Soydaşımızın uğuru

Cəmiyyət inkişaf etdikcə, elmi-texniki nailiyyətlərin sayı artdıqca insan təfəkkürünün nəticəsi olan bütün elmlərdə dəyişiklik əmələ gəlir. Bütün elmlərin tədqiqat ünvanında yeni-yeni məqamlar yaranır. Alimlər bunu tamamilə təbii qəbul edirlər. Çünki zaman insanın təbiətə və cəmiyyətə münasibətində yeni keyfiyyətlər tələb edir. Ancaq elmlərin şahı olan fəlsəfənin mahiyyətində və məqsədində heç bir dəyişiklik yoxdur. Bu da təbiidir. Çünki filosoflar min il, iki min il əvvəl insanda və təbiətdə nəyi necə görmək istəyirdilərsə, indi də "həmin sözün üstündə dururlar". Yenə də kamil filosoflar həqiqət axtarır, ədalətin bərqərar olması üçün çarpışır, xeyirin şər, aydınlığın zülmət, ziyalılığın cəhalət, aqilliyin cahillik, zənginliyin məhrumiyyət üzərində qələbəsinə çalışırlar.
Bu gün informasiya-kommunikasiya texnologiyalarının yaratdığı imkanlar nəticəsində dünyanın Qərbindəki oxucular Şərqdəki filosofların nə dediyini, necə dediyini öyrənir, Cənubdakı filosof Şimaldakı sadə insanın hansı sözə ehtiyacı olduğunu bilir. Bütün bunlar isə qloballaşma adlı möhtəşəm bir prosesin sürətlənməsini təmin edir. Üstəlik, bu tendensiyanı dünyanın müxtəlif qütblərini təmsil edən qeyri-hökumət təşkilatları da sürətlə inkişaf etdirirlər. Məhz qeyri-hökumət təşkilatlarının həyata keçirdiyi layihələr nəticəsində müxtəlif meridianlarda yaşayan yaradıcı adamların əsərləri internet vasitəsiylə dünyanın hər yerində yayılır.
Dünya Azərbayanlıları İctimai Mərkəzinin (DAİM) keçirdiyi sorğular və icra etdiyi layihələr də Azərbaycan ziyalılarının daha geniş məkanda təbliğ edilməsi, tanıdılması məqsədini daşıyır. Qurumun təmsilçilərinin son layihəsi isə müasir Azərbaycan fəlsəfi fikrinə verilən yeni töhfələrin öyrənilməsinə həsr edilmişdi. "Diogenin ardınca" adlı fəlsəfə mükafatının medalına bu gün Azərbaycan filosoflarından kim layiq görülə bilər?" - sualı ilə müraciət edilən iki yüzə qədər respondent təxminən 20 nəfərin adını çəkmişdir. Həmin 20 nəfər arasında ən çox səs qazananlar isə Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə İnstitutunun direktoru, hazırda Rusiya Federasiyasında yaşayan bir filosof soydaşımız və Azərbaycan, türk, rus və ingilis dillərində dünyanın 30-dan çox ölkəsində böyük maraqla qarşılanan "Kəlamlar" kitabının müəllifi Hacı Fərhad Mirzə olmuşdur. Xatırladaq ki, bir il əvvəl Bakıda baş vermiş dəhşətli bir yanğından sonra "Kəlamlar" kitabını kül içərisindən yanmamış vəziyyətdə tapmışdılar.
Mükafat nə üçün məhz "Diogenin ardınca" adlanır? (söhbət bizim eradan 400 il əvvəl yaşamış görkəmli yunan filosofu Sinoplu Diogenin fəlsəfi məntiqinə ehtiramdan gedir). Sinop şəhəri hazırda Türkiyə ərazisindədir. Diogen bütün maddi nemətləri inkar edən kiniklərin nümayəndəsi idi və böyük filosoflardan dərs almışdı. Əsas qayəsi həqiqəti axtarmaq idi. Rəvayətə görə hətta gündüz vaxtı əli çıraqlı gəzən filosof zamanın hökmdarlarına olan etirazını bu şəkildə ifadə edirmiş. Yəni əlimdə çıraq olduğu halda həqiqəti, ədaləti tapa bilmirəm. Sinopda Diogenin abidəsi üstündə yazıblar: "Zaman daşı da yeyir, tuncu da. Səni isə yeyə bilmədi. Sən öz əməllərinlə bizə xoşbəxtliyə gedən yolu göstərmisən".
"Diogenin ardınca" medalına layiq görülən Hacı Fərhad Mirzənin "Kəlamlar" kitabının "Fəlsəfə" bölməsində qeyd edilir: "Fəlsəfə elmlərə şah, kəlam isə ona tacdır". Diogenin axtardığı haqqı, ədaləti "Kəlamlar" müəllifi" özünəməxsus şəkildə tapır. Kitabın "Haqq" adlı 14-cü bölməsində oxuyuruq: "Haqq əzəli və əbədi deməkdir. Haqqı dananlar özlərini danar və unudulmuşlardan olarlar". Necə ki, Diogen unudulmuşlardan olmamaq üçün daim haqqı, ədaləti, həqiqəti axtarırdı. Məhz ona görə də "daşı, tuncu yeyən" zaman Diogeni yeyə bilməmişdi. Onun dövründəki haqqı dananlar isə çoxdan unudulub gediblər.
Qeyd edək ki, Türkiyə, Rusiya Federasiyası, Ukrayna və Almaniyanın görkəmli alimləri müasir kəlam məktəbinin banisi Hacı Fərhad Mirzənin "Kəlamlar" kitabını yüksək qiymətləndirib və bu kitabı müasir Azərbaycan fəlsəfi fikrinin dəyərli nümunəsi adlandırıblar. Latviya və Gürcüstanın dövlət başçıları isə bu ölkələrin prezident kitabxanasında maraqla qarşılanan "Kəlamlar" kitabının müəllifinə təşəkkür məktubu göndəriblər.
"Diogenin ardınca" gedən soydaşımıza yeni-yeni uğurlar arzulayırıq.

{nl}

Natəvan İSMAYILLI


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında