədi daşıyan fikirləri qəti şəkildə təkzib edirik.
Təəssüf edirik ki, yarımrəsmi olduğu bildirilən "Fars" informasiya agentliyi belə həqiqətdən uzaq, qərəzli və böhtan xarakterli məlumatlar yaymaqla, eyni zamanda, İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasındakı mövcud mehriban qonşuluq və dostluq siyasəti ilə uzlaşmayan bir mövqe nümayiş etdirmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında