Taxıl biçininə mütəşəkkil hazırlıq görülüb

Kənd təsərrüfatı istehsalçılarına dövlət dəstəyi haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamları məhsul istehsalçılarının marağını müqayisəolunmaz dərəcədə artırmışdır. Bunu aqrar sahədə son illərdə əldə olunan uğurlar da sübut edir. Məlumdur ki, taxılçılıq respublikamızın iqtisadiyyatında öncül yer tutur, əhalinin güzəranının yaxşılaşdırılmasında, ərzaq təhlükəsizliyinin təminatında mühüm amillərdən hesab olunur.
Bu il ölkəmizdə 943655 hektar sahədə taxıl biçini aparılmalıdır. Məhsul yığımının böyük bir hissəsi "Aqrolizinq" ASC-nin kombaynları vasitəsilə həyata keçirilməlidir. Bunun üçün cəmiyyətin bütün strukturlarının (rayon aqroservis filiallarının, onun tərkib hissəsi olan digər yerli qurumların) üzərinə məsul vəzifələr düşür. Qarşıda duran çoxşaxəli tapşırıqların uğurla həyata keçirilməsini təmin etmək məqsədilə buradakı texnikaların hamısı cari ilin yaz-tarla işlərinə vaxtında hazırlanmışdır.
Taxıl yığımının başlanması ilə əlaqədar regionlarda zəmilərin vaxtında və itkisiz biçilib başa çatdırılmasını təmin etmək üçün texnikaların istismarı, kombaynlara olan tələbatla (ehtiyat hissələri, filtr, yanacaq-sürtgü materialları) əlaqədar ortaya çıxa biləcək hər hansı bir problemin operativ həll edilməsi məqsədilə xüsusi qərargah yaradılmışdır. Qərargaha cəmiyyətin sədr müavini rəhbərlik edir. Bundan başqa, taxıl biçininin gedişi, texnikaların istismarı və təmiri ilə əlaqədar ortaya çıxan cari məsələləri gündəmdə saxlamaq məqsədilə qaynar telefon xətti yaradılmışdır.
Yetişdirilmiş məhsulun vaxtında və itgisiz toplanması işinin məsuliyyətini dərk edən aqrolizinqçilər əvvəlcədən sahibkar və fermerlərlə müvafiq müqavilələr bağlamış, taxıl biçinini optimal müddətdə yerinə yetirilməsini təmin etmək məqsədilə əlavə tədbirlər görmüşlər. Bu barədə hələ 31 mart 2011-ci il tarixdə rayon icra hakimiyyəti başçılarına rəsmi məktublar yazılmışdır.
Kombaynlara texniki qulluq və cari təmir işlərini yerində təşkil etmək üçün səyyar briqadalar təşkil edilmişdir. Həmin briqadalar avtomaşın, ehtiyat hissələri ilə təmin olunaraq rayonlara göndərilmiş, hər bir sahibkarda, fermerdə olan kombayna texniki baxış keçirilmişdir.
Cəmiyyətin 55 rayon "Aqroservis" filialı taxıl biçininə tam şəkildə cəlb olunmuşdur. Onu da qeyd etmək lazımdır ki, taxıl biçininə hazırlıqla əlaqədar cəmiyyətin mütəxəssisləri tərəfindən hər bir kombayn mexanizatoru ilə istismar təlimatına uyğun söhbətlər aparılmışdır. İşlək texnikalara operativ texniki xidmət göstərmək məqsədilə 13 səyyar emalatxana yaradılmışdır.
Qeyd etmək lazımdır ki, "Aqrolizinq" ASC kəndin müasir texnika ilə təminatında müstəsna rol oynamaqla yanaşı, özəl təsərrüfat qurumlarına, dövlət müəssisələrinə, sahibkarlara, bir sözlə, məhsul istehsalçılarına sərfəli qiymətlərlə 20 addan çox servis xidməti göstərir. 1 hektar sahənin biçilməsi üçün 27 manat müəyyən edilmişdir. Taxıl biçinini mütəşəkkil keçirmək və yığım mövsümündə kombaynların fasiləsiz işini təmin etmək məqsədilə lazım olan miqdarda ehtiyat hissələri tədarük olunmuşdur. Biçin zamanı tez-tez sıradan çıxan müxtəlif ölçülü qayışlar, seqment, qoşa barmaqlar, ələklər, yağ və yanacaq süzgəcləri gətirilib rayon aqroservis filiallarına və təchizat bazalarına verilmişdir.
Respublikanın "Haramı düzü" adlanan ərazisində iş adamlarının, sahibkarların 50 min hektardan çox sahədə taxılı var. Həmin sahələrdə məhsul eyni vaxtda yetişdiyi üçün onları itkisiz yığmaq məqsədilə "Aqrolizinq" ASC-nin rayon filialları sahibkarlara əməli kömək göstərirlər. Ağcabədi, Horadiz, Xocavənd, Neftçala və İmişli rayonlarının aqroservis filialları bu işdə fəal iştirak edərək, tələb olunan sayda kombayn hazırlamışlar.
Respublikamızın təbii iqlim şəraitinə uyğun olaraq taxılın aran rayonlarında tez, dağətəyi və dağlıq yerlərdə gec yetişməsini nəzərə alaraq, məhsul yığımını intensiv aparmaq üçün əvvəlcədən müəyyən edilmiş bir qrup rayonun, Neftçala, Salyan, Biləsuvar, Kürdəmir, Şamaxı, Qobustan, Xaçmaz, Qusar, İsmayıllı rayonlarının kombaynları əlaqəli şəkildə dislokasiya edilir. Beləliklə, həm biçin prosesi aravermədən itkisiz aparılır, həm də kombaynlar kifayət qədər işlə yüklənmiş olur.
Artıq bir neçə gündür ki, kombaynlar zəmilərə çıxarılıb. İyun ayının 1-dək ölkədə 200 hektara yaxın sahənin məhsulu toplanıb. "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinin 990 ədəd kombaynı biçinə cəlb olunmuşdur. Əvvəlcədən mütəşəkkil görülən təşkilati işlər əsas verir deyək ki, taxıl yığımında qarşıda duran bütün dövlət tapşırıqları uğurla yerinə yetiriləcəkdir.

{nl}

Telman ƏLİYEV, "Xalq qəzeti"

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında