Daxili İşlər Nazirliyinin və digər hüquq-mühafizə orqanlarının cinayətkarlığa qarşı həyata keçirdikləri birgə mübarizə sayəsində ictimai təhlükəsizliyin təmin edilməsində uğurlu nəticələr əldə olunmuşdur

İyunun 1-də Daxili İşlər Nazirliyində (DİN) mülkiyyət əleyhinə törədilən cinayətlərin qarşısının alınması və açılması sahəsində görülən işlərin və Azərbaycan Prezidentinin fərman, sərəncam və tapşırıqlarının icrasının vəziyyətinə həsr olunmuş geniş kollegiya iclası keçirilmişdir.
DİN-in mətbuat xidmətindən bildirmişlər ki, daxili işlər naziri, general-polkovnik Ramil Usubov müzakirəyə çıxarılan hər iki məsələnin aktual olduğunu, fəaliyyətin mühüm istiqamətlərini əhatə etdiyini, habelə cari ilin ötən müddətində digər hüquq-mühafizə orqanları ilə birgə cinayətkarlığa qarşı mübarizədə və ictimai təhlükəsizliyin təmin edilməsində uğurlu nəticələrin əldə olunduğunu, əvvəlki dövrlərin müsbət meyillərinin qorunub-saxlanıldığını, kriminogen durumun tam nəzarətdə olduğunu bildirmişdir.
Azərbaycan Prezidentinin daxili işlər orqanlarının ölkədə ictimai asayişin qorunmasında, cinayətkarlıqla mübarizənin səmərəli təşkilində, insan və vətəndaş hüquq və azadlıqlarının təminində mühüm rolunu, fədakar xidmətini hər zaman yüksək qiymətləndirdiyini xatırladan Ramil Usubov xidməti fəaliyyətin beynəlxalq standartlara uyğun qurulması, maddi-texniki bazanın möhkəmləndirilməsi, şəxsi heyətin sosial müdafiəsinin yaxşılaşdırılması üçün dövlətimizin başçısı tərəfindən bütün zəruri tədbirlərin görüldüyünü, hər bir əməkdaşın bu ali diqqəti öz üzərində hiss etdiyini, həmçinin son dövrlər daxili işlər orqanları üçün müxtəlif təyinatlı obyektlərin tikilərək istifadəyə verilməsini yüksək qayğının bariz nümunəsi olduğunu vurğulamışdır.
Nazir demişdir ki, cinayətkarlığa qarşı mübarizədə həyata keçirilən tədbirlər çərçivəsində mülkiyyət əleyhinə törədilən cinayətlərin açılması üzrə əməliyyat-xidməti fəaliyyətin təkmilləşməsi, orqan və hissələr arasında qarşılıqlı əlaqələrin daha da möhkəmləndirilməsi mühüm əhəmiyyət kəsb etdiyindən müvafiq sahədə fəaliyyət gündəlik nəzarətdə olmuş, kollegiya iclaslarının və əməliyyat müşavirələrinin müzakirəsinə çıxarılaraq bir sıra zəruri qərarlar qəbul edilmişdir.
Gündəlikdəki ikinci məsələ barədə danışarkən R.Usubov diqqətə çatdırmışdır ki, ölkədə sosial, iqtisadi, siyasi, elm, mədəniyyət və digər sahələrdə əldə olunmuş nailiyyətlərdə, daxili və xarici siyasətin milli maraqlara uyğun uğurla aparılmasında, qanunçuluğun, asayişin, insan hüquq və azadlıqlarının etibarlı təminatında, bütövlükdə dövlət idarəçiliyinin həyata keçirilməsində Azərbaycan Prezidentinin fərman, sərəncam və tapşırıqlarının icrası müstəsna əhəmiyyət kəsb edir.
Onların vaxtında və keyfiyyətlə yerinə yetirilməsi dövlət orqanları qarşısında duran ən vacib məsələlərdəndir və bu işin təşkilinə görə hər bir rəhbər vəzifəli şəxs fərdi məsuliyyət daşıyır.
