Od-alovdan keçən ömür yolu

Onların sayı getdikcə azalır. Gənclik illəri od-alov içərisində keçən bu insanlar hər cür hörmətə layiqdirlər. Ümummilli liderimiz Heydər Əliyev belələri barədə demişdir: "Azərbaycanın bütün ictimaiyyəti, bütün Azərbaycan xalqı bilməlidir ki, İkinci Dünya müharibəsinin, Böyük Vətən müharibəsinin veteranları bizim ən əziz, ən mötəbər insanlarımızdır. Onlara qayğı göstərmək, hörmət etmək, onların bütün problemlərini həll etmək, bizim dövlətin, hər bir dövlət orqanının, hər bir namuslu Azərbaycan vətəndaşının borcudur".
Ulu öndərin ideyalarını, siyasi kursunu uğurla həyata keçirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müharibə veteranlarına müraciətlərində demişdir: "Sizin böyük xidmətləriniz olubdur, böyük yol keçmisiniz. Azərbaycan üçün, dövlətimizin inkişafı üçün böyük töhfələr vermisiniz. Hər bir vətəndaş, hər bir insan, xüsusilə vəzifəli şəxs sizə böyük diqqət və qayğı göstərməlidir. Mən tabeliyimdə olan bütün məmurlara da tapşırmışam ki, sizin problemlərinizlə məşğul olsunlar. Lazımi işləri görsünlər ki, siz rahat yaşayasınız. Sizin buna haqqınız çatır. Siz Azərbaycan xalqının rifahı naminə fədakarcasına çalışırsınız".
1941- 1945-ci il müharibəsinin od-alovundan keçən 87 yaşlı Əmiralı Əmirəliyev müdriklik çağında cəbhə xatirələrini qələmə almışdır. Böyük Vətən müharibəsinin qələbə ilə başa çatmasının 65 illik yubileyi ərəfəsində onun "Gənclik" nəşriyyatı tərəfindən nəfis şəkildə çap olunmuş"Mənalı ömür yolu" kitabını həyəcansız oxumaq mümkün deyil. 212 səhifəlik bu kitab İkinci Dünya müharibəsinin iştirakçısı, 416-cı Azərbaycan diviziyasının Veteranlar Şurasının sədri Əmiralı Qulu oğlu Əmirəliyevin ibrətamiz həyat yolundan söz açır.
Kitabı oxuduqca böyük bir nəslin ağsaqqalına çevrilən Əmiralı müəllimin şərəfli və mənalı həyat yolu adamın gözü qarşısında canlanır. O, doğma Vətəni Azərbaycanı canından artıq sevir, torpaqlarımızın erməni işğalından azad edilməsi üçün yaşının bu çağında da əlindən gələn köməyi etməyə hazır olduğunu bildirir.
Əmiralı müəllim yüksək əxlaqi keyfiyyətlərə malik bir insandır. Sözünün ağasıdır, ağıllı, dəyərli məsləhət verməyi bacaran müdrik el ağsaqqalıdır. İxtiyar çağında da gənclik həvəsi ilə çalışır, ictimai-siyasi fəaliyyətdən qalmır, vətənpərvərlik mövzusunda apardığı söhbətlərə qulaq asmaq adamda xoş, nəcib duyğular oyadır. Onun zəngin pedaqoji fəaliyyətindən gənc müəllimlər bu gün də bəhrələnirlər. Əmiralı müəllimin hərbi vətənpərvərlik mövzusunda dövri mətbuatda dərc olunan məqalə və müsahibələri gənc nəslin təlim-tərbiyəsinə müsbət təsir göstərir, onların hərbi vətənpərvərlik ruhunda formalaşmasına xidmət edir.
Əsərin əvvəlində müəllif oxuculara müraciətlə yazır: "Düşünürəm ki, bu kitabda mənim şəxsiyyətim, ictimai-siyasi həyatdakı mövqeyim, Vətənə, xalqıma bağlılığım kifayət qədər əks olunmuşdur. Ümidvaram ki, bu kitab mənim sonrakı nəsillərim üçün bir yadigar olmaqla bərabər, həm də bütün oxuculara, cəmiyyətdə özünə hörmət edən və qiymət verməyi bacaran insanlara müəyyən dərəcədə müsbət təsir göstərəcəkdir".

{nl}

Telman ƏLİYEV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında