Ölkə yalnız paytaxtdan deyil, bölgələrdən, yurdun dörd bucağından başlanır.
İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti
{nl}
Odlar yurdu dünyanı heyran qoyur
Sovet dövründə bir məşhur mahnı var idi: "Haradan başlanır Vətən?" Prezidentin məqalənin epiqrafına çıxardığım sözləri həmin mahnını xatırlatdı mənə: doğrudan da, haradan başlanır Vətən? Deyirlər, sərhəddən başlanır Vətən. Sərhədlərin öz əvvəlki xəttinə qaytarılmasına, Vətənin yenidən bütövləşməsinə yönəldilmiş qətiyyətli siyasətlə yanaşı, sərhəd bölgələrindən qovulan bir milyon didərginə yurd-yuva tikib-qurmaq, iş yeri açmaq elə Vətən deməkdir. Azərbaycan coğrafiyasında indiyə qədər görünməmiş sürətlə, səliqə və sahmanla salınan, Avropa donunda, bütöv şəkildə "göyərən" şəhərlər də Vətəndir. Ata-babalarımızın heç vaxt görmədikləri, müasir həyat standartlarına uyğun Vətən.
Qəbələdə iki yaydır keçirilən beynəlxalq klassik musiqi festivalının TV görüntülərinə Amerikada tamaşa etdikcə adamın köksü fəxrlə qabarmaya bilmirdi. Çeşidli otellər, kotteclər, yollar Qəbələnin yaşıl ormanları fonunda nə qədər əsrarəngiz görsənirdi, İlahi! Qəbələdə piano zavodu, yeni otellər, klassik musiqi festivalları, futbol meydançaları, futbol klubu da bölgəyə yeni yanaşma tərzidir. Bütün bunlar Azərbaycan insanının düşüncə çərçivəsini sındırıb onu Vətənin 4 bucağına atmaqdır.
Bu il Prezident İlham Əliyev Qusar qış və yay xizəksürmə kompleksinin açılışında iştirak etdi. Axı biz eşitmişik ki, xizək sürmək üçün qarlı, cəlbedici, gözqamaşdırıcı yamaclar, enişlər mütləq Alp dağlarına məxsus olmalıdır. Belə möcüzə yalnız İsveçrədə ola bilər. İsti Azərbaycan hara, qar hara? Lap olsun Şahdağın zirvələri... Bu, sanki, yuxudur... Amma dünənki əfsanə, yuxu bu gün Azərbaycan həqiqətləridir. Bunu adiləşdirən də Prezidentin regional siyasətidir. Bölgələrdə hər yeni açılış gördüyümüz bir yuxunun çin olmasıdır.
Bir az qabaq Pirəküşkül tərəfdə təpələrə, düzlərə bir dəstə ceyran buraxdılar. Misli görünməmiş missiyada Prezident xanımı ilə iştirak etdi. Bilirsiz, bəlkə də, bunlar bəzilərinə adi hisslər yaşadır. Amma minillik həyat həqiqətlərinin prizmasından gəlin özümüz-özümüzə baxaq. Biz nə vaxt təbiətdən aldığımızı ona qaytarmışıq? Volyerdə çoxaldılıb, erkən yaşa çatdırılmış ceyran sürüsünün ölkə Prezidentinin və xanımının iştirakı ilə çölə buraxılması səhnəsinə baxanda anlayırsan ki, bu siyasətin mənası nədir, anlamı nə... Bu, yeni siyasətdir. Yeni yanaşma tərzidir. Elə çağdaş intibahın ən əhəmiyyətli çalarlarından biri də budur: təbiətdən aldığımızın mini əvəzində birini də biz təbiətə qaytaraq. Buraya "Ekologiya ili" elan edilmiş keçən ildə torpağa basdırılan milyonlarla ağacları da əlavə etsək, bu siyasətin miqyasının genişliyini və "kampaniya" xarakterli olmadığını görərik.
Avropalılaradək hundu çadırlarından ibarət Amerikada indi ən ucqarda tikilmiş hər bir evin qabağına yol işarələri ilə təmin olunmuş asfalt, elektrik, TV, telefon və kanalizasiya xətləri gedir. Şəhərdən heç nəyi ilə fərqlənməyən kəndlər arasındakı sərhəd şərik küçələrdir. Azərbaycandakı indiki quruculuq vüsəti də Amerikanı andırır mənə. Mənim Vətənimdəki son 7 ildə hərtərəfli inkişaf misilsizdir. 20 ildir Amerikada yaşasam da, doğma ölkəmlə nəfəs alan vətənpərvər kimi Azərbaycanla bağlı ən çox sevdiyim iki məşğuliyyətim var. Biri "Skyscraper city" - "Göydələnlər şəhəri" faylına tez-tez səyahət etmək, bir də Azərbaycan telekanallarında Prezident İlham Əliyevin hər hansı obyektin açılış mərasimində iştirakı barədə reportajlara tamaşa etmək.
Birincisi Bakıdakı quruculuq nəhəngliyini fotoşəkillərlə özündə əks etdirən əhatəli bir saytdır və orada hər an dəyişən Azərbaycan bütün yenilikləri ilə öz əksini tapır. Həftədə bir neçə dəfə oraya baş çəkib qurulan, yüksələn ölkəmə qiyabi səyahət edirəm. Bakının gələcəyi möcüzəyə bənzəyir. Bu əfsanə isə dünyagörüşünün orijinallığı ilə fərqlənən Azərbaycan Prezidentinin fəaliyyəti sayəsində yaradılır. Dünyanın gözü qabağında.
Mənim Azərbaycanda fəaliyyətim yoxdur. Amma Azərbaycan üçün daxilən yanıram. Onun tarixinə 26 kitab həsr etmişəm burda. İki qovuşmaz "Babylon - Azerbaycan" qütblərini birləşdirən jurnalımla onu dünyada təbliğ edirəm. Onun itmiş mixi yazılı tarixinin bərpası və təbliği ilə məşğulam. Bu yaxınlarda qədim Azərbaycan yazılı dilini hər biri 700 səhifədən ibarət olacaq rusca "Qde istina?" və həm də ingiliscə "Shumer or turk? Where is the thrue?" (Şumer, yoxsa türk? Həqiqət haradadır?) kitablarımla dünya oxucusuna təqdim edəcəyəm. Onlar Azərbaycan dilinin 7 minillik tarixini səhifələyir. Vətəndəki miqyaslı pozitiv dəyişiklər bu işlərin həyata keçirilməsi yollarına işıq səpir.
Son dövrlər korrupsiya ilə mübarizə planına start verən Prezident İlham Əliyevin bu sahədə də qələbə qazanacağına şübhə yoxdur. Gərək Prezidentin rəğbətini, etimadını qazanıb vəzifə alan şəxs də Azərbaycanımızın nəfinə, itirilmiş torpaqlarımızın geri alınması naminə bacardığı qədər Prezidentə, xalqa dayaq olsun, Qələbəni yaxınlaşdırsın. Sənə tapşırılan vəzifə, sənə edilən əmanətdir. "Əmanətə xor baxan iki gözlərindən də kor qalar" - deyib atalar. Vəzifəyə şəxsi gəlir mənbəyi kimi baxanlar xalqa, onun etiqadına, imanına, inamına, Prezident etimadına xəyanət edənlərdir. Onlar qanunun bütün ali tələbləri ilə xalq qarşısında cavab verməlidirlər.
Ümummilli lider Heydər Əliyev qurub-yaratmaq eşqilə yanırdı. 70-ci illərdə deyirdilər hansı raykom katibi öz rayonunda abadlıqla məşğul deyilsə, o, Əliyevin nəzərindən düşür. Ancaq Heydər Əliyevin dövründə respublika büdcəsində kifayət qədər pul yox idi. SSRİ büdcəsinə on milyardlarla gəlir verən Azərbaycanın büdcə xərcləri Kreml tərəfindən təyin edilirdi. Ölkəyə hər il cəmi-cümlətanı 2 milyard rubl ayırırdılar. 70-ci illərdə respublika büdcəsini Heydər Əliyev 3-4 milyarda qaldıra bilmişdi.
İndi İlham Əliyevin tez-tez dediyi ən çox sevdiyim ifadə "Buna bizim maliyyə imkanlarımız yol verir" sözləridir. Bunu mən bu yaxınlarda "Xalq qəzeti"ndə çap olunmuş "Bayraq Meydanı" məqaləmdə də demişdim. Prezident düz deyir: "Məqsədimiz Azərbaycanı dünyanın ən öndə gedən ölkələri sırasına çıxarmaqdır". Öndə getmək, ilk növbədə, əlbəttə, xalqın gündəlik güzəranını daha da yaxşılaşdırmaq deməkdir. Doğrudan da, Azərbaycan son illərdə yüksək nüfuz qazanır. Aşağıdakılarla: səmaya çıxarılacaq Azərbaycan peyki, yerdə yaradılan və bizə hava-su kimi lazım olan hərbi sənaye potensialı, iqtisadi yüksəlişi, qurulan enerji mənbələri, yerin təkindəki təbii enerjinin diversifikasiyası, çəkilən neft, qaz boruları, şose, dəmir yol xətləri, alternativ enerji mənbələrinin yaradılması planları, yerlərdə içməli su, təbii qaz, elektrik işığı, asfalt yollar, körpülərlə... Hələ Bakıya Azərbaycanın dağ rayonlarından su gətirilməsi...
Bakıda fontan vurduğu gündən ilk dəfədir ki, neftimiz bizə işıq verir, təmiz su verir. Buludlarla döyüşən binalarda genişmənzilli evlər tikir, yol çəkir, körpü salır, lağım açır, metro yarır. Şamaxıda televizor zavodu, bilgisayar zavodu qurur. Ordumuza "İstiqlal" snayper silahı hazırlayır. Minik və ağır tonnajlı yük maşınları, traktor istehsal edir. Biz bunları nə vaxt görmüşdük ki?
Bir vaxt vardı Amerikada günlərim qara keçirdi. Azərbaycan əldən gedir deyə... İndi hər gün Azərbaycanda quruculuq yeniliklərini izləmək üçün ölkə TV-lərinin verilişlərini gözləyirəm. Mən indiki Azərbaycanı Prezident İlham Əliyev intibahının əsəri adlandırardım. Bütün bu yüksəliş iqtisadi ox üstündə, Prezidentin yeritdiyi ağıllı siyasət üstündə bərqərar olub. Azərbaycan da, onun xalqı da bugününə, sabahına arxayındır. Ölkə etibarlı əllərdədir. Azərbaycanda doğru deyirlər: "İlhamla ilhamlı sabaha doğru!"
{nl}
Tariyel AZƏRTÜRK, biokimya doktoru, "Azərbaycan Türk Azlıqlarını Tədqiq Edən Amerika - Azərbaycan Assosiasiyası"nın prezidenti
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.