Azərbaycanın xilas günü

Milli Qurtuluş Günü münasibəti ilə paytaxtın Xətai Rayon İcra Hakimiyyətinin keçirdiyi toplantı bu günün və müstəqil Azərbaycanın memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda ulu öndərin tunc abidəsinin ziyarəti ilə başladı. Rayon icra hakimiyyətinin başçısı Razim Məmmədov, qonaqlar və toplantı iştirakçıları abidənin önünə tər-çiçək dəstələri qoyub ulu öndərin xatirəsini hörmət və ehtiramla yad etdilər.
YAP Xətai rayon təşkilatının iclas salonunda keçirilən toplantının rəsmi hissəsini icra hakimiyyətinin başçısı Razim Məmmədov açdı. Natiq müstəqil Azərbaycanın vətəndaşı olan hər bir azərbaycanlının taleyində çox mühüm rol oynayan Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən danışaraq bildirdi ki, bu gün Azərbaycan dünyanın xəritəsində öz varlığını yenidən cızdı və yaşamaq, inkişaf etmək haqqına qovuşdu.
Doğrudur, müstəqilliyimiz 1991-ci ildə rəsmən bəyan olunmuşdu. Lakin ondan sonrakı proseslər tarixi keçmişi olan zəngin bir ölkəni addım-addım məhvə və süquta sürükləyirdi. Biz bunu kitablardan oxuyub, sənədli filmlərdən görüb demirik. Biz bütün bunların canlı şahidləri kimi danışırıq. Ölkə miskin bir vəziyyətə düşəndə, iqtisadiyyatı, hərbi potensialı, infrastrukturu dağıdılanda, əhalisinin təhlükəsizliyinə heç bir zəmanət olmayanda bütün xalq üzünü sevimli oğluna, dünya şöhrətli siyasətçi və böyük vətəndaş Heydər Əliyevə tutub onu Bakıya, öz xilaskarlıq missiyasını həyata keçirməyə çağırdı. Xalqının çağırışına, Vətənin ağır vəziyyətinə və müstəqil dövlətçiliyin təhlükə altında olmasına biganə qala bilməyən ulu öndər Heydər Əliyev gəldi və Azərbaycan müstəqilliyinin zəfər yürüşünün tarixlərə şahid olacaq salnaməsini yazmağa başladı.
Toplantıda qonaqlardan YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin redaktoru Vüqar Rəhimzadə, millət vəkilləri Hüseynbala Mirələmov, Arif Rəhimzadə, Eldar İbrahimov da bu tarixi günlə bağlı xatirələrini və təəssüratlarını bölüşdülər. Qeyd olundu ki, bu gün, o tarixi günlərdən 18 il keçəndən sonra bir daha qətiyyətlə deyə bilərik ki, ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycanı ölüm yatağından qaldırdı, ölkəni millətçilikdən və dini fanatizmdən qorudu, "azərbaycançılıq" fəlsəfəsilə xalqı bir məfkurə ətrafında topladı. Özünün siyasi və geostrateji formatına görə Azərbaycanı regionun lider dövlətinə çevirdi, 1994-cü ildə daxili və xarici təzyiqlərə baxmayaraq, dünyanın 7 ölkəsinin 11-ə yaxın şirkəti ilə "Əsrin müqaviləsi"ni imzaladı və Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz ixracı layihələrinin əsasını qoyaraq Azərbaycanı böyük inkişaf magistralına çıxardı.
Bayram gününə yetmək hər günün bəxtinə yazılmır. 15 iyunun xalq tərəfindən əziz bayram - Milli Qurtuluş Günü kimi qeyd olunması məhz tarixin bu qısa zaman kəsiyinin xalqın taleyində, müstəqilliyin qorunub saxlanılmasında, əbədiləşməsində necə müstəsna rol oynadığını göstərir. Bu, elə bir tarixdir ki, onun haqqında nə qədər danışsan, nə qədər təhlillər aparsan yenə azdır.
Tədbir ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti haqqında hazırlanmış sənədli filmə baxışla başa çatdı.

{nl}

İlqar RÜSTƏMOV, Rafiq SALMANOV (foto), "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında