Hüquq-mühafizə orqanları cinayət törətmiş şəxslər barədə əməliyyat-axtarış tədbirlərini davam etdirir

Bakı şəhər prokurorluğu və Baş Polis İdarəsindən AzərTAc-a daxil olmuş məlumatda bildirilir ki, 2011-ci il iyunun 6-da saat 18 radələrində naməlum şəxslər Nərimanov rayonu, Şəmsi Rəhimov küçəsi, 2 ünvanda yerləşən "Kral" şadlıq sarayının qarşısında ictimai qaydanın kobud surətdə pozaraq cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər etmiş, "Vinçester" tipli tüfənglə havaya bir neçə dəfə atəş açmışlar. Nəticədə şadlıq sarayının pəncərəsinin şüşələri sınmışdır.
Dərhal hadisə yerinə Nərimanov rayon Polis İdarəsinin istintaq-əməliyyat qrupu tərəfindən baxış keçirilmiş, oradan iki giliz götürülmüş və toplanmış ilkin material üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü (silah tətbiq etməklə qərəzli xuliqanlıq) maddəsi ilə cinayət işi başlanmışdır.
Aparılmış istintaq-əməliyyat tədbirləri nəticəsində müəyyən edilmişdir ki, əvvəllər məhkum olunmuşlar - Dünyamalıyev Sənan Asif oğlu, Ağalarov Cavid Zakir oğlu və Səfiyev Bəhmən Süleyman oğlu iyunun 6-da saat 17 radələrində "Neftçi" Təlim-məşq mərkəzində tələbələri ilə məşq edən Abbasov Şəhriyar Şahlar oğluna məşq prosesinin normal aparılmasına mane olmuş, sonuncu bununla bağlı iradını bildirdikdə, Sənan Dünyamalıyev Şəhriyar Abbasovu "söhbət etmək üçün" "Kral" şadlıq sarayının qarşısına dəvət etmişdir.
Həmin gün saat 18 radələrində S.Dünyamalıyev, C.Ağalarov, B.Səfiyev və şəxsiyyətləri hələlik istintaqa məlum olmayan bir qrup şəxs bir neçə avtomaşında qeyd edilən ünvana gəlmiş və onlarla Şəhriyar Abbasov arasında mübahisə yaranmışdır. Bu zaman və S.Dünyamalıyev və C.Ağalarov avtomaşından "Vinçester" tipli tüfəngi götürərək hərəsi havaya bir dəfə atəş açmışdır.
Mübahisə zamanı Ş.Abbasovun tələbəsi Vəliyev Ramil Arif oğluna sağ bud nahiyəsindən bıçaqla iki xəsarət yetirilmişdir. Bundan sonra S.Dünyamalıyev və C.Ağalarov avtomaşınlara minərək hadisə yerindən uzaqlaşmışlar.
İstintaq zamanı çoxsaylı şahidlər dindirilmiş, müvafiq ekspertizalar təyin edilməklə digər zəruri istintaq hərəkətləri həyata keçirilmişdir. Toplanmış ilkin sübutlar əsasında 2011-ci il iyunun 8-də S.Dünyamalıyev, C.Ağalarov və B.Səfiyevin Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmələrinə dair qərarlar qəbul edilmiş və onlar istintaqdan qaçıb gizləndikləri üçün barələrində axtarış elan olunmuşdur.
Hazırda cinayət hadisəsini törətmiş şəxslərin dairəsinin müəyyənləşdirilməsi, eyni zamanda təqsirləndirilən şəxslərin tutularaq istintaqa cəlb olunmaları üçün zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında