Avropada yayılmış təhlükəli infeksiyanın Azərbaycana keçməməsi üçün lazımi tədbirlər görülür

Avropa ölkələrindən Azərbaycana tərəvəz çox az, cüzi miqdarda daxil olur. Azərbaycana tərəvəz daha çox İrandan və Türkiyədən gəlir. Bu barədə APA-ya Kənd Təsərrüfatı Nazirliyinin idarə rəisi Sabir Vəliyev bildirib.
Onun sözlərinə görə, Almaniyada yayılan təhlükəli bağırsaq infeksiyasının dəqiq mənbəyi hələ məlum deyil: "Ola bilsin ki, bu məhsulların becərilməsi zamanı müxtəlif zəhərli maddələr tətbiq olunub. İnsanlar həmin məhsulları yeyəndə yumurlar, pasterizə etmirlər. Digər tərəfdən, xəstəliyə və zərərvericilərə qarşı kimyəvi mübarizə üsulu ilə mübarizə aparılsa, həmin tərəvəzdən yoluxma ehtimalı ola bilməz. Deməli, belə mübarizə aparılmayıb. Həmin tərəvəzlərin anbarlarda saxlama metodları da düzgün olmaya bilər. Ola bilər ki, bu məhsullar geni dəyişdirilmiş məhsullardır. Gen modifikasiyasında belə hallar ola bilər. Şimal Buzlu Okeanındakı canlıların genindən istifadə olunması tərəvəzlərdə müxtəlif virus xəstəlikləri və insan orqanizmində ölümlə nəticələnən böyük fəsadlar törədə bilər".
S. Vəliyev bildirib ki, hazırda Dövlət Gömrük Komitəsi, Səhiyyə Nazirliyinin bütün orqanları və Kənd Təsərrüfatı Nazirliyinin Fitosanitar Dövlət Xidməti təhlükəli infeksiyanın ölkəyə keçməməsi üçün lazımi tədbirlər görür: "Bütün məhsullar sərhəddə çox ciddi yoxlanılmalıdır. Analiz götürülməli, laborator şəraitdə bütün məhsullar yoxlanılmalı, virus aşkar olunarsa, həmin məhsulların ölkəyə idxalına qadağa qoyulmalıdır".
İdarə rəisi onu da deyib ki, hazırda Azərbaycanda istehsal olunan meyvə və tərəvəzlərlə bağlı heç bir narahatlıq yoxdur: "Ümumiyyətlə, Azərbaycanda zəhərli kimyəvi maddələrdən - pestisidlərdən, gübrələrdən az istifadə olunur. Bizdə məhsullar başqa Avropa ölkələrinə nisbətən ekoloji cəhətdən çox təmizdir. Sadəcə, bu məhsulları istifadə edəndə yumaq lazımdır. Çünki təbiətdə çoxlu miqdarda mikroorqanizmlər, göbələklər, bakteriyalar var. Buna görə də meyvə və tərəvəzi istifadə etməzdən əvvəl böyük qablarda qaynar suda pasterizə etmək və yuyandan sonra mütləq soyuduculara qoymaq lazımdır. Qaynar mühitdə və 0 dərəcə temperaturda heç bir mikroorqanizm inkişaf edə bilməz".
Azərbaycanın Səhiyyə Nazirliyi də əhalini meyvə-tərəvəzlərdən istifadə edərkən ehtiyatlı olmağa çağırıb. Nazirliyin sanitar-epidemioloji nəzarət sektorunun müdiri Viktor Qasımov APA-ya bildirib ki, əhali sanitar normalar və şəxsi gigiyenaya həmişə əməl etməlidir: "Hər şeydən qabaq əlləri hər dəfə yumaq lazımdır. Meyvə və tərəvəzlərdən istifadə edərkən onları isti su ilə yumaq vacibdir". V. Qasımovun sözlərinə görə, hazırda Azərbaycanda epidemioloji durum sabitdir. Nazirliyə hər hansı şikayət daxil olmayıb.
Qeyd edək ki, Almaniyada təhlükəli bağırsaq infeksiyasından ölənlərin sayı 21-ə yüksəlib. Bağırsaq infeksiyası ilk olaraq Almaniyanın şimalında qeydə alınıb. Ümumdünya Səhiyyə Təşkilatı artıq 10 Avropa ölkəsində bu infeksiyanın aşkarlandığını açıqlayıb. İsveçdə bu xəstəliyə yoluxanlardan biri ölüb. Əvvəlcə infeksiyanın İspaniyadan idxal edilən xiyardan qaynaqlandığı güman olunurdu. İndi isə mütəxəssislər Aşağı Saksoniyada yetişdirilən dənli bitkilərdən şübhələnir. Laborator araşdırmaların nəticələri bu gün bəlli olacaq.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında