Səlim Müslümov: Azərbaycan özünü dünyaya sosial dövlət kimi təqdim edir

Yeni Azərbaycan Partiyası və Dövlət Sosial Müdafiə Fondunun birgə təşkilatçılığı ilə "Pensiya təminatında vahid prinsipin tətbiqi islahatların yeni mərhələsidir" mövzusunda dəyirmi masa keçirilib.
"Azadinform"un məlumatına görə, tədbirdə YAP sədrinin müavini və icra katibi Əli Əhmədov, Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli, Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə, AMEA İqtisadiyyat İnstitutunun elmi katibi Rəsmiyyə Abdullayeva çıxış ediblər.
DSMF sədri Səlim Müslümov Azərbaycanda mövcud sığorta-pensiya sistemi və bu istiqamətdə aparılan islahatlarla bağlı məlumat verib. O vurğulayıb ki, Azərbaycanda islahatlar digər keçid dövrü ölkələrində olduğu kimi, "şok" effekti ilə deyil, əvvəlki sistemlə əhatə olunmuş insanların davamlı sosial müdafiə tədbirləri vasitəsilə yeni şəraitə mərhələlərlə tam inteqrasiyası yolu ilə reallaşdırılıb: "Ölkəmizdə 2006-cı ildən tətbiq olunan sığorta-pensiya modeli müasir sığorta-pensiya sistemləri üzrə ən mühüm elementləri özündə birləşdirir və nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir. Sığorta-pensiya modeli sosial sığorta, fərdi uçot və pensiya təminatı sahəsindəki funksiyaların bir-birini tamamladığı vahid mexanizm kimi fəaliyyət göstərməkdədir. Ötən 5 ildə Azərbaycan Respublikası Prezidenti tərəfindən yaşa görə əmək pensiyasının baza hissəsinin artırılması ilə bağlı 7, sığorta hissəsinin indeksləşdirilməsi ilə bağlı 5 sərəncam verilib. Nəticədə yeni sistem fəaliyyətə başladığı dövrdən bugünədək əmək pensiyalarının minimum məbləği 3,4 dəfə, orta aylıq məbləği isə 4 dəfə artmışdır".
DSMF sədri qeyd edib ki, hazırda ölkə üzrə pensiyanın orta aylıq məbləği 115 manat təşkil edir. O cümlədən, yanvar 2006-cı ilədək pensiyaya çıxanlar üzrə bu göstərici 102 manat, yanvar 2006-cı ildən yanvar 2010-cu ilədək pensiyaya çıxanlar üzrə 122 manat, yanvar 2010-cu ildən sonra pensiyaya çıxanlar üzrə 150 manatdır. "Azərbaycanda yeni sığorta-pensiya sisteminə keçidin xarakterik xüsusiyyətlərindən biri əvvəlki sistemlə əhatə olunmuş insanların da bu sistemə eyni şərtlərlə transfert olunmasıdır" deyən fond sədri nəzərə çatdırıb ki, bu məsələ Dövlət Proqramında öz əksini tapıb: "Həyata keçirilən islahatlara uyğun olaraq yeni pensiya təyinatında tətbiq olunan qaydalar əsasında 2006-cı ilə qədər qazanılmış bütün pensiya hüquqlarının yenidən hesablanması nəzərdə tutulur. Belə ki, 2006-cı ilin 1 yanvarınadək olan iş stajının hər ili üçün 170 manat pensiya kapitalı verilir. Sonra həmin kapital qanunvericiliklə müəyyən olunmuş gözlənilən pensiya ödənişi müddətinə, yəni 144 aya bölünür, alınan məbləğə 2006-2010-cu illərin inflyasiya faizi tətbiq edilməklə hər il üçün 1,94 manat pensiyanın sığorta hissəsi təyin olunur. Hesablamalarımıza əsasən, 845 min nəfərin pensiyası orta hesabla 40 faiz artacaq və bu tədbirin illik maliyyə yükü 390 mln. manat, 2011-ci ilin 6 ayında isə 195 mln. manat təşkil edəcək. Hazırkı anlamda minimum pensiya alma halı aradan qaldırılacaq". S.Müslümov konkret misallar çəkərək bildirib ki, məsələn, yaşa görə 1995-ci ildə pensiyaya çıxmış və ümumi stajı 38 il olan təhsil işçisinin pensiyası 85 manatdan 158,72 manata (Staj 38 il x1,94=73,72; 73,72 +85=158,72 manat) çatacaq. Yaxud yaşa görə 1993-cü ildə pensiyaya çıxmış ümumi stajı 40 il olan səhiyyə işçisinin pensiyasının məbləği 85 manatdan 162,60 manata (Staj 40 il x1, 94=77,60; 77,60 +85=162,60 manat), yaşa görə 1992-ci ildə pensiyaya çıxmış ümumi stajı 44 il olan kitabxana işçisinin pensiyanın məbləği 85 manatdan 170,36 manata (Staj 44 il x1,94=85,36; 85,36 +85 =170, 36 manat) çatdırılacaq.
Qeyd olunan tədbirin reallaşdırılması ilə Azərbaycanda əhalinin pensiya təminatı vahid sistem əsasında həyata keçiriləcək.
DSMF sədri vurğulayıb ki, hazırda pensiyaların orta həcmi əməkhaqqının orta həcminin 40 faizini təşkil edir. Bu da onu göstərir ki, Azərbaycan özünü dünyaya sosial dövlət kimi təqdim edir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında