Berlin Filarmoniyasında Respublika Günü münasibətilə konsert olmuşdur

Mayın 31-də Berlin Filarmoniyasının Böyük salonunda Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 93-cü ildönümü münasibətilə simfonik musiqi konserti olmuşdur. Konserti Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Dövlət Neft Şirkətinin dəstəyi, Azərbaycan Milli Musiqi Şurasının, Litvanın AFR-dəki səfirliyinin və Litva Milli Filarmoniyasının iştirakı ilə Azərbaycanın Almaniyadakı səfirliyi təşkil etmişdir. 
Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov qonaqları salamlayaraq bildirmişdir ki, 93 il əvvəl qurulmuş, dövrünün qadınlara siyasi hüquqlar verilməsi kimi ən qabaqcıl liberal ideyalarına söykənən Azərbaycan Xalq Cümhuriyyəti İslam və türk dünyasında ilk dünyəvi dövlət olmuşdur. 1991-ci ildə dövlət müstəqilliyini bərpa edən Azərbaycan bütün sahələrdə sürətli inkişaf imkanı əldə etmişdir. Bu dövr ərzində Azərbaycan siyasi və iqtisadi mövqelərini möhkəmləndirərək, regionun aparıcı ölkələrindən birinə çevrilmişdir. Son 10 ildə Almaniya və Azərbaycan arasında münasibətlər genişlənməyə başlamışdır. Həmin əlaqələrdə mədəniyyətin payı az deyildir. P.Şahbazov vurğulamışdır ki, Azərbaycan elə bir ölkədir ki, burada musiqi hər bir insanın həyatının bir parçasına çevrilmişdir. Azərbaycan nümayəndələrinin bu yaxınlarda "Eurovision" mahnı müsabiqəsində qələbəsi ölkəmizdə musiqinin nə dərəcədə sevildiyini, ona necə həssas bir münasibət bəslənildiyini və diqqət yetirildiyini göstərir. Bu gün Azərbaycan Almaniya ictimaiyyətinə öz klassiklərinin ölməz əsərlərini təqdim edir. Səfir konsertdə iştirak etdiklərinə görə musiqiçilərə minnətdarlığını bildirmişdir.
Qonaqları AFR xarici işlər naziri Kornelia Piper və Litvanın Almaniyadakı səfiri Mindauqas Butkus da salamlamışlar.
Dirijor Azad Əliyevin rəhbərliyi altında Litva Milli Simfonik Orkestri, solo ifaçılar Fərhad Bədəlbəyli (fortepiano) və Sergey Krılov (skripka) Üzeyir Hacıbəylinin "Koroğlu" operasından üvertüranı ifa etmişlər. Bundan əlavə, Fikrət Əmirovun "Azərbaycan kapriççiosu", Fikrət Əmirov və Elmira Nəzirovanın ərəb mövzularında orkestrlə fortepiano üçün konserti, Qara Qarayevin "İldırımlı yollarla" baletindən süita və fortepiano ilə orkestr üçün konserti səslənmişdir. Musiqiçilərin ifasından vəcdə gələn tamaşaçılar onları uzun müddət səhnədən getməyə qoymamışlar.
Konsertin sonunda qəbul olmuşdur.

{nl}

Vüqar SEYİDOV AzərTAc-ın xüsusi müxbiri
Berlin


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında