Şəkidə Dövlət Arxivi filialının yeni inzibati binasının açılışı olmuşdur

Mayın 6-da Şəki şəhərində Respublika Dövlət Arxivi Şəki filialı üçün inşa edilmiş yeni inzibati bina istifadəyə verilmişdir.
Bu münasibətlə keçirilən mərasimdə AMEA Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov, Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin rəisi Ataxan Paşayev, şəhər rəhbərliyi və ictimaiyyət nümayəndələri iştirak etmişlər.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Murad Cabbarlı ümummilli lider Heydər Əliyevin 87-ci ildönümü ərəfəsində gerçəkləşdirilən belə dəyərli hədiyyəyə görə dövlət başçısına, Milli Arxiv İdarəsinin rəhbərliyinə minnətdarlığını bildirmiş, arxivin kollektivinə gələcək fəaliyyətlərində uğurlar arzulamışdır. Bildirmişdir ki, dövlət vəsaiti hesabına inşa edilmiş filial binasında bölgənin 5 rayonu - Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonlarının 500 minədək arxiv sənədi mühafizə olunacaqdır.
Milli Arxiv İdarəsinin rəisi Ataxan Paşayev ölkəmizdə arxiv xidməti təşkilatlarının maddi-texniki təchizatının təkmilləşdirilməsi istiqamətində görülən işlərdən danışmışdır. Bildirmişdir ki, arxiv xidməti təşkilatları xalqımızın çoxəsrlik tarixini öyrənmək üçün nadir və qiymətli sənədlərin toplandığı və mühafizə olunduğu elmi-tədqiqat mərkəzləridir. Ölkə rəhbərliyinin diqqət və qayğısı nəticəsində son illər arxiv təşkilatları üçün müasir tələblərə cavab verən yeni binalar inşa olunur, arxiv işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılması üçün müvafiq işlər görülür. Artıq Gəncə və Şəki filialları üçün yeni binaların tikintisi başa çatdırılmışdır. Növbəti illərdə digər filialların da şəraiti yaxşılaşdırılacaqdır.
AMEA Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov bildirmişdir ki, açılışına toplaşdığımız bu obyekt Şəki şəhəri üçün olduqca əhəmiyyətli bir müəssisədir. Çünki burada qədim və zəngin tarixə malik Şəki rayonu, eləcə də bölgənin digər rayonları ilə bağlı çox mühüm sənədlər qorunub saxlanacaqdır. Bu sənədlər xalqımızın maddi və mənəvi həyatının, tarixinin, elminin, iqtisadiyyatının, mədəniyyətinin öyrənilməsi baxımından çox əhəmiyyətlidir.
Rəmzi qırmızı lent kəsildikdən sonra binaya baxış olmuşdur. Məlumat verilmişdir ki, üçmərtəbəli binanın tikintisinə 2008-ci ilin oktyabrında başlanmışdır. Tikinti işlərinə, habelə avadanlıq və inventarların alınmasına ümumilikdə 2 milyon 790 min manat vəsait xərclənmişdir.
AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında