Şriftin ölçüsü:
10.06.2011 02:53 | Oxunma sayı: 426
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" fərmanının tətbiqi ilə bağlı vergilər naziri Fazil Məmmədov nazirlikdə bu istiqamətdə görülən işlərdən danışmışdır. O demişdir: "Fərmandan irəli gələn məsələlər Vergilər Nazirliyinin kollegiyasında geniş müzakirə olunmuş və onların icrasını təmin etmək məqsədilə konkret tədbirlər planı təsdiq edilmişdir.
Bütövlükdə həyata keçirmək istədiyimiz işlər sırasında ilk növbədə "bir pəncərə" prinsipi üzrə fiziki şəxslərin və sonrakı mərhələdə kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatının elektron şəkildə həyata keçirilməsini qeyd etmək istərdim. Hazırda bu layihə üzərində ciddi iş aparılır. Fiziki şəxslərin qeydiyyatı ilə bağlı texniki və qanunvericiliklə bağlı məsələlər həll olunduqdan sonra yaxın gələcəkdə bu prosesə başlamaq niyyətindəyik. Kommersiya hüquqi şəxslərə gəlincə, bu sahədə inkişaf etmiş ölkələrin təcrübəsi araşdırılmışdır və biz gələcəkdə bunu da həyata keçirməyi nəzərdə tuturuq.
2011-ci il ərzində rəsmi internet informasiya ehtiyatlarında xüsusi elektron xidmət bölməsinin fəaliyyətinin təkmilləşdirilməsini və portal vasitəsilə göstərilən xidmətlərin genişləndirilməsini təmin edəcəyik. Qeyd etdiyim kimi, hazırda on-line kargüzarlıq sistemi vasitəsilə sahibkarlıq subyektləri üçün uçotla əlaqədar tələb olunan ərizələrin təxminən yarısının elektron qaydada təqdim edilməsi mümkündür. Biz bu göstəricini qısa müddət ərzində ciddi surətdə artırmağa çalışacağıq. Nazirlikdə internet resurslarından istifadə edilməklə vətəndaşların, xüsusilə də ucqar rayonlarda yaşayan vergi ödəyicilərinin Bakıya gəlmədən audio-vizual qəbulunun təşkili nəzərdə tutulur.
Vətəndaşların elektron xidmətlərdən daha geniş istifadə edə bilməsini təmin etmək məqsədilə vergi ödəyicilərinə xidmət terminallarının fəaliyyətinin təkmilləşdirilməsinə, göstərilən xidmətlərin spektrinin genişləndirilməsinə, bu terminalların tədricən vergi ödəyicilərinin elektron-xidmət mərkəzlərinə çevrilməsinə nail olmaq niyyətindəyik.
Çox mühüm layihələrdən biri də vergilərin real vaxt rejimində elektron formada ödənilməsinin təmin edilməsi imkanının yaradılması məsələsidir. Yaxın perspektivdə Azərbaycanda vergi ödəyiciləri vergi və rüsumları Vergilər Nazirliyinin internet portalı vasitəsilə ödənilməsi üçün elektron ödənişin aparılması imkanını əldə edəcəklər. Bu olduqca mühüm bir məsələdir və dünyanın aparıcı ölkələrinin təcrübəsinə əsaslanır.
Ölkə Prezidentinin fərmanında xüsusi qeyd olunan elektron imza ilə bağlı məsələlərin qısa müddətdə həlli fiziki şəxslərin elektron dövlət qeydiyyatı layihəsinin tətbiqinə imkan verəcəkdir. Hazırda mütəxəssislərimiz daha bir mühüm layihə, vergi bəyannamələrinin vergi orqanları tərəfindən əvvəlcədən doldurulması sisteminin tətbiqi imkanlarının araşdırılması üzərində çalışırlar. İlkin olaraq bu sistemin ƏDV bəyannamələri sahəsində tətbiq olunması nəzərdə tutulur. Sistemin mahiyyəti bundan ibarətdir ki, vergi ödəyicisinin təqdim etməli olduğu bəyannamə mövcud sənədlər əsasında əvvəlcədən, vergi orqanı tərəfindən doldurulur və vergi ödəyicisinə göndərilir. O isə elektron formada alınmış bu bəyannaməni yoxlayıb, əgər razılaşarsa sadəcə təsdiq edir, yox əgər razılaşmazsa, müvafiq dəlillərini vergi orqanına təqdim edir. Beləliklə, vergi ödəyicisinin işi qat-qat yüngülləşdirilir. Qarşımızda duran mühüm məsələlərdən biri də yaxın 2-3 il ərzində elektron audit sisteminin tətbiqidir. Artıq Avropa İttifaqının maliyyə dəstəyi ilə Niderlandın Vergi Administrasiyanın mütəxəssisləri ilə birlikdə e-auditin tətbiqi üzrə Tvinninq layihəsinin reallaşdırılmasına başlanmış, bu məqsədlə qanunverciliyə müvafiq dəyişikliklərin edilməsi ilə bağlı təkliflər hazırlanmışdır.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.