Şriftin ölçüsü:
07.05.2010 00:02 | Oxunma sayı: 403
Respublikamızın bütün regionlarında olduğu kimi, Binəqədi Rayon İcra Hakimiyyəti ilə YAP Binəqədi rayon təşkilatının birgə tədbirlər planına uyğun olaraq rayonda yerləşən bütün idarə və müəssisələrdə, ərazi ilk partiya təşkilatlarında ulu öndər Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr olunmuş müxtəlif səpkili silsilə tədbirlər həyata keçirilmişdir. Bu tədbirlərin davamı olaraq dünən öncə Fəxri Xiyabanda ulu öndər Heydər Əliyevin və akademik Zərifə Əliyevanın məzarları ziyarət edildi, önünə əklil və gül-çiçək dəstələri qoyuldu. Sonra YAP Binəqədi rayon təşkilatının qərargahında müstəqil Azərbaycanın memarı və qurucusu, görkəmli və fenomenal şəxsiyyət Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr edilmiş geniş toplantı düzənləndi. Bir dəqiqəlik anım sükutundan sonra ulu öndərə həsr olunmuş şeir kompozisiyası səsləndirildi.
Tədbiri təşkilatın sədri Nəbi Xəlilov açaraq XX əsrdə Azərbaycan xalqının bəşəriyyətə bəxş etdiyi nadir şəxsiyyətlərdən biri olan Heydər Əliyevin əsl dövlət idarəçiliyi məktəbinə çevrilmiş siyasi fəaliyyətinin müasir Azərbaycan tarixində mühüm yer tutmasından söz açdı. Bildirdi ki, Azərbaycanın ən yeni tarixi, dahi şəxsiyyət Heydər Əliyevin adı və onun müdrik dövlətçilik siyasəti ilə bağlıdır.
Heydər Əliyev deyirdi: "...Mənim yaratdığım hər bir şey mənim üçün əzizdir. Zavod da, fabrik də, elektrik stansiyaları da, yollar da, körpü də, ev də, bina da, saray da... Amma mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim Vətənimdir, mənim torpağımdır".
N. Xəlilov dedi ki, Azərbaycanda təhsilin inkişafında və əhalinin intellektual səviyyəsinin yüksəldilməsində ümummilli liderimizin müstəsna xidmətləri olmuşdur. Ulu öndər gənclərə xüsusi qayğı göstərmiş, gənclər siyasətini dövlətin əsas prioritetlərindən biri hesab etmişdir. Onun gərgin səyi nəticəsində on minlərlə azərbaycanlı keçmiş ittifaqın ən nüfuzlu ali məktəblərində təhsil almış, bu günün və gələcəyin peşəkar kadrları hazırlanmışdır. Xalqın təkidli tələbi ilə Azərbaycanda siyasi hakimiyyətə qayıdan ümummilli lider dövlətimizi zamanın ağır və çətin sınaqlarından çıxartdı.
Bu gün Azərbaycanın bütün dünyada özünəməxsus nüfuza sahib olması və azərbaycançılıq ideologiyası məhz onun adı ilə bağlıdır. Heydər Əliyev tarixin çətin sınaqları dövründə dünyanın ayrı-ayrı ölkələrində yaşamaq məcburiyyətində qalmış azərbaycanlıların təşkilatlanmasına və onların müstəqil Azərbaycan ətrafında sıx birləşməsinə nail olmuş, ana dilinin qorunub saxlanmasında əvəzsiz xidmətlər göstərmişdir. Onun böyük siyasi iradəsi və müdrik uzaqgörənliyi sayəsində Azərbaycanın iqtisadi suverenliyini əks etdirən və ölkə iqtisadiyyatının dinamik inkişafının əsasını qoyan "Əsrin müqaviləsi" imzalanmışdır.Heydər Əliyev dövlətçilik və idarəçilik məktəbinin layiqli yetirməsi möhtərəm Prezidentimiz, cənab İlham Əliyev ulu öndərin ideyalarına sadiq qalaraq, onun daxili və xarici siyasətini müasir dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirir.
Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının kafedra müdiri, hüquq elmləri namizədi Fəxrəddin Nağıyev çıxışında Heydər Əliyevin praqmatik, uzaqgörən və sülhsevər siyasətinin Azərbaycanın dövlətçiliyinin möhkəmlənməsi və müstəqilliyinin əbədiləşməsi yolunda rolunu xüsusi vurğuladı. Xalqını sonsuz məhəbbətlə sevən bu böyük insanın bütün həyatını, zəngin dövlətçilik təcrübəsini ölkəmizin xoşbəxt gələcəyinə sərf etməsindən danışdı. Müstəqil Azərbaycanın ilk Konstitusiyasının müəllifi olan Heydər Əliyevin hüquqi dövlət quruculuğu istiqamətində davamlı siyasət yeridərək, çoxpartiyalılıq prinsipi əsasında demokratik seçki təcrübəsinin formalaşdırılmasında, söz və mətbuat azadlığı yolunda mühüm addımlar atmasını diqqətə çatdırdı.
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev xalqın inamından və dəstəyindən güc alan ulu öndərimizin böyük siyasi təcrübəsi və müdrikliyi sayəsində 1991-1993-cü illərdə ölkəmizdə tüğyan edən anarxiyaya, hərc-mərcliyə və vətəndaş qarşıdurmasına son qoyulmasından, Azərbaycanın dövlətçiliyinə, ərazi bütövlüyünə qəsdlər təşkil edən cinayətkar ünsürlərin cəmiyyətdən təcrid edilməsindən söz açdı. Bildirdi ki, məhz Heydər Əliyevin həyata keçirdiyi təxirəsalınmaz tədbirlərin nəticəsi kimi, Milli Ordu formalaşdırıldı, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan həqiqətləri dünya ictimaiyyətinə çatdırıldı, ölkəmiz üçün həyati əhəmiyyət kəsb edən atəşkəsə nail olundu.
Millət vəkili Rafael Cəbrayılov, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə çıxış edərək Heydər Əliyevin Azərbaycanın təbii sərvətlərindən, əlverişli coğrafi-strateji mövqeyinin üstünlüklərindən ölkənin milli mənafelərinə uyğun şəkildə istifadə edərək irimiqyaslı beynəlxalq iqtisadi sazişlərin həyata keçirilməsi sahəsində gərgin və səmərəli fəaliyyətindən danışdılar.
Tədbirdə millət vəkili Madər Musayev, Dövlət Sığorta Kommersiya şirkətinin sədri Məmməd Məmmədov və digər qonaqlar iştirak edirdilər. Çıxışlardan sonra "10 May" gənclər ərazi ilk partiya təşkilatının yeni partiyaya qəbul edilən gənclərə üzvlük vəsiqələri verildi və ad günləri təbrik edildi, rayon gənclər və idman idarəsi tərəfindən tələbələr arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr olunmuş "Mən fəxr edirəm ki, azərbaycanlıyam" mövzusunda keçirilmiş müsabiqədə yer tutmuş tələbələr mükafatlandırıldı.Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev rayon ərazisində yerləşən C. Cabbarlı adına İrəvan Dövlət Dram Teatrının direktoru İftixar Piriyevə ulu öndərə həsr edilmiş "Xilaskar" tamaşasındakı baş rolun ifasına görə fəxri fərman təqdim etdi.
{nl}
Zərifə BƏŞİRQIZI, "Xalq qəzeti"
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.