Göygöl yeniləşir, gözəlləşir, yüksəlir

Gəncəbasarın dağ yamacları yenidən cənnətə dönüb. Göygöl rayonunun yeni bir axar-baxarlı, çal-çağırlı, zəhmətlə aşıb-daşan mövsümü başlanıb. Yamyaşıl taxıl zəmiləri, yeni salınan üzüm plantasiyaları, gül-çiçəyə bürünmüş otlaqlar, bara dolmaqda olan bağ-bağat, çəmənlərə yayılmış sürülər, naxırlar... Bunlar ilk baxışda diqqəti cəlb edən təbii mənzərələrdir. Bundan da önəmlisi insan əllərilə yaranan gözəlliklərin ulu təbiətlə, sanki, yarışa çıxması, birinin digərini tamamlamasıdır. 
Bakı - Qazax magistralından Göygöl şəhərinə dönən, Toğanadakı "Cənnətməkan" istirahət zonasına, dağlar mirvarisi Göygölə qədər uzanan asfalt yolla ötüb getmək bəsdir ki, son illərdə rayonda gedən sürətli abadlıq-quruculuq işlərinin miqyası və mahiyyəti ilə canlı ünsiyyətdə olasan. Ötən istirahət mövsümünün sonunda bu yerləri tərk edib gedənlər builki gəlişində gözlərinə inana bilmirlər. Yeni yollar, tikililər, hər addımda görünən abadlıq, səliqə-sahman... Bütün bunlar öz-özünə baş vermir. Bu genişmiqyaslı təzələnmə, regional inkişaf proqramının rayonda ardıcıl, dəqiq yerinə yetirilməsinin, yerli təşəbbüskarlığın, əlbir fəaliyyətin, öz bölgəsini ölkədə gedən tərəqqinin ön sırasına çıxarmaq əzminin nəticəsidir.
Rayona bu dəfəki səfərimizdə son vaxtlar baş vermiş yenilikləri öz gözlərimizlə gördük. Hər yerdə əli işdə olan, tikib-quran, məhsul becərən adamlarla görüşdük. Sonda Göygöl Rayon İcra Hakimiyyətində olduq. İnkişafın ümumi mənzərəsini, tərəqqinin kardioqramını ifadə edən fakt və rəqəmlərlə tanış olduq. Ötən illərdə əldə olunmuş sürət və dinamizm bu ilin əvvəlindən qorunub saxlanır, hətta bir sıra sahələrdə irəliləyiş də müşahidə olunur.
Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidov söhbətə bu yaxınlarda Danimarkada keçirilən y arışda 5 Göygöl yetirməsinin fəxri yerlər tutması ilə başladı. Öyrəndik ki, dünya çempionatında Fərman Rəhimov (85 kiloqram) və Musa Musazadə (60 kiloqram) birinci, Pənah Qurbanov (70 kiloqram) ikinci, Pərviz İsmayıvov (60 kiloqram) və Toğrul Alışanov (70 kiloqram) üçüncü yerləri tutmuşlar. Əlbəttə, belə yüksək göstərici aqrar bölgə üçün çox böyük, diqqətçəkən uğurdur. Müşahidələr də göstərir ki, idman, musiqi kimi sahələrdə hərtərəfli inkişafa nail olmqla irəli çıxmaq olur.
Başçı ilin əvvəlindən qazanılmış uğurlardan da iftixarla söz açdı, birinci rübünün göstəricilərini şərh etdi:
- Respublikada əldə olunan nailiyyətlər, Prezident İlham Əliyevin bölgələrin inkişafına göstərdiyi böyük diqqət Göygöl rayonunun da sosial-iqtisadi inkişafına öz müsbət təsirini göstərmişdir. Rayonda 2011-ci ilin I rübü ərzində 137 yeni iş yerləri açılmışdır, bunun da 126-sı daimidir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə iqtisadiyyatın əsas sahələrində istehsal olunmuş məhsul və xidmətlərin ümumi həcmi müqayisəli qiymətlərlə 23 milyon 852,7 min manata çatmışdır. Bunun 14 milyon 270,4 min manatı (59,8 faiz) istehsal sahələrinin, 9 milyon 582,3 min manatı ( 40,2 faiz) xidmət sahələrinin payına düşür. Rayon üzrə adambaşına 407,3 manat dəyərində, yaxud əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 17,7 faiz çox məhsul istehsal edilmişdir.
Aqrar sahənin inkişafına göstərilən dövlət dəstəyinin nəticəsi olaraq 2010-cu il ərzində dövlət büdcəsindən kənd təsərrüfatı məhsulları istehsalçılarına 577,6 min manat məbləğində yardım, 23 toxumçuluq təsərrüfatlarına istehsal etdikləri buğda toxumuna görə 286,4 min manat subsidiya verilmiş, bu da rayonda aqrar sahənin dinamik inkişafına səbəb olmuşdur. 2011-ci ilin məhsulu üçün 9057 hektar payızlıq, 277 hektar yazlıq səpin aparılmış, istehsalçılara 50 faiz güzəştlə 90 ton azot gübrəsi satılmışdır. Hazırda yazlıq səpin davam edir. Sahibkarlığın inkişafına da münbit şərait yaradılmışdır. Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına 2011-ci ilin I rübündə rayonda orta və kiçik sahibkarlıqla məşğul olan 3 nəfərə 40 min manat güzəştli kreditlər verilmişdir. Bu müddətdə 5 milyon 707,7 min manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilmişdir. Bunun 99,7 faizi qeyri-dövlət sektorunun payına düşür.
Rayonda heyvandarlıq da inkişaf etmişdir. İri malın sayı 19 min 882, davarın sayı isə 165 min 427 başa çatmışdır. Qarayara xəstəliyi əleyhinə heyvanlar arasında peyvəndləmə aparılmış, epizootik vəziyyət sabitdir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə süd istehsalı 39,2 ton, ət 28,6 ton, yumurta isə 6,8 min ədəd artmışdır.
Əkin sahələrini suvarma suyu ilə təmin etmək məqsədi ilə 91 subartezian quyusu cari təmir edilmişdir. Çaykənd nasos stansiyası əsaslı təmir olunaraq istismara verilmişdir. Daşqınların qarşısını almaq məqsədilə 54 min kubmetr həcmində çay məcrasında təmizləmə işləri aparılmışdır.
Rayonda mövcud olan 20 sənaye müəssisəsi 1 milyon 784,8 min manat dəyərində məhsul istehsal etmişdir. Sənayenin həcmində qeyri dövlət sektorunun xüsusi çəkisi 39,6 faiz olmuşdur.
Məlum olduğu kimi, Azərbaycanda şərabçılıq sənayesinin təməli 1860-cı ildə alman kolonistləri Förer qardaşları tərəfindən Göygöldə qoyulmuşdur. Hələ sovetlər dönəmində həmin müəssisənin istehsal etdiyi şərab və konyak məhsulları müxtəlif beynəlxalq sərgilərdə 18 qızıl, 17 gümüş, 2 bürünc olmaqla, 37 medala və bir sıra diplomlara layiq görülmüşdür. SSRİ-nin dağılması nəticəsində ölkə iqtisadiyyatını bürüyən xaos bu müəssisədən də yan keçməmişdir. Belə ki, 1433 hektar məhsuldar üzüm bağı tamamilə kəsilmiş, müəssisə keçmiş əlaqələrini tamamilə itirmişdi. 19 oktyabr 2001 - ci ildə ümummilli lider Heydər Əliyevin imzaladığı "Üzümçülük və şərabçılıq haqqında" qanundan sonra iqtisadiyyatın bu gəlirli sahəsi, sanki ikinci həyatını yaşamağa başladı. 4 mart 2008-ci ildə Möhtərəm Prezidentimiz İlham Əliyev müəssisənin açılış mərasimində iştirak edərək gördüyümüz işlərlə yaxından tanış oldu və öz tövsiyələrini verdi.
Hazırda Göygöl şərab zavodu əsaslı şəkildə rekonstruksiya edilmiş, müasir tələblərə cavab verən, keyfiyyətli spirtli içkilər istehsalını təmin edən, avtomatik iş rejimində işləyən avadanlıqlarla təchiz olunmuşdur. Dünyada məşhur olan "Madera" kaqor şərabları yetişdirmək və hazır şərabların işlənməsi üçün sexlər tikilmiş, konyak spirti istehsalı sexinin avadanlıqları və laboratoriya tamamilə yenidən qurulmuşdur. Keyfiyyətli spirt istehsal etmək üçün yeni qazanxana inşa edilmişdir. İtaliyadan hər birinin gücü saatda 6000 butulka olan 2 araqsüzmə xətti gətirilərək qurulmuşdur. Azərbaycanda analoqu olmayan, dərinliyi 15 metrə çatan 1875-ci ildə inşa olunmuş zirzəmi bərpa edilmişdir. Burada yüksək keyfiyyətli şampan şərabları istehsal olunur və markalı, kolleksiya şərablar hazırlanacaqdır. Son illər zavodda 700 nəfərə yaxın iş yeri açılmışdır ki, ondan da 550-si daimidir.
Keyfiyyətli şərab məhsulları istehsal etmək üçün, şübhəsiz, müasir üzüm sortları olmalıdır. Göygöl şərab zavodunun təxminən 600 hektar torpaq sahəsində Fransa və İtaliyadan gətirilən yüksək keyfiyyətli texniki üzüm sortları əkilmişdir və gələcəkdə üzümlüklərin artırılaraq 1000 hektara çatdırılması nəzərdə tutulur. Bu üzümlüklərin verdiyi məhsuldan isə dünyada ən məşhur şərablar hazırlanır.
Şərablarımız Ukrayna və Rusiyaya ixrac edilir və bir sıra xarici dövlətlərdən məhsullarımızın alışı ilə bağlı yeni təkliflər vardır. Artıq daxili bazara "Xan" adı altında bir neçə növ araq çıxarılır. Fransada keçirilmiş beynəlxalq dequstasiyanın nəticəsinə əsasən 3 adda araq 1 qızıl, 1 gümüş, 1 bürünc olmaqla 3 medal almışdır. Şirkət 2008-ci ildə III Beynəlxalq Keyfiyyət Assambleyasında "Qızıl keyfiyyət sertifikatı"na layiq görülmüşdür. 2010-cu ildə Moskvada keçirilən beynəlxalq müsabiqənin yekununa görə premium keyfiyyətli araqların içərisində bizim araq "İlin arağı" adına layiq görülmüş və qızıl medal almışdır. Son zamanlar Moskvada keçirilən beynəlxalq şərab müsabiqəsində 10 adda şərabımız 6 medal və 4 diploma layiq görülmüşdür. Odessada keçirilən dequstasiya müsabiqəsində 3 şərabımız qızıl, 2-si gümüş və 1-i bürünc medal almışdır.
Qarşıda görüləcək işlər çoxdur . Bu yaxınlarda sutkada 3000 dal " Lüks " spirti istehsal edən zavodun tikintisinə başlanacaq . Artıq zavodun avadanlıqlarının bir hissəsi gətirilmişdir.
Başçı digər sahələrdə qazanılan uğurlardan da danışaraq bildirdi ki, ticarətin bütün növləri üzrə pərakəndə əmtəə dövriyyəsinin həcmi I rübdə 2 milyon 875,2 min manat artaraq 25 milyon 775,2 min manata çatmışdır. Əmtəə dövriyyəsində ərzaq mallarının xüsusi çəkisi 62 faiz, qeyri ərzaq mallarının xüsusi çəkisi isə 38 faiz təşkil etmişdir. Poçt və rabitə müəssisələri idarə və təşkilatlara, eləcə də əhaliyə faktiki qiymətlərlə 132,6 min manatlıq xidmət göstərmişdir ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 1,4 min manat (1,1 faiz ) çoxdur. Cari ilin I rübündə rayon büdcəsinin mədaxili 747,8 min manat və ya 105,3 faiz, xərcləri 2 milyon 73 min manat və ya 119,7 faiz icra edilmişdir. Büdcə xərclərinin 85,8 faizi və ya 1 milyon 990,2 min manatı sosial yönümlü olmuşdur.
Əhalinin az təminatlı təbəqəsinin, sosial müdafiəyə ehtiyacı olan insanların maddi rifahının yaxşılaşdırılmasına diqqət daha da artırılmışdır. İlin I rübündə 841 ailəyə 286 min manat məbləğində ünvanlı sosial yardım verilmişdir. 8482 nəfərə 2 milyon 722,5 min manat məbləğində pensiya və müavinət ödənilmiş, orta aylıq pensiyanın məbləği 102,5 manat təşkil etmişdir. Əmək pensiyalarının sığorta hissəsi 2009-cu ilin istehlak qiymətləri indeksinə uyğun olaraq 5,7 faiz artırılmışdır ki, bu, 4338 nəfər əmək pensiyaçısına şamil edilmişdir.
Əhalinin məşğulluğunu təmin etmək və ehtiyacı olan vətəndaşların sosial müdafiəsini gücləndirmək məqsədilə 2011-ci ilin birinci rübündə 119 nəfər iş axtaran Məşğulluq Mərkəzində qeydiyyata alınmışdır. Onlardan 42 nəfəri münasib iş yerləri ilə təmin olunmuş, 9 nəfərə işsiz statusu verilərək müavinət təyin edilmişdir.
Rayonda olarkən öyrəndik ki, yeniyetmə və gənclərin hərbi vətənpərvərlik tərbiyəsi, istedadlı uşaqların üzə çıxarılması və onların hərtərəfli inkişaf etdirilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilmişdir. Rayon komandası "Cəsurlar" hərbi idman və turizm oyununun zona yarışında II yer, "Xəmsə" milli intellektual oyununun zona yarışında I yer tutmuşdur. Rayonda gənclərin həqiqi hərbi xidmətə çağırılması mütəşəkkil təşkil olunmuş, tapşırıq vaxtında yerinə yetirilmişdir.
2010-cu ilin yekunlarına dair rayon icra hakimiyyəti başçısının və icra nümayəndələrinin hesabat yığıncaqlarında təhsil, səhiyyə və mədəniyyət ocaqlarının, şəhərdaxili və kəndarası yolların təmir olunması, elektrik, qaz və su təchizatının, rabitə və poçt xidmətinin yaxşılaşdırılması barədə irəli sürülmüş təkliflərin, mövcud problemlərin icrasını təmin etmək məqsədilə müvafiq plan hazırlanmışdır. Bu tədbirlərin icrası ilə bağlı Göygöl şəhərinin A.Ələsgər küçəsində 360 metr, A.Şəmşir küçəsində 2200 metr su xətti çəkilmişdir. A.Ələsgər küçəsində 300 metr, kanalizasiya xətti istismara verilmiş, Hummel küçəsində kanalizasiya xəttinin çəkilişinə başlanılmışdır. Digər tədbirlərin icrası isə il ərzində həllini tapacaqdır. Rayonun 22 yaşayış məntəqəsində 9077 abonent təbii qazla təmin olunmuşdur. Qaz təchizatını yaxşılaşdırmaq məqsədilə 23,9 min manat dəyərində təmir-bərpa işləri aparılmışdır. Quşqara kəndində 4300 metr Qızılqaya qəsəbəsində 460 metr, Göygöl şəhərinin yeni salınmış yaşayış massivində 650 metr qaz xətti çəkilmişdir. Çaylı və Çaykənd kəndlərində mövcud qaz təsərrüfatı təmir edilərək işlək vəziyyətə gətirilmiş, 290 abonent təbii qazla təmin edilmişdir.
Göygöl şəhərinin sanitar təmizliyinə xüsusi diqqət yetirilərək küçələrdən məişət tullantılarının vaxtlı-vaxtında daşınması təmin edilmişdir. 2010-cu "Ekologiya ili"ndə həyata keçirilən tədbirlər bu il də davam etdirilir. Park və xiyabanlarda, yol kənarlarında 5 mindən çox müxtəlif növ ağac və bəzək kolları əkilmişdir.
Rayon ərazisində 2011-ci ilin birinci rübündə keçən ilin müvafiq dövrünə nisbətən 2 milyon 189,9 min manat çox olmaqla, 7 milyon 214,4 min manat əsas kapitala investisiya qoyulmuş, bunun da 6 milyon 777,9 min manatı tikinti-quraşdırma işlərinə yönəldilmişdir. Ölkədə avtomobil yolları şəbəkəsinin yenidən qurulması və bərpasına qoyulan investisiyalar hesabına hazırda tikintisi davam edən Yevlax - Gəncə avtomobil yolunun rayon ərazisindən keçən 38 kilometrlik hissəsində yenidənqurma və bərpa işləri aparılır.
Regionların sosial-iqtisadi inkişafı ilə bağlı ölkədə aparılan dövlət siyasətinin davamı olan 2009-2013-cü illər üzrə dövlət proqramında nəzərdə tutulmuş tədbirlərin icrası ilə bağlı bu il rayonda yeni idman kompleksinin, Qarabağ müharibəsi əliləri və şəhid ailələri üçün yeni 36 mənzilli yaşayış binasının, Yeni Qızılca kəndində orta məktəb binasının tikintisi uğurla aparılır. Gücü 35 kV-luq "Göygöl" yarımstansiyasının, 35 kV-luq ikidövrəli qidalandırıcı elektrik veriliş xəttinin tikintisi, "Göygöl-2" yarımstansiyasının yenidənqurma işlərinin aparılması, Göygöl şəhərinə Kürək çayından yeni magistral su kəmərinin, Samux rayonunun Alıuşağı qaz paylayıcı stansiyasından Hacıməlik qəsəbəsinə daşıyıcı magistral qaz kəmərinin çəkilişi davam etdirilmişdir. Göygöl şəhərində 10 kilometr açıq elektrik xətləri izolyasiyalı naqillərlə əvəz olunmuşdur. Mollacəlilli, Qızılca, Hacıməlik poçt şöbələri üçün yeni binalar tikmək məqsədilə hazırlıq işlərinə başlanılmışdır.
Vətəndaşların qəbul edilməsinə, onların ərizə və şikayətlərinə baxılmasına xüsusi diqqət yetirilmişdir. Qaldırılan məsələlər yerində araşdırılıb sakinlərin haqlı tələbləri öz həllini tapmışdır. Rayon İcra Hakimiyyəti Başçısı Aparatında vətəndaşların təsdiq olunmuş qrafik əsasında, elan edilmiş günlərdə və saatlarda qəbul edilməsi müntəzəm olaraq təşkil edilmişdir.
Göründüyü kimi, bu gün Göygöl rayonunda həyatının bütün sahələrində ciddi uğurlar qazanılır. Həyata keçirilən məqsədyönlü, ardıcıl tədbirlərin hədəfi aydındır: həyatı gözəlləşdirmək, rifahı yüksəltmək. Göygöllülərin bu yöndə nailiyyətləri göz qabağındadır. Rayon əhalisi ölkədə gedən yenilşmə və tərəqqinin ön mövqelərinə çıxmaq üçün aydın, dəqiq proqram əsasında fəaliyyət göstərir, sabaha daha böyük inam və arzularla addımlayır.

{nl}

Tahir AYDINOĞLU, Ziyəddin SULTANOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında