Məcburi köçkün və yerli fermerlərin həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı layihəyə yekun vuruldu

Dünən "Avropa" otelinin Bakı zalında Azərbaycanda məcburi köçkünlərin və yerli fermerlərin həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə "İnkişaf və əməkdaşlıq" beynəlxalq humanitar təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Filipp Keller açdı. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) baş texniki məsləhətçisi Volter de Oliveira təşkilatın Azərbaycanın qaçqın və məcburi köçkünlərinə yardım layihəsinin nəticələrini təqdim eddərək bildirdi ki,Azərbaycan hökuməti Ağdam və digər rayonlardan köçkün düşmüş, müvəqqəti olaraq çadır düşərgələri və yataqxanalarda yaşayan insanlarla əlaqədar müxtəlif tədbirlər həyata keçirir. 
Əsas məqsəd Ağdam rayonu ərazisində lazımi fiziki və sosial infrastrukturu təmin etməklə normal həyat şəraitinin yaradılmasıdır. Bu fəaliyyətlərin bir hissəsi olaraq, Birləşmiş Millətlərin Ərzaq və Kənd Təsərrüfatı təşkilatı tərəfindən həyata keçirilən, Azərbaycan və İsveçrə hökuməti maliyyələşdirilən və 2007 -ci ildən həyata keçirilən "Ağdam rayonu ərazisində yeni salınmış qəsəbələrdə məskunlaşmış məcburi köçkün və qaçqınlar üçün bacarıqların artırılması naminə inkişaf layihəsi" məcburi köçkün və yerli fermerlərin davamlı gəlir əldə etmələri məqsədi daşıyır.
Layihə Ağdam rayonunun 14 qəsəbə və 7 yerli kəndində həyata keçirilərək 3.100 - dən çox ailənin qısa müddət ərzində mənfəət əldə etmələri üçün yüksək gəlir gətirən keyfiyətli tərəvəz məhsullarının becərilməsində onları lazımi texniki dəstək, müvafiq və adaptasiya olunmuş texnologiya ilə təmin etmişdir. Sonra Azərbaycan Respublikası baş nazirinin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov qeyd etdi ki, Azərbaycanın işğal altında olan rayonlarından məcburi köçkün halına salınmış əhaliyə yardımlar yüksək səviyyədə təşkil olunmalıdır. İşlər elə qurulmalıdır ki, insanlar bu yardımdan düzgün, bərabər şəkildə yararlana bilsinlər.Çünki artıq həmin rayonlardan çıxarılmış əhalinin çox hissəsi əvvəllər əsasən kənd təsərrüfatı ilə məşğul olmuşdur, lakin son illər onlar torpaqsız və sərmayəsiz qaldığından müvafiq məşğulluq sahələrini də itirmişlər. Əli Həsənov onu da bildirdi ki, bu cür layihələrə donorluq etmək istəyən xarici dövlətlər və təşkilatlar müvafiq sənədlərində "bu layihə Ermənistanın Azərbaycana təcavüzü nəticəsində əziyyət çəkən insanlar üçün həyata keçirilir" fikrini mütləq ifadə etməlidirlər. Əgər bu məsələyə diqqət yetirilməzsə, həmin layihələrin icrasına icazə verilməyəcək. "Necə ola bilər ki, Azərbaycanda 20 ildir, məcburi köçkün həyatı yaşayan insanlar üçün layihə həyata keçirəsən, amma bir kəlmə də bu haqda dilinə gətirməyəsən ki, bunlar ermənilərin təcavüzündən əziyyət çəkən insanlardır. Bu, düzgün deyil. Azərbaycan bütün beynəlxalq təşkilatlara hörmətlə yanaşır və bu, qarşılıqlı olmalıdır. Bizə də hörmətlə yanaşılmalıdır".
Tədbirdə FAO-nun Azərbaycan üzrə nümayəndəsi Mustafa Sinasör , Braziliya Federativ Respublikası Aqrar İnkişaf Nazirliyi Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri Françesko Pierrin, Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Nizami Sadıqov və bank olmayan kredit təşkilatı "Caspian İnvest" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Natiq Məmmədov çıxış edərək layihənin icrası prosesi ilə bağlı fikirlərini bildirdilər.

Elçin ABBASOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında