İyunun 10-da Dövlət Sərhəd Xidmətində (DSX) "Sərhəd" hərbi-idman oyunlarının yekunlarına həsr olunmuş təntənəli mərasim keçirilmişdir.
Mərasimdə DSX rəisinin müavini, general-mayor Məhəmməd Abbasquliyev, gənclər və idman nazirinin müavini İntiqam Babayev, Təhsil Nazirliyinin şöbə müdiri Ağababa İbrahimov çıxış edərək "Sərhəd" hərbi-idman oyununun məqsədi, əhəmiyyəti və xüsusiyyətləri barədə danışmış, final turunun iştirakçılarını təbrik etmiş, uğurlar arzulamışlar.
Qeyd olunmuşdur ki, dünyanın bütün sivil cəmiyyətlərində gənc nəslin mənəvi-ideoloji tərbiyəsi, təhsili, fiziki hazırlığı məsələlərinə xüsusi fikir verilir. Çünki gənclər hər bir xalqın gələcəyini müəyyənləşdirən təbəqədir. Ölkəmizdə sağlam, təhsilli, bacarıqlı, vətənpərvər gənclərin yetişdirilməsi məqsədilə uğurlu siyasət həyata keçirilir.
Respublikamızda həyata keçirilən gənclər siyasətinə uyğun olaraq Dövlət Sərhəd Xidməti də gənclərlə aparılan mənəvi-ideoloji işi daim diqqət mərkəzində saxlayır. DSX sərhədlərimizin toxunulmazlığını təmin etməklə yanaşı, gənclərin Vətənə, tariximizə, mənəvi dəyərlərimizə hörmət ruhunda tərbiyə olunması, onlarda sərhədçi peşəsinə marağın artırılması istiqamətində mühüm tədbirlər görür. Həmin tədbirlər sırasında "Sərhəd" hərbi-idman oyunları xüsusi yer tutur. Artıq ənənə halını almış bu oyunlar Dövlət Sərhəd Xidməti, Təhsil, Gənclər və İdman nazirlikləri ilə birgə reallaşdırılır və gənc nəslin Vətənə, onun sərhədlərinə hörmət ruhunda tərbiyə olunmasında, sağlam gənclər yetişdirilməsində, onlarda sərhədçi peşəsinə marağın artırılmasında böyük rol oynayır.
Bildirilmişdir ki, 28 sərhədyanı rayonun 202 məktəbinin 1010 şagirdinin iştirak etdiyi bu hərbi-idman oyunu üç mərhələdən ibarət olmuşdur. Bu oyunlara aprel ayında start verilmişdir. Sərhədyanı kəndlərdəki orta məktəblər arasında keçirilmiş ilkin mərhələnin qalibləri növbəti mərhələyə vəsiqə almışlar. May ayında keçirilmiş ikinci turda isə 28 məktəbin 140 şagirdi iştirak etmişdir. Ölkə üzrə 8 zonada keçirilən yarışların qalibləri isə final mərhələsinə vəsiqə qazanmışlar. Final mərhələsinə qoşulan 8 komandanın hər biri sonuncu tura çox ciddi hazırlaşmışdır.
"Sərhəd" hərbi-idman oyununun final turu iyunun 2-dən 10-dək Dövlət Sərhəd Xidməti Akademiyasının bazasında keçirilmişdir. İyunun 3-də akademiyada DSX-nin Təhsil, Gənclər və İdman nazirlikləri nümayəndələrinin iştirakı ilə "Sərhəd" hərbi-idman oyununun final turunun açılışı olmuşdur.
Növbəti gün oyunun final turuna start verilmişdir. Toplanış dövrü iştirakçılar Sərhəd Qoşunlarının əsgərlərinin gündəlik təminatlarına uyğun şəkildə təmin olunmuşlar. Oyun iştirakçıları üçün yaradılmış şərait məktəblilərə bütün mərhələlərdə öz bacarıqlarını tam və sərbəst nümayiş etdirməyə imkan vermişdir.
Final turuna Ordubad rayonundakı internat məktəbinin, Füzuli rayonunun Bala Bəhmənli, İmişli rayonunun Qızılkənd, Lerik rayonunun Kəlvər, Qusar rayonunun Həzrə, Qəbələ rayonunun Vəndam-1, Qax rayonunun Qorğan, Ağstafa rayonunun Böyük Kəsik orta məktəblərinin komandaları vəsiqə qazanmışlar.
Final turunda komandalar "Sıra hazırlığı", "Sərhəd naryadı tərəfindən nəqliyyat vasitələrinə baxışın təşkili", "Avtomatın sökülməsi və yığılması", "Sərhəd pozucusunun yaxalanması və onun təxliyəsi", "Tüfəngdən hədəfə atəş açmaq", "Maskalanma", "Yaralanmış sərhəd naryadı üzvünə ilkin tibbi yardımın göstərilməsi və onun təxliyəsi" və "Ləpirçilik" mərhələlərində öz bacarıqlarını nümayiş etdirmişlər.
İştirakçılar 9 gün ərzində sərhədçi kursantların təlim-təhsili və yaşayışı ilə yaxından tanış olmuş, asudə vaxtlarında DSX-nin Sahil Mühafizəsinə, "Sərhədçi" Olimpiya İdman Mərkəzinə ekskursiyalara aparılmış, mədəni-kütləvi tədbirlərə, bilik və idman yarışlarına qatılmışlar.
Oyun zamanı toplanılan ümumi balların miqdarına görə İmişli rayonunun Qızılkənd kənd orta məktəbinin "Turan" komandası birinci, Qəbələ rayonunun Vəndam-1 kənd orta məktəbinin "Vəndam" komandası ikinci, Ordubad rayon internat məktəbinin "Sərhədçi" komandası isə üçüncü yeri tutmuşlar.
Komandaların fəaliyyətinə tam obyektiv qiymət verilmiş və bu işdə Dövlət Sərhəd Xidmətinin, Təhsil, Gənclər və İdman nazirliklərinin nümayəndələrindən ibarət münsiflər heyəti böyük məsuliyyət və fəallıq göstərmişlər.
Yarışlarda göstərdikləri əzmkarlığa, mütəşəkkilliyə, nizam-intizama görə məktəblilər və onların müəllimləri, yarışın digər iştirakçıları qiymətli hədiyyələrlə mükafatlandırılmış, diplom və fəxri fərmanlarla təltif olunmuşlar.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.