Ədliyyə orqanlarında müasir texnologiyaların tətbiqi diqqət mərkəzindədir

Ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə iyunun 1-də nazirliyin kollegiya iclası keçirilmişdir.
Nazirliyin mətbuat xidmətindən bildirmişlər ki, iclasda əvvəlcə, ulu öndər Heydər Əliyevin humanizm ideyalarına daim sadiq qalan Prezident İlham Əliyevin mayın 26-da imzaladığı və 90 nəfərə şamil olunmuş Əfv Sərəncamının nazirliyin rəhbər şəxslərinin, ombudsmanın, ictimaiyyət və KİV nümayəndələrinin iştirakı ilə təxirə salınmadan və mütəşəkkil qaydada icra olunduğu vurğulanmışdır. Qeyd olunmuşdur ki, əfv edilmiş şəxslər və yaxın qohumları bu növbəti humanist addımı yüksək qiymətləndirərək dövlət başçısına dərin minnətdarlıqlarını bildirmişlər. Bütövlükdə ölkəmizdə qəbul edilmiş 49 əfv aktı 5200-dən çox şəxsi əhatə etmişdir.
Kollegiyada Azərbaycan Prezidentinin dövlət orqanlarında elektron xidmətlərin göstərilməsinə dair 2011-ci il 23 may tarixli Fərmanının icrası müzakirə olunmuş, müasir elektron sistemlərin tətbiqinin genişləndirilməsi, internet saytda elektron xidmətlərlə bağlı xüsusi bölmənin yaradılması, xarici ölkələrin təcrübəsinin öyrənilməsinə dair işlər qeyd olunmuş, əlavə tapşırıqlar verilmişdir.
Sonra ədliyyə orqanlarında tətbiq olunması üçün proqramlaşdırılmış elektron xidmətlər köşkünün təqdimatı olmuşdur. Bu köşk vasitəsilə notariat, vətəndaşlıq vəziyyəti aktları və qeyri-kommersiya hüquqi şəxslərin qeydiyyatı qaydalarına dair məlumatların dərhal əldə olunması, bütün növ ödənişlərin elektron qaydada aparılması, nazirliyin qaynar xəttinə və elektron poçtuna birbaşa müraciətlərin edilməsi mümkün olacaqdır. Bununla da şəffaflığın artırılmasına və korrupsiyaya şərait yaradan halların aradan qaldırılmasına, inzibati işçilərlə bilavasitə təmasın minimuma endirilməsinə, habelə vətəndaşlara göstərilən hüquqi xidmətlərin keyfiyyətinin yüksəlməsinə nail olunacaqdır.
İclasda həmçinin, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin gələcəyinə dair ötən ay Avropa ədliyyə nazirlərinin konfransında qəbul olunmuş İzmir Bəyannaməsinin implementasiyası müzakirə olunmuşdur. Avropa Məhkəməsinin fəaliyyətində çətinliklər, müraciətlərin sayının kəskin artaraq 140 minə çatması və onların baxılması üçün uzun illərin tələb olunması qeyd edilmişdir. Azərbaycandan daxil olan ərizələrin sayı Avropa üzrə orta rəqəmdən 2 dəfə az olsa da, ölkəmizdə ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına dair əlavə tədbirlərin görüləcəyi bildirilmişdir.
Kollegiyada dövlətdaxili müdafiə vasitələrinin gücləndirilməsi, məhkəmə qərarlarının icrası işinin təkmilləşdirilməsi, Avropa Məhkəməsi presedent hüququnun tətbiqi və bu barədə maarifləndirmənin genişləndirilməsi və s. tədbirlər müəyyən olunmuş, zəruri tapşırıqlar verilmişdir.
Eyni zamanda, cəmiyyətdə aktual olan digər məsələ - Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli Qərarı ilə təsdiq edilmiş adın və soyadın verilməsi və dəyişdirilməsi haqqında Qaydaların tətbiqindən irəli gələn vəzifələr müzakirə olunmuş, konkret göstərişlər verilmişdir.
Kollegiyada bir sıra qeyri-kommersiya hüquqi şəxslər dövlət qeydiyyatına alınmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında