MİRAS İctimai Birliyi və Ağsu arxeoloji ekspedisiyası iyunun 11-də Ağsu şəhərində KİV nümayəndələri üçün "Ağsuda aparılan arxeoloji tədqiqatların ən yeni nəticələri və Şirvan xəzinəsinə aparan yollar" mədəni irs turlarının təqdimatına həsr olunmuş geniş brifinq keçirmişdir. Brifinqdə AzərTAc, APA, Azadinform, Azpress, Səs, Trend informasiya agentliklərinin, "Xalq qəzeti", "Azərbaycan", "Mədəniyyət", "İki sahil", "Yeni Azərbaycan", "Həftə içi", "Mərkəz" qəzetlərinin, Lent.az, Qhtxeber.az, Gün. az informasiya portallarının, AzTV, İTV, Lider TV, ATV, Xəzər TV, Kanal S (Şəki), Mərkəz TV-nin (internet) və Araz radiosunun nümayəndələri iştirak etmişlər.
Brifinq iştirakçıları əvvəlcə yolüstü "Şirvan xəzinəsinə aparan yollar" mədəni irs turlarının marşrutuna daxil olan Qobustan şəhərindəki XV əsrə aid Dirli Baba türbəsini ziyarət etmiş və 2009-cu ildə müasir standartlar səviyyəsində əsaslı şəkildə yenidən qurulmuş Şamaxı Tarix Diyarşünaslıq Muzeyində olmuşlar.
Ağsuda Heydər Əliyev seyrangahında rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev qonaqları salamlayaraq, son vaxtlar aparılan tikinti, quruculuq və abadlıq işləri barəsində ətraflı məlumat vermişdir.
Daha sonra media nümayəndələri orta əsr Ağsu şəhər yerində olmuş, orada aparılan arxeoloji qazıntılarla, bərpa və konservasiya işləri ilə tanış olmuş, arzu edənlər qazıntı prosesinə qoşulmuşlar.
Abidə ilə tanışlıqdan sonra brifinq keçirilmişdir. Brifinqi giriş sözü ilə açan Ağsu arxeoloji ekspedisiyasının rəisi, tarix elmləri doktoru, professor Qafar Cəbiyev ölkə Prezidenti cənab İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən mədəni irsin öyrənilməsinə, mühafizəsinə və təbliğinə göstərilən hərtərəfli diqqət və qayğının nəticəsi olaraq tariximizin bir çox unudulmuş abidələrində son zamanlar genişmiqyaslı tədqiqat işləri aparıldığının, ayrı-ayrı abidələrdə konservasiya və bərpa işlərinə başlanıldığını xüsusi minnətdarlıqla bildirmişdir. O, bu istiqamətdə görülmüş işlərin bariz nümünəsi olan orta əsr Ağsu şəhər yerində aparılan arxeoloji tədqiqatların ən yeni nəticələri barədə məlumat vermiş və həmin tədqiqatların Azərbaycanın xanlıqlar dövrü tarixinin bir sıra problemlərinin, xüsusilə də orta əsr şəhər mədəniyyəti probleminin dərindən və hərtərəfli araşdırılması üçün mühüm elmi əhəmiyyət kəsb etdiyini vurğulamışdır. Ekspedisiya rəisi onu da qeyd etmişdir ki, ötən ilin mart ayından başlayan tədqiqatlar nəticəsində orta əsr Ağsu şəhərində ümumilikdə 9 min kvadratmetrədək sahə öyrənilib, bu da öz miqyasına görə indiyədək Azərbaycanın qədim və orta əsr şəhərlərində aparılmış ən geniş qazıntıdır. Ağsuda aparılan tədqiqatların çox mühüm özəlliklərindən biri odur ki, aşkar edilmiş zəngin maddi mədəniyyət nümunələri Ağsuda və Bakıda keçirilmiş sərgilərlə geniş ictimaiyyətə təqdim olunmuşdur. Aparılan elmi-tədqiqat işlərinin nəticələri və aşkar olunmuş çox zəngin maddi mədəniyyət nümunələri Azərbaycan və ingilis dillərində nəfis şəkildə nəşr edilərək geniş ictimaiyyətə təqdim olunmuşdur. Ağsu tədqiqatlarının materialları barədə, həmçinin, son zamanlar İtaliya, İsrail, İspaniya, Türkiyə və digər ölkələrdə keçirilən elmi konfrans və seminarlarda məruzələr edilmiş, beləliklə də, beynəlxalq elmi ictimaiyyətin diqqəti bu tədqiqatlara cəlb olunmuşdur. Bütün bunların nəticəsidir ki, Ağsuda aparılmaqda olan tədqiqatlar artıq beynəlxalq xarakter almışdır. İtaliya və Rusiyadan olan mütəxəssislərin Ağsu tədqiqatlarında iştirakı bunu bir daha təsdiq edir.
MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri, tarix elmləri namizədi Fariz Xəlilli Ağsu tədqiqatlarının arxeoloji turizm layihəsi çərçivəsində aparıldığını, tədqiq olunmuş sahənin üzərinin örtüldüyünü, tikili və materialların konservasiya edildiyini, şəhərin üçölçülü variantının hazırlandığını brifinq iştirakçılarının nəzərinə çatdırmışdır. O həmçinin qeyd etmişdir ki, V qazıntı sahəsində aşkar edilmiş 700 kvadratmetrədək sahəsi olan 56 sütundan ibarət məscid kompleksdə də yaxın zamanlarda konservasiya və bərpa işlərinə başlanılacaqdır. Arxeoloji turizmə dəstək olaraq MİRAS İctimai Birliyi "Heritage Travel" turizm şirkəti ilə birlikdə "Şirvan xəzinəsinə aparan yollar" mədəni irs turlarına başlamış və media təmsilçilərinin iştirakı ilə keçirilən bu tədbir də nəzərdə tutulan infoturun bir növ başlanğıcıdır. Şirvanın xəzinəsi onun zəngin və bənzərsiz mədəni irsidir" - deyən F.Xəlilli bu istiqamətdə MİRAS İctimai Birliyinin digər layihələrinin də olduğunu diqqətə çatdırmışdır.
Sonda mədəni irsin təbliğində fərqlənən media təmsilçilərinə "MİRAS İctimai Birliyinin dostu" fəxri diplomları təqdim olunmuşdur.
Tədbir Şirvanın populyar muğam ustalarından Kəvakib Şirinov və onu müşayiət edən musiqi qrupun çıxışı ilə yekunlaşmışdır.
{nl}
"Xalq qəzeti"
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.