Dövlət Sərhəd Xidmətinin (DSX) Nərimanov rayonunda inşa olunmuş yeni yaşayış kompleksində müstəqillik tariximizə Azərbaycan xalqının yenilməzliyinin rəmzi kimi həkk olunmuş Milli Qurtuluş Günü münasibətilə təntənəli mərasim keçirilmişdir.
DSX-nin mətbuat mərkəzindən bildirmişlər ki, Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qoşunlarının komandanı, general-leytenant Elçin Quliyev çıxış edərək milli dövlətçilik təntənəsinin 18-ci ildönümü münasibətilə tədbir iştirakçılarını təbrik etmişdir.
Qeyd olunmuşdur ki, bayram tədbirinin Dövlət Sərhəd Xidmətinin yeni inşa olunmuş 264 mənzilli yaşayış binaları kompleksinin qarşısında təşkil olunmasının böyük rəmzi əhəmiyyəti vardır. Çünki dövlət sərhədində dövlət maraqlarının müdafiə olunması, sərhədboyu ərazilərdə qanunçuluğun təmin edilməsi üzrə işlərin başlanğıc nöqtəsi dahi öndər Heydər Əliyevin dövlətçiliyimizin xilaskarı missiyasını uğurla gerçəkləşdirdiyi 1993-cü ilin 15 iyun tarixi - Milli Qurtuluş Günüdür. Həmin taleyüklü hadisələri daim xatırlamaq və ulu öndərin fəaliyyətini əsl vətəndaşlıq nümunəsi kimi nəsillərin yaddaşında yaşatmaq hər birimizin borcudur.
Tədbirdə 1990-cı illərin əvvəllərində ölkəmizdə yaranmış ictimai-siyasi vəziyyətə, baş verən hadisələrə qısa nəzər salınmış və qeyd edilmişdir ki, əgər 1993-cü ilin 15 iyununda xalqımızın istəyi və tələbi ilə müdrik şəxsiyyətin, təcrübəli və iradəli dövlət xadiminin hakimiyyətə qayıdışı gerçəkləşməsəydi, heç şübhəsiz ki, indi müstəqil, qüdrətli, yeniləşən və demokratikləşən Azərbaycan dövləti mövcud deyildi. Mürəkkəb, çətin, ziddiyyətli proseslərin cərəyan etdiyi ağır günlərdə ulu öndər Heydər Əliyevin xalqın iradəsi ilə ölkə rəhbərliyinə qayıtması müstəqilliyimizi məhv olmaqdan xilas etdi. Bu, sözün əsl mənasında, böyük vətəndaşlıq hünəri idi. Heç də təsadüfi deyildir ki, 1997-ci il iyunun 27-də Milli Məclis xalqın bütün təbəqələrinin istək və arzularını nəzərə alaraq 1993-cü il 15 iyun tarixini Azərbaycan dövlətinin qurtuluşunun başlanğıcı kimi qiymətləndirdi və həmin günü "Milli Qurtuluş Günü" elan etdi. Bu gün azad və firavan yaşayan xalqımız öz nicatına və tərəqqisinə görə ümummilli lider Heydər Əliyevə minnətdardır.
Bayram tədbirində xüsusi olaraq vurğulanmışdır ki, yalnız ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycan Sərhəd Mühafizəsinin təşkili və formalaşmasında əsaslı islahatların keçirilməsi mümkün olmuşdur. Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi milli sərhəd siyasətinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ali Baş Komandanlığı altında ardıcıl həyata keçirilməsi mühüm xidməti nailiyyətlərin əldə olunması imkanını yaratmışdır. XX əsrin 90-cı illərinin ortalarından başlayaraq Azərbaycan Sərhəd Mühafizəsi böyük inkişaf yolu keçmiş, müasir silah və texnika ilə təchiz edilmiş, mobil, qarşıya qoyulan tapşırıqları yüksək səviyyədə icra etməyə qadir olan hərbi potensial əldə etmişdir. Vətənpərvər, Azərbaycan Prezidentinə və milli dövlətçiliyə sadiq hərbi kollektivin formalaşdığı Dövlət Sərhəd Xidməti öz inkişaf səviyyəsinə görə Avropa miqyasında lider mövqeləri fəth etməyə nail olmuşdur. Dövlət sərhədində və hərbi hissələrdə həyata keçirilmiş böyük miqyaslı tikinti-quruculuq işləri sayəsində müasir sərhəd mühafizə infrastrukturu yaradılmış, dövlət sərhədlərinin daha etibarlı mühafizəsi təmin olunmuşdur. Son illərdə Horadiz, Göytəpə, Xudat, Şəki, Zaqatala, Şəmkir sərhəd dəstələrinin qarnizon kompleksləri, Sahil Mühafizəsinin yeni bazası, Akademiya, "Sərhədçi" İdman-Olimpiya və istirahət mərkəzləri, hərbi anbarlar, aviasiya dəstəsi, Cəlilabad rayonunda vahid tədris mərkəzi, atçılıq mərkəzi, xidməti heyvanların təlimatçılarının hazırlanması mərkəzi, yüzlərlə sərhəd məntəqəsi və digər xidməti obyektlər istifadəyə verilmişdir. Son 5 il ərzində Dövlət Sərhəd Xidmətinin bütün hərbi hissələrində 910, o cümlədən təkcə Bakı şəhərində 492 xidməti mənzil inşa edilmişdir. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırıqlarına əsasən Nərimanov rayonunda yaradılmış yaşayış kompleksi sərhədçilərin mənzil-məişət şaraitinin yaxşılaşdırılmasına göstərilən dövlət qayğısının yeni ifadəsidir.
Tədbir iştirakçıları mayın 19-da Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin yaşayış kompleksinin istifadəyə verilməsi münasibətilə keçirilən təntənəli mərasimdə iştirakını böyük qürur hissi ilə qeyd etmişlər. Bu tarixi hadisənin sərhədə və sərhədçiyə göstərilən qayğının yeni təzahürü olduğu vurğulanmış, qeyd edilmişdir ki, Prezidentin sərhədçilərlə hər bir görüşü ölkəmizin sərhəd mühafizəsi salnaməsinin parlaq səhifəsidir.
Kompleksdə sərhədçilər üçün bütün şərait yaradılmışdır. Burada iki və üçotaqlı mənzillərdən ibarət 12 mərtəbəli 264 mənzilli yaşayış binası, uşaq bağçası, qadın və kişi fitnes salonları, market və kafe, voleybol və basketbol meydançaları, avtomobil dayanacağı və istirahət parkı vardır. Kompleks yanğınsöndürmə, işıqlandırma, suvarma sistemləri ilə təchiz olunmuşdur. Ərazidə abadlaşdırma və yaşıllaşdırma işləri aparılmış, çəmənliklər salınmış, dekorativ ağac və kollar əkilmişdir.
Mərasimin sonunda Dövlət Sərhəd Xidmətinin rəisi Sərhəd Qoşunlarının Komandanı, general-leytenant Elçin Quliyev yeni mənzillərin orderlərini sərhədçilərə təqdim etmişdir.
Mərasim Dövlət Sərhəd Xidmətinin Nümunəvi Hərbi Orkestrinin ifa etdiyi musiqi sədaları altında furşetlə davam etdirilmişdir.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.