Müasir dövrdə biznes təşkilatları, özəl qurumlar öz uğurlu fəaliyyəti ilə gəlir əldə etməklə kifayətlənmir, eyni zamanda, korporativ sosial məsuliyyət daşıyaraq bir sıra maraqlı və vacib layihələr həyata keçirir. Keçən əsrin 90-cı illərinin sonlarında tətbiq edilən korporativ sosial məsuliyyət anlayışını şirkətin sosial tələbləri ödəyən fəaliyyəti kimi anlamaq olar. Məsələn, biznes təşkilatının internat məktəblərində təhsil alan uşaqlar üçün pulsuz müayinənin təşkili, sənaye müəssisəsinin ətraf mühitin qorunmasına yönəlmiş ekoloji layihələr həyata keçirməsi və s. bura aid ola bilər.
Artıq iqtisadi uğurları artan Azərbaycanda da şirkətlər dünya təcrübəsinin bu müsbət dəyərini götürərək korporativ sosial məsuliyyəti müxtəlif layihələrlə həyata keçirir, bununla da cəmiyyətə öz sosial töhfələrini verirlər.
Bu yaxınlarda Azercell Telekom və ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən "Korporativ sosial məsuliyyət və media" adlı iki günlük təlimdə jurnalistlər bu yeni anlayış haqqında ətraflı bilgi öyrəndilər, təlimçilərin müxtəlif mövzuları ilə tanış olub fəal fikir mübadiləsi apardılar.
Mobil rabitə bazarında müştərilərinə xidmət edən Azercell Telecom MMC şirkəti təkcə bu sahədə deyil, həm də bir-birindən fərqli sosial layihələr həyata keçirməklə cəmiyyət qarşısında öz korporativ sosial məsuliyyət öhdəliyini yerinə yetirmiş olur. Təlimin birinci günü bu barədə məlumat verən Azercell Telecom MMC şirkətinin Korporativ Ünsiyyət və Sosial Məsuliyyət bölümünün rəhbəri Ülviyyə Həsənzadə təlimin aktuallığı və şirkətin bu sahədə gördüyü işlərdən danışdı. Qeyd edildi ki, müasir dövrdə korporativ sosial məsuliyyətə riayət etmək artıq günün tələbinə çevrilib.
İlk təlim günü jurnalistlərə Azərbaycanın Korporativ Filantropiya tarixi, korporativ sosial məsuliyyət anlayışının Qərbdə və Azərbaycanda meydana gəlməsi, korparativ sosial məsuliyyəti (KSM) zəruri edən amillər, medianın KSM strategiyası və s. mövzular barədə təqdimatlar oldu, müzakirələr aparıldı. Jurnalist, "İlk neftin parıltısı" sənədli filminin müəllifi Zaur Həsənov Azərbaycanda korparativ filantropiyanın-xeyriyyəçiliyin zəngin tarixə malik olduğunu vurğuladı. Onun sözlərinə görə, hələ iyirminci əsrin əvvəllərində Bakıda neftin sayəsində milyonçulara çevrilmiş Hacı Zeynalabdin Tağıyev, Musa Nağıyev, Murtuza Muxtarov və digər şəxslər gözəl binalar tikdirmələri, kasıb tələbələri oxutdurmaları və digər xeyriyyəçilik fəaliyyətləri müasir dillə desək, koporativ filantropiyaya gözəl nümunədir. Onun "İlk neftin parıltısı" filmi də maraqla qarşılandı.
2008-ci ildə ölkəmizdə korporativ sosial məsuliyyət şəbəkəsi İctimai Birliyinin əsasını qoymuş Aqil Qurbanov KSM-in terminologiyası, Ceyhun Kərəmov KSM-i zəruri edən amillər, Əhəd Kazımov xeyriyyəçiliklə KSM arasında fərqlər və Azərbaycanda KSM-in təbliğatı barədə söhbət açdılar. Asiya İnkişaf Bankının ictimaiyyətlə əlaqələr üzrə məsləhətçisi Tariyel Calallının medianın KSM strategiyası, medianın bu sahəyə dəstəyi ilə bağlı çıxışı təlim iştirakçılarında maraq oyatdı. O, medianın KSM fəaliyyətini necə işıqlandırılmalı olduğu barədə məlumat verdi. Onun sözlərinə görə, media həyata keçirilən sosial layihələrdə tərəfdaş və patnyor kimi iştirak edə və bu səbəbdən layihə barədə məlumatları reklam haqqı almadan işıqlandıra bilər. Daxili və xarici sosial məsuliyyətdən və "Azercell"in KSM-in inkişafında rolundan danışan təlimçi Nigar Şıxlinskaya medianın sosial layihələrə dəstək olmasının vacibliyini vurğuladı.
Onun sözlərinə görə, cəmiyyətdəki problemlərin həllinə yönələn sosial layihələrə mətbuat orqanları mütləq dəstək verməlidir. N.Şıxlinskayanın sözlərinə görə, bu cür layihələr cəmiyyətin marağına xidmət etdiyindən mətbuatın layihəyə təmənnasız dəstək verməsi və məsələni ictimailəşdirməsi cəmiyyətə daha çox xeyir verə bilər. Təlimin ikinci günü İWPR media agentliyinin jurnalisti, Biznes kommunikasiya üzrə professor Şəhla Sultanovanın təqdimatında KSM-lə adi reklamın fərqi, əsas sosial məsələlər və onların həllində medianın rolu, medianın əsas qrupları və onlarla əlaqə yolları barədə bilgilər verildi. O bildirdi ki, media KSM-lə reklam arasındakı fərqi ayırmalı və məlumat hazırlayarkən, bu fakta diqqət yetirməlidir. KSM-dən fərqli olaraq, reklamda şirkət birbaşa gəlir əldə etmək məqsədi güdür. Yəni reklam mənfəət əldə etməyə hesablanıb, sosial məsuliyyət isə yox. Jurnalistlər xəbər və məlumat hazırlayarkən, bu detallara diqqət yetirməlidirlər".
Təlim çərçivəsində iştirakçılar Azercell Telecom MMC-nin dəstək verdiyi Uşaq Qaynar Xətti layihəsi, Mobil Göz Klinikası və Mobil Diş Klinikası ilə tanış oldular. 2010-cu ilin fevral ayından Təhsil Nazirliyi, Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansı, "Ümidli Gələcək" Gənclər təşkilatı tərəfindən Azercell Telekom şirkətinin dəstəyi ilə fəaliyyətə başlayan Uşaq Qaynar Xəttində bir şəhər nömrəsi, iki mobil operator uşaqların istifadəsinə verilib. Müxtəlif çətinlik və prolemlərlə üzləşən uşaqlar anonim olaraq qaynar xəttə zəng edir, işçilərlə problemlərini bölüşür, məsləhət alırlar. Qaynar Xəttin direktoru Cəmilə Tağıyeva müraciətlərin müxtəlif sahələri əhatə etdiyini vurğuladı, bu sahədə müsbət işlərin olduğunu qeyd etdi.
Daha sonra Azercell şirkətinin təşkil etdiyi Mobil Göz və Mobil Diş Klinikalarına yollandıq. Şirkət təmsilçisi Nigar Şixlinskaya bu klinikaların uşaqların sağlamlığının qorunmasına bir töhfə olduğunu qeyd etdi. Öyrəndik ki, yüksək texnologiyalar, səliqə-sahmanı ilə seçilən mobil klinikalar zəruri təchizat və ləvazimatlarla təmin olunub. Layihə çərçivəsində internat məktəblərinə, rayonlara səfər edən klinika işçiləri uşaqlar üçün pulsuz göz və diş müayinələri keçirir. Gələcəkdə də bu cür xeyirxah layihələr davam etdiriləcək.
Təlim başa çatdıqdan sonra biz iştirakçıların ən çox gözlədiyi an yetişdi: ikigünlük maraqlı və faydalı təlimdən sonra sertifikatlar təqdim edildi. Qeyd edildi ki, təlimdə öyrəndiyimiz biliklər fəaliyyətimizdə KSM-lə bağlı mövzuları işləyərkən bizə kömək edəcək.
{nl}
Əfsanə BAYRAMQIZI, "Xalq qəzeti"
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.