Dövlət başçısının "İcra intizamının möhkəmləndirilməsi və icraya nəzarətin təşkilinin təkmilləşdirilməsi tədbirləri haqqında" 2006-cı il tarixli Fərmanından irəli gələn bu tələb baxımından DİN-də səmərəli və işlək nəzarət mexanizmi yaradılaraq xidməti və icra intizamının möhkəmləndirilməsinə tələbkarlıq artırılmışdır. Bu prosesin 2008-ci ilin oktyabr ayından başlayaraq, "Elektron sənəd dövriyyəsi" sisteminin tərkib hissəsi olan "Elektron kargüzarlıq" vasitəsilə aparılması sənədlərin operativ məruzə olunmasına, vaxtında icrasına, məlumatların təhlükəsizliyinin təmin edilməsinə, tapşırıqların tam həcmdə, keyfiyyətli yerinə yetirilməsinə şərait yaratmışdır.
Hər bir orqan rəisinin gündəlik fəaliyyətində, idarəçilik qərarlarının qəbulunda Prezident İlham Əliyevin imzaladığı fərman və sərəncamların, verdiyi tapşırıqların həlledici əhəmiyyət daşıdığını diqqətə çatdıran Ramil Usubov hər iki məsələ ilə bağlı müsbət işlərin görüldüyünü, eyni zamanda, müəyyən nöqsan və çatışmazlıqların da mövcud olduğunu qeyd etmişdir.
Gündəlikdəki birinci məsələ barədə məruzə ilə Baş Cinayət-Axtarış İdarəsinin rəisi, polis general-mayoru Emin Şəkinski çıxış etmişdir. O demişdir ki, son üç ildə mülkiyyət əleyhinə cinayətlərdən olan şəxsi əmlak oğurluqlarının, quldurluq və soyğunçuluqların qarşısının alınması və açılmasına həsr olunmuş kollegiya iclasları, habelə xüsusi əməliyyat müşavirələri keçirilmişdir. Bu istiqamətdə idarəçilik və təşkilatçılıq işinin yaxşılaşdırılması, ağır və xüsusilə ağır cinayətlər törətmiş cinayətkar qrup və dəstələrin vaxtında zərərsizləşdirilməsi, əməliyyat mövqelərinin möhkəmləndirilməsi ilə bağlı nazirlik tərəfindən zəruri tədbirlər görülmüş, yerlərə praktiki kömək göstərilmişdir. Nəticədə Yevlax, Şəki, Goranboy, Abşeron, Ağdam, Hacıqabul, Salyan, Nizami, Binəqədi, Yasamal, Qaradağ şəhər, rayon polis orqanları ilə birgə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə mülkiyyət əleyhinə 1290 cinayət törətmiş 497 cinayətkar qrup və dəstə zərərsizləşdirilmişdir. Həmçinin Yevlax, Şəki, Oğuz, Qax, Bərdə və digər rayonlarda qeydə alınmış 45 mal-qara oğurluğunun, rabitə və elektrik kabellərinin, neft borularının talanması ilə bağlı 45, liftlərin ehtiyat hissələrinin oğurlanması ilə əlaqədar 32 cinayətin, yanacaqdoldurma məntəqələrinin operatorlarına qarşı edilmiş 38 soyğunçuluğun üstü açılmışdır.
Müvafiq əməliyyat planlarının vaxtında tətbiqi nəticəsində 16 quldurluq, 13 soyğunçuluq, 41 oğurluq, 126 nəqliyyat vasitəsinin qaçırılması cinayətlərini törətmiş şəxslər qısa müddətdə müəyyən edilərək məsuliyyətə cəlb edilmişlər. Bildirilmişdir ki, bütövlükdə son 1 il 3 ayda qrup halında 1365 mülkiyyət əleyhinə cinayət törətmiş 1281 şəxs müəyyən olunmuş, axtarışda olan 763 nəfər tutulmuşdur.
Gündəlikdəki ikinci məsələ ilə əlaqədar DİN-in Katibliyinin rəisi, polis general-mayoru Nazim Əliyev çıxış etmişdir. Məruzəçi qeyd etmişdir ki, 2008-ci ilin əvvəlindən bu ilin iyun ayınadək daxil olmuş 363 fərman, sərəncam və tapşırıqdan irəli gələn vəzifələrin icrası nəzarətə götürülmüşdür. Onlardan 79-u nazirliyin normativ hüquqi aktlarının qanunvericiliyə uyğunlaşdırılması, 65-i tapşırılmış vəzifələr üzrə zəruri tədbirlərin görülməsi ilə əlaqədar, daha 219-u məlumat xarakterli olmuşdur. Fərman, sərəncam və tapşırıqlar çərçivəsində həyata keçirilən tədbirlər fəaliyyətin beynəlxalq standartlara uyğun, qabaqcıl təcrübə əsasında qurulmasına şərait yaratmışdır. Bu mənada, "Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyanın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 iyul tarixli sərəncamı böyük əhəmiyyət kəsb etməklə nazirlik tərəfindən hər il üzrə ayrıca hazırlanıb icraya yönəldilən xüsusi plan əsasında yerinə yetirilmişdir.
Milli Strategiyanın icra olunduğu dövrdə nazirliyə 137 mindən çox, o cümlədən vətəndaşların daxili nəzarət orqanlarına birbaşa müraciətləri üçün şəraitin yaradılması tədbirinə uyğun olaraq Daxili Təhqiqatlar İdarəsinə 3182 ərizə daxil olmuşdur. Müraciətlərin yalnız 1 faizi əməkdaşların korrupsiya ilə əlaqədar hüquqpozmalara yol verməsi ilə bağlı olmuşdur. Aparılmış araşdırmalarla vətəndaşlardan pul almağa cəhd göstərdiklərinə görə 26 fakt üzrə 71 əməkdaş xidmətdən xaric edilmiş, 11 nəfər tutduğu vəzifədən azad olunmuş, 22 nəfər cəzalandırılmış, 8 material hüquqi qiymət verilməsi üçün prokurorluq orqanlarına göndərilmişdir.
Hazırda "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Azərbaycan Prezidentinin 2011-ci il 23 may tarixli Fərmanına uyğun olaraq, DİN-in internet saytında elektron xidmətlər göstərilməsi üçün xüsusi elektron xidmət bölməsinin yaradılması, həmin bölmədə göstərilən xidmətin adının, bununla bağlı tələb olunan sənədlərin (ərizə, blank və s.) elektron formasının yerləşdirilməsi, müraciət edən şəxslər tərəfindən müəyyən edilmiş qaydada doldurulmuş ərizə və tələb olunan sənədlərin skan edilmiş surətlərinin elektron formada qəbulu, bu haqda təşəbbüskarlara təsdiqetmə bildirişinin göndərilməsi; göstərilən xidmətlərə görə nəzərdə tutulan rüsumların və digər ödənişlərin real vaxt rejimində elektron formada ödənilməsi, aparılan əməliyyatların və fərdi məlumatların təhlükəsizliyinin təmini və digər istiqamətlərdə zəruri tədbirlər həyata keçirilir.
Qeyd edilmişdir ki, fəaliyyətdə mühüm rolu olan "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli Sərəncamının icrası üzrə tədbirlər də ardıcıllıqla yerinə yetirilir.
Bu baxımdan, polisə gətirilmə, saxlanılma və məsuliyyət tədbirlərinin tətbiqi prosesində qanunçuluğun, insan hüquq və azadlıqlarının təmin edilməsi məsələsi gündəlik nəzarətdə olmaqla 2008-2010-cu illər ərzində insan və vətəndaş hüquqlarının pozulması ilə bağlı aşkarlanmış 437 fakta görə 685 əməkdaş barəsində ciddi intizam tənbehi tədbirləri görülmüş, o cümlədən 34 nəfər xidmətdən xaric olunmuşdur.
Vətəndaşların qəbulu və müraciətlərinə baxılması kimi mühüm vəzifələrin icrası "Azərbaycan Respublikasında sosial iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında" Prezidentin 2003-cü il 24 noyabr tarixli Fərmanından irəli gələn tələblərə uyğun təşkil edildiyini vurğulayan polis general-mayoru N.Əliyev 2008-2010-cu illərdə və cari ilin ötən dövründə DİN rəhbərliyi tərəfindən paytaxtda və ayrı-ayrı regionlarda 550-dən çox vətəndaşın qəbul edildiyini, "Qaynar xətt"ə və elektron poçt ünvanına daxil olan 9 minə yaxın müraciətə baxıldığını, bütün ərizə və şikayətlərin nəzarətə götürülərək böyük əksəriyyətinin müsbət həll olunduğunu, vətəndaşlara ətraflı yazılı cavabların verildiyini diqqətə çatdırmışdır.
Hər iki məruzə üzrə görülmüş işlər, qarşıda duran vəzifələr, mövcud nöqsan və çatışmazlıqlar və onların aradan qaldırılması yolları ilə bağlı müzakirələr aparılmışdır.
İclasa yekun vuran general-polkovnik Ramil Usubov son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən inkişaf prosesində daxili işlər orqanlarının yaxından iştirak etdiyini, cinayətkarlıqla mübarizədə, insan hüquq və azadlıqlarının, ictimai asayişin, əmin-amanlığın etibarlı şəkildə qorunmasında şəxsi heyətin peşəkar, sədaqətli xidmətinin dövlətimizin başçısı tərəfindən dəfələrlə yüksək qiymətləndirildiyini bir daha xatırlatmışdır. Bildirilmişdir ki, ölkəmizin ilbəil artan iqtisadi qüdrətinin başlıca şərti olan dayanıqlı sabitliyin və əmin-amanlığın bundan sonra da nümunəvi təmin edilməsi sahəsində daxili işlər orqanlarının üzərinə məsul vəzifələr düşür.
Nazir gündəlikdəki məsələlər üzrə görülən işlərin bütövlükdə qənaətbəxş olduğunu, eyni zamanda, bəzi ərazi orqanlarında müəyyən nöqsan və çatışmazlıqların mövcudluğunu qeyd edərək müvafiq istiqamətlərdə qısa müddətdə əsaslı dönüş yaradılmasını tələb etmiş, konkret tapşırıq və tövsiyələrini vermişdir. O, xüsusilə vurğulamışdır ki, Azərbaycan Prezidentinin imzaladığı normativ hüquqi aktlardan, ayrı-ayrı müşavirələrdə verdiyi tapşırıqlardan irəli gələn vəzifələrin icrası nazirlik sistemində, onun təşkilati strukturları olan polis orqanlarında və Daxili Qoşunlarda beynəlxalq standartlara uyğun islahatların aparılmasını, fəaliyyətin müasir tələblər səviyyəsinə yüksəldilməsini, normativ hüquqi bazanın təkmilləşdirilməsini, vətəndaşların müraciətləri ilə bağlı məsələlərin, o cümlədən informasiya əldə etmək imkanlarının genişləndirilməsini, şəxsi heyətin xidmət şəraitinin, sosial müdafiəsinin yaxşılaşdırılmasını, təlim və tədris keyfiyyətinin artırılmasını, orqan və hissələrin maddi-texniki təchizatının gücləndirilməsini şərtləndirmişdir. Bütün bunlar isə asayişin təmin olunmasının, vətəndaşlarla münasibətlərin, onlara xidmətin, ümumən sosial funksiyaların maksimal səmərəli modelini yaratmağa imkan vermişdir. Eyni zamanda, son məqsəd olaraq dövlətimizin və cəmiyyətimizin təhlükəsizliyinin möhkəmlənməsinə xidmət etmiş və bu gün də xidmət etməkdədir.
Daxili işlər naziri əmin olduğunu bildirmişdir ki, şəxsi heyət cinayətkarlığa qarşı qətiyyətli mübarizə, ictimai asayişin təmini sahəsində qanunla müəyyən edilmiş vəzifələri, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən qarşıya qoyulan bütün tapşırıqları bundan sonra da əzmlə yerinə yetirəcək, ölkə iqtisadiyyatının dinamik inkişafının əsas şərtlərindən olan sabitliyin, əmin-amanlığın, habelə dövlətin və vətəndaşların qanuni mənafelərinin hüquqazidd əməllərdən etibarlı qorunması üçün qüvvə və bacarığını əsirgəməyəcəkdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında