Bakıda I Beynəlxalq nəqliyyat konfransı

İyunun 17-də Bakı Sərgi Mərkəzində I Beynəlxalq nəqliyyat konfransı keçirilmişdir. 
Tədbirdə Azərbaycan və Rusiya nəqliyyat nazirliklərinin təmsilçiləri, habelə kommersiya və ictimai təşkilatların nümayəndələri iştirak etmişlər.
Nəqliyyat Nazirliyi aparatının rəhbəri Cavid Nəcəfov "Azərbaycanın strateji nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən tranzit ölkə kimi artan rolu və inkişaf etdirilən nəqliyyat infrastrukturu" mövzusuna həsr edilən tədbiri açaraq müzakirə olunacaq məsələlər barədə məlumat vermişdir. Qeyd etmişdir ki, iki bölmə iclasından ibarət olacaq konfransda "Beynəlxalq nəqliyyat dəhlizləri: yeni texnologiyaları tətbiq etməklə idarəetmənin təkmilləşdirilməsi, daşımaların təşkili və təhlükəsizliyin təmin edilməsi", "İctimai nəqliyyatın idarə edilməsi və yol infrastrukturunda innovasiya texnologiyaları" məsələləri müzakirə olunacaqdır.
Sonra Azərbaycanın və Rusiyanın nəqliyyat nazirləri Ziya Məmmədov və İqor Levitin sərgi ilə yaxından tanış olmuşlar.
Sərgi ilə tanışlıqdan sonra konfrans işini bölmə iclaslarında davam etdirmişdir.
Rusiyanın nəqliyyat naziri İqor Levitin konfransda çıxış edərək ölkəmizin regional nəqliyyat layihələrindəki roluna toxunaraq bildirmişdir ki, Azərbaycan nadir coğrafi məkanda, eyni zamanda, bütün kommunikasiya xətlərinin və vacib nəqliyyat dəhlizlərinin üzərində yerləşir. Yükdaşımaları sahəsində əldə olunan nəticələrdən danışan rusiyalı nazir Azərbaycanda nəqliyyat sahəsində görülən işləri təqdir etmiş, intellektual nəqliyyat sisteminin tətbiqinin əhaliyə yüksək səviyyədə xidmət göstərilməsi baxımından əhəmiyyətini vurğulamışdır.
Sonra bölmə iclaslarında müvafiq qurumların nümayəndələrinin nəqliyyat-yol kompleksi üzrə həyata keçirilmiş layihələr və perspektivlər, TRASECA - keçmişdən gələcəyə Böyük İpək Yolu, su nəqliyyatı daşımaları və limanların inkişafı, dəmir yolu nəqliyyatının perspektiv inkişaf istiqamətləri, beynəlxalq avtomobil daşımalarında yeni təşəbbüslər və tendensiyalar, avtomobil yollarında yeni tikinti texnologiyaları, elektron bilet sistemi, metropolitenin beynəlxalq idarəetmə təcrübəsi və s. mövzularda məruzələri dinlənilmişdir.
Konfrans X yubiley Beynəlxalq nəqliyyat, tranzit və logistika ("TransCaspian"), həmçinin I Xəzər Beynəlxalq yol infrastrukturu və ictimai nəqliyyat sərgiləri çərçivəsində keçirilmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında