Prezident İlham Əliyev Bakıda və şəhərətrafı qəsəbələrdə, eləcə də bölgələrə səfərlərində bir qayda olaraq, ictimaiyyətin nümayəndələri ilə görüşlər keçirib onların qayğıları ilə maraqlanır, arzu və istəklərini öyrənir. Ənənə halını almış belə görüşlər zamanı dövlət başçısı qaldırılan problemlərin xarakterindən asılı olaraq ya onların yerindəcə həll edilməsinə göstəriş verir, ya da bu barədə xüsusi sərəncamlar imzalayır. Beləliklə də adamlarla birbaşa ünsiyyət, canlı dialoqlar həm sosialyönümlü iqtisadi siyasətin aynasına çevrilir, həm də vətəndaşların dövlətə inamını qat-qat artırır.
Fərəhli haldır ki, yerlərdə də ictimaiyyətlə əlaqələrin bu sınanmış və səmərə verən formasından geniş istifadə olunur. Biləsuvar rayonunun analoji təcrübəsi xüsusilə diqqətəlayiqdir. Bir neçə ay öncə Mahir Quliyev bu rayona icra başçısı təyin ediləndən sonra yerlərdə səyyar qəbulların keçirilməsi daha intensiv xarakter daşımağa başlayıb. Onun qənaətinə görə, səyyar qəbullar vətəndaş müraciətlərinə diqqət, ayrı-ayrı yaşayış məntəqələrinin sakinləri və onların problemləri ilə yaxından tanışlıq, idarəetmə konturlarını dəqiq müəyyənləşdirmək baxımından önəmlidir. Siyasətdə insan amilinə üstünlük verilməsi dövlət siyasətinin əsasını təşkil edir.
Biləsuvarda fəaliyyətə başladığı yüz gündə M.Quliyev yerlərdə on belə görüş keçirib. Səyyar qəbul və görüşlər hələlik rayonun Xırmandalı, Dərvişli, Əsgərabad, Aşağı Cürəli, Ağayrı, Günəşli, Çaylı, İsmətli, Yuxarı Ağalı, Nəsimi və digər kəndlərində təşkil olunub və ardıcıl davam etməkdədir. Görüşlər zamanı sakinlər rayonun yeni rəhbərliyinə fəaliyyətində uğurlar arzulayıb, bölgələrin sosial-iqtisadi inkişafına dövlət qayğısından razılıqlarını bildiriblər. Onlar regional inkişaf Dövlət Proqramı üzrə Biləsuvarda həyata keçirilən abadlıq-quruculuq tədbirlərini ürəkdən təqdir ediblər. Adamlar eyni zamanda yaşadıqları kəndlərin bəzi çatışmazlıqlarını diqqətə çatdırıblar.
Canlı dialoqlar zamanı haqqında danışılan ümumi səciyyəvi problemlər isə bunlardır: əhalinin təbii qaz və içməli su ilə tam təchiz edilməməsi, əkin sahələrinin suvarılmasında rast gəlinən çətinliklər, su nasoslarının köhnəliyi, yeni su-nasos stansiyalarının olmaması, şoranlaşmanın qarşısını almaq üçün ərazilərdə aparılan meliorasiya işlərinin zəifliyi, kənd təsərrüfatı kooperasiyalarına ehtiyac, toxumçuluq təsərrüfatlarının azlığı və sair. Əlbəttə, görüş-qəbullarda şəxsi qayğılar da rəhbərliyin nəzərinə çatdırılıb.Amma biləsuvarlılar daha çox işgüzar məsələlər qaldırıb, hamıya aid olan əməli təkliflər irəli sürüblər. Onlar əsasən şəxsi mənfəətlərindən deyil, məsələn, kəndlərdə yeni məktəblərin tikilməsi, mövcud təhsil ocaqlarının təmiri, uşaq bağçasının açılması, kəndarası yolların abadlaşdırılması kimi problemlərdən doğan istəklərini dilə gətiriblər. Biləsuvarın ayrı-ayrı yaşayış məntəqələrində keçirilən görüşlərdə diqqəti cəlb edən başlıca cəhət: əsasən tanışlıq xarakterli bu tədbirlərdə camaat adından danışmaq haqqı hörmət-izzət sahibi olan ağsaqqal və ağbirçəklərə, problemləri yerli-yataqlı bilən adamlara həvalə edilir. Bəlli ki, el-oba adətinə görə, ağsaqqal sözünün təsiri daha güclü olur, onun dediyi hər kəlmə yetərli urvatda tutulur. Belələrindən biri Xörmandalı kəndindən Hacı İmran Əhmədovdur.
-Məni ilk razı salan odur ki, -deyə o bildirdi, -Mahir müəllim görüşdə hər kəsi səbrlə, təmkinlə dinlədi, qaldırılan məsələlərin heç birini diqqətsiz buraxmadı. Məncə, bu, rəhbərə xas mühüm keyfiyyətdir. Görüşümüzdə biz ona bir qrup ailənin həyətyanı sahələrinə yağış və qrunt sularının ziyan vurduğunu bildirdik. Şikayət yerindəcə yoxlanıldı və icra başçısı ziyanın aradan qaldırılması üçün müvafiq təşkilat rəhbərinə konkret göstəriş verdi. Üstəlik də tapşırdı ki, orada qısa müddətdə 3 kilometrlik kanal qazılsın. Eşitdiyimə görə, İsmətli kəndində də mülkiyyətçilərin əkin sahələrinin çıxar suyunun əkinlərə ziyan vurmaması məqsədilə 1 kilometrlik kanal qazmağı tapşırıb. Bax, sözümüzün, necə deyərlər, göyərməsi, qəribçiliyə salınmaması biz ağsaqqalları razı salır. İnanırıq ki, doğma rayonumuz bundan sonra daha sürətlə abadlaşdırılacaq. Əhalinin rifah halı daha da yaxşılaşacaq. Çünki gerçəkdən adamların dərdinə-oduna qalan, problemlərinə can yandıran var.
Rayonun Günəşli kəndinin ağsaqqallarından sayılan Babakişi Mirzəyev də səyyar qəbulların əməli xarakter daşımasından məmnunluğunu ifadə elədi:
-Əsl rəhbər odur ki, camaatın yanına gəlib dərd-sərini soruşur. Ulu öndərimiz Heydər Əliyev Azərbaycanda belə bir gözəl ənənənin təməlini qoyub. Möhtərəm Prezidentimiz İlham Əliyev də vaxtaşırı bölgələrə çıxıb vətəndaşlarının güzəranı ilə yaxından maraqlanır. Yaxşı haldır ki, dövlət başçısının təyin elədiyi icra başçıları da tez-tez el-obaya baş çəkir, şikayətlərini dinləyib təmin edirlər. Bax, elə Mahir müəllimin fəaliyyətə başladığı ilk gündən bu kursa sadiqlik göstərməsi bizim ürəyimizdəndir. Bildiyimiz qədərincə, o, bundan qabaq Astara rayonunda da layiqincə çalışıb.Onunla görüşdə kəndimizin bir məhəlləsini işıqla təmin edən, uzun müddət nasaz vəziyyətdə olan transformatorun təmiri məsələsini qaldırdıq. Başçı darhal xahişimizə cavab verdi. Bir neçə günə transformatorun təmir olunub işə salınmasını tapşırdı. Bu, diqqətdir, qayğıdır, hörmətdir. Rəhbərlik bizi zəndimizdə yanıltmır.
Biləsuvarda təşkil olunan görüş və qəbullarda qaldırılan məsələlərin bəzisi regionların inkişafı Dövlət Proqramında öz əksini tapıb. Buna görə də Mahir Quliyev həmin məsələlərin nəzərdə tutulan vaxtda həll edilməsi üçün bütün lazımi səylərin göstəriləcəyini vurğulayıb. Digər problemlər, həlli vacib məsələlərsə keçirilən görüşlərin yekununda ümumiləşdirilərək proqram şəklində işlənib və onların həlli istiqamətində müvafiq tədbirlərin görülməsi qərara alınıb.
Bəli, Biləsuvarda rayon rəhbərliyinin əhali ilə görüşləri davam edir. Adamlar bu görüşlərə həvəslə gedir, sözlərini çəkinmədən və ümidlə, inamla deyirlər. Onlar əmindirlər ki, deyilənlər mütləq nəzərə alınacaq, vədlər əməli işə çevriləcək.
{nl}
Əli NƏCƏFXANLI, "Xalq qəzeti"nin bölgə müxbiri
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.