Tovuz Rayon İcra Hakimiyyəti gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi işində maraqlı təcrübə qazanmışdır
{nl}
2006-cı ildə onların sayı cəmi 7 nəfər idi. Bir il sonra dörd dəfə artaraq 28 nəfərə çatdı. Daha bir il də keçdi 38 nəfər oldu... Beləcə Tovuz rayonundan ali hərbi məktəblərə qəbul olunanların sayı ilbəil artmağa başladı. Hərbi liseylərə maraq göstərənlərin və qəbul olanların da sayı hamının diqqətini cəlb etdi. 2006-cı ildə 10 nəfər daxil olduğu halda keçən il bu rəqəm təxminən üç dəfə artaraq 29 nəfərə çatdı. Hazırda 2006-cı ildən bəri Tovuz rayonundan ali hərbi məktəblərə və liseylərə qəbul olunanların sayı 200 nəfərə yaxınlaşır. Yəqin ki, Azərbaycanın digər rayonlarının əksəriyyətində belə göstəriciyə həsəd aparırlar.
- Onların hansı ilə söhbət edirəm, deyir ki, mütləq general olacağam, deyə rayon icra hakimiyyətinin başçısı Tofiq Zeynalovun gülümsər çöhrəsi fərəhdən daha da işıqlanır, - hansı peşə olursa-olsun, ona bir maraq, istək olmalıdır. Bu gün hərbi məktəbdə oxuyan bir yeniyetmə sabahın generalı olmaq arzusuna düşürsə, demək, onun seçdiyi peşəyə məhəbbəti, vurğunluğu var. Bunlar öz yerində, amma yeniyetmə gənci istiqamətləndirmək, onda vətənpərvərlik hissini gücləndirmək olduqca vacibdir. Bu işdə təhsil ocaqlarının üzərinə böyük məsuliyyət düşür. Təbii ki, ayrı-ayrı strukturlar, o cümlədən rayon icra hakimiyyəti bu işi nəzarətə götürməli, onunla müntəzəm məşğul olmalı, konkret koməklik göstərməli, istiqamətləndirməlidir...
Rayon icra hakimiyyətinin başçısı bunları danışdıqca hiss edirsən ki, bütün varlığı ilə haqqında söhbət açdığımız mövzunun - hərbi vətənpərvərlik tərbiyəsinin incəliklərini dərindən bilir, ona gündəlik fəaliyyətinin ayrılmaz tərkib hissəsi kimi baxır.
Mövzu ilə bağlı ayrı-ayrı məktəblərdə, yaşayış yerlərində olarkən bir daha əmin olduq ki, Tovuzda valideynlərin böyük bir hissəsi övladlarının ali hərbi məktəblərə və liseylərə qəbul olunması üçün nəinki hədsiz maraq göstərir, həm də buna çalışırlar. Dəqiq desək, övladını gələcəyin zabiti görmək istəyənlər onun təkcə yaxşı qiymətlərlə oxumasını yox, həm də çox sağlam, yüksək fiziki hazırlıqlı olmasını istəyir və buna nail olmağa çalışır.
Görüşlər, yürüşlər, mükafatlar...
Rayon icra hakimiyyətinin başçısı Tofiq Zeynalov hərbi məktəblərdə oxuyanları, onların valideynlərini az qala adbaad tanıyır. Bilirsiniz niyə? Çünki tez-tez görüşür, problemləri, sağlamlıqları, fiziki hazırlıqları ilə maraqlanır, konkret köməkliklər göstərir. Rayon icra hakimiyyətində yaradılmış xüsusi komissiyanın hər bir üzvünün hesabatını dinləyir, məktəb rəhbərlərinə konkret tapşırıqlar verir və sair.
Rayon təhsil şöbəsinin əməkdaşları müntəzəm olaraq məktəblərdə monitorinqlər keçirir, onun nəticələri şura iclaslarında müzakirə edilir və konkret vəzifələr müəyyənləşdirilir. Yuxarı sinif şagirdlərinin yığıncaqlarına "N" saylı" hərbi hissənin əsgər və zabitləri dəvət olunur, maraqlı söhbətlər aparılır. Elə ay yoxdur ki, rayon icra hakimiyyətində hərbi-vətənpərvərlik mövzusu və ali hərbi məktəblərə, liseylərə tələbə hazırlığı ilə əlaqədar valideynlərlə, məktəb rəhbərləri, hərbi hazırlıq müəllimləri ilə görüşlər keçirilməsin, onlara dəyərli məsləhətlər, tövsiyələr verilməsin.
Bu məktəblərə sənəd verəcək şagirdlərin siyahısı əvvəlcədən dəqiqləşdirilir, onların valideynləri ilə görüşlər təşkil olunur, müvafiq izahat işləri aparılır. Şagirdlərin qəbul imtahanlarına daha yaxşı hazırlaşmaları üçün məktəblərdə əlavə məşğələlər təşkil edilir, onların rayon mərkəzindən "N" saylı hərbi hissəyə yürüşü keçirilir, qaliblər mükafatlandırılır.
Tovuzda bu istiqamətdə o qədər işlər görülür ki, onların hamısı haqqında danışmaq mümkün də deyil. Ali hərbi məktəblərə və liseylərə namizəd yeniyetmələrlə keçirilən hər bir görüş, yarış, sual-cavab gecələri, "Şahin" hərbi idman oyunları, kross qaçışları, mükafatlandırma mərasimləri və digər tədbirlər bu gün rayonda belə yüksək göstəricilərin əldə olunmasına imkan yaratmışdır.
Sizə sadaladığımız yalnız bu istiqamətdə aparılan işlərin qısaca, həm də natamam xronologiyasıdır. Rayon icra hakimiyyəti hər bir məktəblərə sənəd verməyə hazırlaşan hərbi gəncin hətta sağlamlıq haqqında arayışlarının, sənədlərinin toplanması qayğısına qalır. Məlumdur ki, bu məktəblərə yalnız ən sağlam uşaqlar qəbul olunur. Məsələn, bəzən həddindən artıq sağlam, lakin burun çəpərində azacıq əyriliyi olan yeniyetmənin qəbul imtahanlarınadək cərrahiyyə əməliyyatı olunmasını da nəzarətə alır, köməklik göstərir.
...Hərbi vətənpərvərlik tərbiyəsi işində rayonda fərqlənən məktəblər az deyil. Y.Sadıqov adına Bozalqanlı, C.Sadıqov adına Qədirli, Z.Məmmədov adına Sarıtala, N.Sadıqov adına Alakol, Azaflı kənd, C.Kazımov adına Qovlar qəsəbə orta məktəblərindən ali hərbi məktəblərə və C.Naxçıvanski adına hərbi liseyə daha çox məzun daxil olub.
Rayon Təhsil Şöbəsinin müdiri, respublikanın əməkdar müəllimi Şamil Alıyev deyir ki, hərbi-vətənpərvərlik tərbiyəsini günün tələbləri səviyyəsində qurmasaydıq, bu gün hərbi məktəblərdə təhsil alanlarımızın sayı elə 2006-cı ildəki kimi qalardı. İndi, görün neçə nəfər olub! Biz bu işi bir gün də olsun diqqətdən kənarda qoymayacağıq.
{nl}
Hamlet QASIMOV, "Xalq qəzeti"nin bölgə müxbiri
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.