Həyatı tərənnüm edən insan

Həyatı tərənnüm edən insan
Qarşımızda nəfis şəkildə çap olunmuş, rəngli fotoalbom var. "Bərəkətli torpaq" adlanır. Müəllifi Azərbaycanı qarış-qarış gəzmiş, qışın şaxtasından, baharın laləzarlığından, yayın qızmar nəfəsindən, payızın füsünkar gözəlliyindən ilham alaraq ilboyu yorulmadan təbiəti, onu qoruyub zənginləşdirən insanları tərənnüm edən Cahangir İbadovdur. 60 ilə yaxın "Xalq qəzeti"ndə (keçmiş "Kommunist" qəzeti) fotomüxbir işləyən bu istedadlı sənətkar həmin təbiət albomunda yazırdı:
- Torpaq insanın anasıdır. Odur ki, ona böyük məhəbbətlə "Ana torpaq" deyirik. Bizim üçün zəruri olan nemətləri yetişdirən torpaqdır. Ona görə də əbədi xoşbəxtliyə qovuşmuş Azərbaycan xalqı sinədolusu, qürurla deyir: Bizimdir bu həyat, bu yer, bu torpaq...
Bütün varlığı ilə torpağa, sənətə bağlı olan Cahangir İbadov şərəfli ömür yaşamışdır. O, Azərbaycanın peşəkar fotomüxbirlər ordusunun ən parlaq simalarından biri idi. Redaksiyanın kadrlar şöbəsində Cahangir müəllimə aid "Şəxsi iş" qovluğunda bir tərcümeyi-hal var. Orada yazılıb: "Mən İbadov Vladimir (Cahangir) Xanlar oğlu, 1932-ci ilin mart ayının 31-də Moskva şəhərində anadan olmuşam. Uşaqlıq dövrüm müharibə illərinə təsadüf edib. Atam müharibəyə gedib qayıtmayıb. Ailənin bütün ağırlığı anamın üzərinə düşdüyünə görə ona kömək olsun deyə, erkən yaşlarımdan işləməyi qərara almışam. Orta təhsilimi axşamlar fəaliyyət göstərən fəhlə-gənclər məktəbində davam etdirmişəm. O vaxtlar pioner sarayında fəaliyyət göstərən foto-həvəskarları dərnəyinə getmişəm.
1948-49-cu illərdə Bakı kinostudiyasında kinooperator assistenti, 1950-ci ildə "Vışka" qəzetində, "Azərbaycan dəmiryolçusu" qəzetində fotomüxbir işləmişəm. 1952-ci ildə məni "Kommunist" qəzeti redaksiyasına fotomüxbir vəzifəsinə işə dəvət ediblər. O vaxtdan 2010-cu ilin ortalarınadək bu kollektivdə çalışmışam.
Bu müddətdə çəkdiyim şəkillər respublikanın və keçmiş İttifaqın aparıcı mətbuat orqanlarında, habelə xarici nəşrlərdə çap olunub. 1955-ci ildən bəri respublika, Ümumittifaq və beynəlxalq fotosərgilərində, müsabiqələrdə iştirak etmiş, çoxlu sayda mükafatlara, fəxri diplomlara layiq görülmüşəm. 1969-cu ildə Azərbaycan Ali Sovetinin Fəxri Fərmanını, 1979-cu ildə respublikanın "Əməkdar mədəniyyət işçisi" fəxri adını, 1997-ci ildə isə Azərbaycan Jurnalistlər Birliyinin "Həsən bəy Zərdabi" mükafatını almışam".
Cahangir İbadovun yazdığı bu avtobioqrafik məlumat oxucularda onun haqqında, keçdiyi həyat yolu barədə müəyyən təsəvvür yaradır. O, son dərəcə intizamlı, məsuliyyətli əməkdaş idi. Ömür-gün yoldaşı rəhmətə gedəndən sonra Cahangir müəllim həyatda rahatlıq tapa bilmədi, xiffət çəkə-çəkə 80 yaşının əvvəlində dünyasını dəyişdi, iki qızını, nəvələrini, doğma qardaşını, dost və tanışları, o cümlədən uzun illər qüsursuz fəaliyyət göstərdiyi "Xalq qəzeti" redaksiyasının kollektivini böyük qəm-qüssəyə, kədər hissinə qərq etdi. Onun əziz, parlaq xatirəsi həmişə qəlbimizdə yaşayacaqdır.
Allah rəhmət eləsin!

{nl}

"Xalq qəzeti"nin kollektivi

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında