Milli Qəhrəman Mübariz İbrahimovun şəhid olmasından bir il keçir

İyunun 18-də Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun şəhid olmasının ildönümü idi.
Mübariz İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olmuşdur. 2005-ci ildə şəhid M.Piriyev adına Əliabad kənd orta məktəbində orta təhsilini başa vurmuş Mübariz həmin il həqiqi hərbi xidmətə çağırılmışdır. Əsgəri xidmətini Daxili Qoşunların "N" saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə keçirmişdir. Həqiqi hərbi xidmətini 2007-ci ildə çavuş rütbəsində başa vurmuşdur. Bir müddət mülki işlərdə çalışdıqdan sonra 2009-cu ilin avqustunda yenidən gizir rütbəsində hərbi xidmətə başlamışdır. Bir müddət sonra könüllü olaraq cəbhə bölgəsindəki hərbi hissələrdən birində xidmətini davam etdirmişdir.
M.İbrahimov 2010-cu il iyunun 18-dən 19-na keçən gecə Tərtərin Çaylı istiqamətində gedən qeyri-bərabər döyüşdə düşmənin xeyli canlı qüvvəsini məhv etmiş, bir neçəsini isə yaralamışdır. Milli Qəhrəman bu amansız döyüşdə şəhid olmuşdur. Hərbçimizin cəsədini Ermənistan tərəfi uzun müddət qaytarmaqdan boyun qaçırırdı. Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin Həştərxan görüşündən sonra təcavüzkar tərəf - Ermənistan gizir Mübariz İbrahimovun, həmçinin şəhid baş leytenant Fərid Əhmədovun cəsədlərini Azərbaycana təhvil vermişdir.
M.İbrahimov 7 noyabr 2010-cu ildə II Fəxri Xiyabanda dəfn olunmuşdur.
Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Milli Ordusunun giziri Mübariz Ağakərim oğlu İbrahimova Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün müdafiəsində müstəsna xidmətinə və göstərdiyi rəşadətə görə "Azərbaycanın Milli Qəhrəmanı" adının (ölümündən sonra) verilməsi və xatirəsinin əbədiləşdirilməsi barədə sərəncamlar imzalamışdır.
Biləsuvar rayonunda orta məktəbə və küçəyə, "Palmali" Şirkətlər Qrupuna məxsus tankerlərdən birinə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun adı verilmişdir.
İyunun 18-də gənclər təşkilatlarının nümayəndələri II Fəxri Xiyabanda onun məzarını ziyarət etmişlər. Gənclər Mübariz İbrahimov və şəhid Fərid Əhmədovun məzarları üzərinə gül dəstələri qoymuş, onların ruhuna dualar oxumuşlar.
Mübariz İbrahimovun şərəfli ömür və döyüş yolu gənclərimiz üçün parlaq nümunə olacaqdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında