Dünən "Bakı Ekspo" sərgi mərkəzində "TransCaspian" 10-cu yubiley beynəlxalq nəqliyyat, tranzit və loqistika sərgisi öz işinə başladı. Xatırladaq ki, nəqliyyat sahəsi üçün ilin əsas hadisələrindən sayılan bu sərgi nəqliyyat infrastrukturunun vəziyyəti haqqında düzgün və hərtərəfli təsəvvür yaratmaq baxımından mühüm əhəmiyyət kəsb edir.
Keçirildiyi illər ərzində bu sərgi regionun nəqliyyat sənayesi üçün yenilikçi texnologiya və avadanlıqların nümayiş etdirilməsi, yeni nümayəndəliklərin açılması və birgə müəssisələrin təsis edilməsinə şərait yaradan ən mühüm nəqliyyat forumuna çevrilmişdir. Sərgi təsis edildiyi gündən Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi tərəfindən dəstəklənir və "TRASEKA" ilə sıx əməkdaşlıq edir. Sərginin təşkilatçıları "İTE Group PLC" və onun Qafqazdakı tərəfdaşı "İteca Caspian LLC" şirkətləridir. 2011-ci il sərgilərinin tərəfdaşları isə "Azerfon-Vodafone", "AZAL", "Greenwşch Travel Club" və "Caspel" şirkətləri, habelə "Qafqaz Poynt" mehmanxanasıdır.
Artıq 10 ildir ki, "TransCaspian" sərgisi öz meydançasında maddi-texniki təchizat (loqistika) operatorları, daşıma şirkətləri, dəmir yolu, dəniz və hava nəqliyyatı şirkətləri, gəmiqayırma və yol tikinti şirkətləri, kommersiya nəqliyyatının distribütorları, eləcə də liman və nəqliyyat sahəsinin bir çox digər müəssisələrini bir araya gətirir. Builki sərgi, eyni zamanda, iki parametr üzrə analoqu olmayan artım ilə seçilir. Belə ki, iştirakçıların tutduqları sərgi sahəsi ötən illə müqayisədə 60 faiz çoxdur, iştirakçıların sayı isə iki dəfə artmışdır. Ümumilikdə, bu il yubiley "TransCaspian" sərgisində Azərbaycan, Almaniya, İran, Çin, Latviya, Rusiya, Türkiyə, Ukrayna, Fransa və Çexiyanı təmsil edən 54 şirkət, təşkilat və sənaye strukturları iştirak edirlər. Sərgidə iştirak edən xarici qonaqların sayı isə təqribən 50 faizdir.
Getdikcə daha çox yeni şirkət Azərbaycanda keçirilən bu sərgiyə maraq göstərir və bu il debütant şirkətlərin sayı bütün sərgi iştirakçılarının 30 faizini təşkil edir. Sərgi debütantlarının siyahısına Riqa Ticarət Limanı, Həştərxan "Olya" Limanı, "CNR" Korporasiyası (Çin), "Mot McDonald" şirkəti (Çexiya) və s. daxildir. İlk dəfə olaraq, sərgidə Latviyanın milli stendi də iştirak edir. Kommersiya şirkətləri ilə yanaşı, sərgidə dövlət idarələri, o cümlədən Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi, "Azərbaycan Dəmir Yolları" QSC, Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı Metropoliteni və Rusiyanın Azərbaycanda Dəniz Gəmiçiliyi Reyestri iştirak edirlər.
Yubiley "TransCaspian" sərgisi nəqliyyat-ekspeditor xidmətlərindən tutmuş yüklərin çeşidlərə ayrılması üzrə proqram təminatı və avadanlıqlara qədər sahə xidmətlərinin bütün istiqamətləri ilə tanış olmağa şərait yaradır. Bu il sərgidə dəmir yolu sektoru, dəniz nəqliyyatı, limanlar və daşımalar ən geniş şəkildə təqdim edilir. Sərgi üçün iştirakçı şirkətlərin kataloqundan əlavə, burada təqdim olunan metro və vaqonqayırma sənayesinin yenilikləri haqqında məlumatları əks etdirən yeniliklərə dair kataloq da dərc ediləcək.
Yubiley "TransCaspian" sərgisi ilə bağlı geniş işgüzar proqram tərtib edilmişdir. Belə ki, iyun ayının 17-də "Bakı Ekspo" sərgi mərkəzinin konfrans zalında "Azərbaycanın strateji nəqliyyat dəhlizləri kəsişməsində tranzit ölkə olaraq artan rolu və inkişaf etdirilən nəqliyyat infrastrukturu" mövzusunda 1-ci Xəzər beynəlxalq nəqliyyat konfransı keçiriləcək. Konfransda Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi, Rusiya Federasiyası Nəqliyyat Nazirliyi, habelə kommersiya və ictimai təşkilatların nümayəndələri iştirak edəcəklər. Mütəxəssislər Azərbaycanın nəqliyyat kompleksinin fəaliyyəti, inkişafı və dünya nəqliyyat sisteminə inteqrasiyasının gələcəyi, eləcə də ölkənin nəqliyyat kompleksinin gələcək prioritet və perspektiv istiqamətlərinə dair gündəmdə duran aktual məsələləri müzakirə edəcəklər. Beynəlxalq nəqliyyat dəhlizləri çərçivəsində yerinə yetirilən daşıma əməliyyatları ilə əlaqədar məsələlərə isə xüsusi diqqət yetiriləcək. Həmçinin, iclaslardan biri məhz ictimai nəqliyyata, o cümlədən yol infrastrukturu sahəsindəki yeniliklərə həsr olunacaq. Beləliklə, konfrans peşəkarların təcrübə mübadiləsi, uğurları ilə bölüşmələri və əsas inkişaf təmayüllərini izləmələri üçün gözəl imkan yaradacaqdır.
Yeri gəlmişkən, sərgi və konfrans regionun nəqliyyat strukturlarının diqqətini Azərbaycana cəlb etməklə Xəzər regionunun ildə bir dəfə keçirilən mühüm nəqliyyat layihəsi statusunu təsdiq edəcək. Azərbaycanın nəqliyyat sahəsində baş verən hadisələrin fəal dinamikasını əks etdirən bu sərgi sərmayələrin cəlb edilməsinə və yerli infrastrukturun təkmilləşdirilməsinə təkan verir. İştirakçılar üçün isə sərgi öz məhsullarını sərfəli şəkildə təqdim etmək, işgüzar əlaqələr qurmaq və bu əlaqələri genişləndirmək, ticarət sövdələşmələri bağlamaq, işgüzar həmkarları ilə təcrübə mübadiləsi aparmaq, bazarın yeni təmayülləri ilə tanış olmaq və rəqiblərin fonunda öz nailiyyətlərini tam və dürüst şəkildə qiymətləndirmək üçün əlverişli imkan yaradır.
{nl}
Mirbağır YAQUBZADƏ, "Xalq qəzeti"
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.